Paris-2024 Olimpiya Oyunlarına gəlmiş Böyük Britaniya nümayəndə heyətinin bəzi idmançıları Olimpiya kəndində qida qıtlığı ilə üzləşdiklərini və yeməkxanada heç nədən razı olmadıqlarını bildiriblər.
QİA.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu haqda “The Times” yazıb və Olimpiya kəndi yeməkxanasının bəzi idmançılar üçün gərginlik və hətta qəzəb mənbəyi olduğunu vurğulayıb. “The Times”ın bu xəbəri ilə bağlı BFM televiziya kanalında da məlumat verilib. “L’Equipe” idman mətbuat orqanı da Olimpiya kəndinin yeməkxanasında qida çatışmazlığı ilə üzləşdiyindən yazıb.
Qidanın miqdarı ilə bağlı da çox sayda şikayət olduğu bildirilir. Qeyd olunur ki, ən çox şikayətlənən britaniyalı idmançılardır. Atletlər yumurta və toyuq əti rasionunun qənaətbəxş olmadığı qənaətindədirlər. Mal ətinin bişirilməsindən də şikayətlər çoxdur.
“Times”da bildirilir ki, Britaniya nümayəndə heyətinin rəhbəri Endi Anson Olimpiya kəndində təklif olunan yeməklərin uyğun olmadığını hesab edir və radikal təkmilləşdirməyə çağırır. Bildirilir ki, hətta Britaniyadan aşpaz gətirilməsi ilə bağlı fikirlər yayılıb.
Paris-2024 Olimpiya Oyunları elə ilk gündən tənqid və şikayətlərlə üzləşib. Açılış mərasimindən əvvəl keçirilmiş Argentina-Mərakeş futbol matçından sonra argentinalı məşqçi Javier Maskerano “Bu, həyatımda gördüyüm ən böyük sirkdir” deyə sosial şəbəkə hesabında paylaşım edib.