Bu gün Azərbaycanın üç idmançısı və 3×3 basketbol millisi Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında çıxış edəcək.
QİA.az-ın məlumatına görə, ilk olaraq cüdoçu Elcan Hacıyev tatamiyə çıxacaq.
Belə ki, 90 kq çəki dərəcəsində yer alan Avropa çempionu Türkiyə təmsilçisi Mixael Zqankla üz-üzə gələcək.
Akademik avarçəkmə üzrə yığmamızın üzvü Diana Dımçenko 6-12-ci yerlər uğrunda yarışacaq.
Badmintonçu Edi Reski Dviçayo E qrupundakı ikinci görüşündə danimarkalı Anders Antonsenin müqavimətini qırmağa çalışacaq. Təmsilçimiz ilk görüşündə avstriyalı Kollins Filimonu üstələyib.
Son olaraq Azərbaycanın qadınlardan ibarət 3×3 basketbol millisi ABŞ seçməsi ilə qarşılaşacaq. Komandamız ötən gün ilk matçında İspaniyaya məğlub olub – 16:18.
Triatlonçumuz Rostislav Pevtsovun çıxışı isə Sena çayında suyun keyfiyyətininn aşağı olması səbəbindən növbəti dəfə təxirə salınıb.
Qeyd edək ki, Paris-2024 avqustun 11-də başa çatacaq. Hələlik cüdoçu Hidayət Heydərov (73 kq) qızıl medal əldə edib.