Azərbaycanlı Tələbələr və Məzunlar Platforması (ASAP) və Azərbaycan-Fransa Məzunlar Birliyinin təşkilatçılığı ilə “Parisdə 1-ci şəbəkələşmə” tədbiri keçirilib.
Azərbaycanın Fransadakı səfirliyi və Azərbaycan Respublikası Gənclər Fondunun dəstəyi ilə baş tutan tədbirdə Fransadakı səfirimiz Leyla Abdullayeva çıxış edib. Azərbaycanın beynəlxalq və regional münasibətlərdəki rolundan danışan səfir bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə regionun lider ölkəsi olan Azərbaycanın beynəlxalq nüfuzu daha da artıb və bu gün qlobal dialoqda fəal iştirak edir.
Səfir Azərbaycanın bir çox beynəlxalq təşkilatlara sədrliyindən danışıb, müstəqilliyini bərpa etdiyi bu qısa müddətdə ölkəmizin əldə etdiyi böyük nailiyyətlərdən bəhs edib. Azərbaycanın ərazi bütövlüyünü və bütün ərazisi üzərində suverenliyini bərpa etdiyini bildirən səfir vurğulayıb ki, Azərbaycan regionda ən böyük inkişaf potensialına malik, eləcə də müstəqil siyasət aparan ölkədir. O, ölkəmizin çox həssas bir geosiyasi məkanda yerləşdiyini diqqətə çatdırıb.
Azərbaycan dövlətinin gənclər siyasətindən söz açan Leyla Abdullayeva əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş gənclər siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayıb. Bildirib ki, söhbət gənclikdən və gənclərdən gedəndə ilk qeyd olunan təhsildir: “Təhsil dövlətimiz üçün əsas prioritetlərdəndir. Çünki təhsilli, müxtəlif sahələrdə biliklərə malik insanlar həm ölkənin, həm də özlərinin inkişafına töhfə verir”.
Səfir Azərbaycan-Fransa əlaqələrindən, beynəlxalq təhsil sferasının inkişafından və gənclərimizin xaricdə təhsil zamanı birliyinin önəmindən söz açıb.
Tədbirdə Fransada təhsil, təmsilçilik, yerli icmalarla əlaqələrin qurulması, magistr, doktorantura təhsili zamanı yaranan çətinliklər və ASAP, onun fəaliyyəti, Fransada keçiriləcək layihələrlə bağlı fikir mübadiləsi aparılıb. Azərbaycanlı gənclərin təhsil aldıqları zaman yaranan problemləri dinlənilib. Ölkəmizin Fransada olan səfirliyi, eləcə də ASAP tərəfindən onlar üçün yaradılan imkanlardan bəhs olunub.
Tədbir müzakirələrlə davam edib.
Sonda ASAP-ın Fransa nümayəndəliyinin rəhbəri İlhamə Nəsibova tədbirin təşkilatçılarına və dəstək verən qurumlara təşəkkürünü bildirib.