Fransanın paytaxtı Paris şəhərində müstəqil Azərbaycan dövlətinin qurucusu, dahi siyasətçi və qüdrətli dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü ilə əlaqədar “Ulu Öndər Heydər Əliyevin irsinə həsr olunmuş kitabların nəşri” beynəlxalq layihəsi çərçivəsində Azərbaycan və ingilis dillərində işıq üzü görmüş “Heydər Əliyevin həyatının 100 anı” kitabının təqdimat mərasimi keçirilib.
Azərbaycanın Fransadakı səfirliyinin Mədəniyyət Mərkəzində keçirilən təqdimat mərasimi səfir Leyla Abdullayevanın, Fransa-Azərbaycan Dialoqu Assosiasiyasının rəhbəri Aytən Muradovanın və kitabın müəllifi, “Azərbaycanım” beynəlxalq jurnalının baş redaktoru, Beynəlxalq Elmlər Akademiyasının müxbir üzvü Emil Nəsirlinin dəstəyi ilə təşkil olunub.
Mərasimdə çıxış edən Fransa-Azərbaycan Dialoqu Assosiasiyasının rəhbəri Aytən Muradova Ulu Öndərin mənalı və şərəfli ömür yolunun parlaq səhifələrinin xalqımızın yaxın tarixi keçmişi ilə ayrılmaz vəhdət təşkil etməsindən danışıb. O, Ulu Öndər Heydər Əliyevin fenomeninin ən mühüm göstəricilərindən biri də azərbaycançılıq məfkurəsinin, milli ruhun hədsiz yüksəlməsi, milli özünüdərkin inkişafı, xalqın tarixi yaddaşının özünə qaytarılması kimi fundamental prinsiplər əsasında dövlətçilik arzularının və hisslərinin güclənməsi, real siyasi amilə çevrilməsindən danışıb.
Sonra çıxış edən “Heydər Əliyevin həyatının 100 anı” kitabının müəllifi, “Azərbaycanım” beynəlxalq jurnalının baş redaktoru, Beynəlxalq Elmlər Akademiyasının müxbir üzvü Emil Nəsirli tədbirin Parisdə keçirilməsinə xüsusi dəstək göstərən səfir Leyla Abdullayevaya və Aytən Muradovaya minnətdarlığını bildirib.
Emil Nəsirli qeyd edib ki, Heydər Əliyev qədər öz xalqını, onun tarixini, mədəniyyətini və dilini sevən ikinci bir şəxsiyyət tapmaq çox çətindir. Heydər Əliyevin uğurlu xarici siyasət fəaliyyətinin məqamlarından söz açan E.Nəsirli vurğulayıb ki, Azərbaycanın nüfuzlu beynəlxalq və regional təşkilatlarla münasibətlərinin yaradılması və daha yüksək səviyyəyə qaldırması ilə diqqəti cəlb edib. Beynəlxalq təşkilatlara üzv olmaq, onlarla səmərəli iş qurmaq Azərbaycanın problemlərini, Azərbaycan həqiqətlərini dünyaya çatdırmaq istiqamətində Heydər Əliyevin rolu danılmazdır. Məhz buna görə də Ulu Öndər Heydər Əliyevin səyi nəticəsində həmin dövrdən Azərbaycan Avropa İttifaqı və Avropa dövlətləri, o cümlədən Avropanın lider dövləti olan Fransa ilə ikitərəfli əlaqələrin inkişafında sıx əməkdaşlığa nail olmuş və bu gün əməkdaşlığımız yüksələn xətlə inkişaf edir. Dünyanın nüfuzlu beynəlxalq təşkilatlarında fəal təmsilçilik açıq və demokratik cəmiyyət quruculuğu yolu ilə sürətlə addımlayan müstəqil Azərbaycan dövlətinin xarici siyasət strategiyasında bu gün də aparıcı istiqamətlərdən birini təşkil edir. Bu təşkilatlarla siyasi, iqtisadi, mədəni, humanitar, hərbi və digər sahələri əhatə edən əməkdaşlıq əlaqələri çoxşaxəli xarakter daşımaqla Azərbaycanın milli maraqlarının daha dolğun şəkildə ifadə olunmasına, beynəlxalq aləmdə aparıcı rol oynayan Avropa dövlətləri ilə qarşılıqlı münasibətlərin möhkəmləndirilməsinə yönəlib.
Baş redaktor onu da bildirib ki, Azərbaycanda 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi cəmiyyətin bütün təbəqələrində hədsiz sevinclə qarşılanır, dünyamiqyaslı siyasətçi və dövlət xadiminin dövlətçilik ənənələrimizin dirçəldilməsi, yaşadılması və bərpa edilməsi sahəsində misilsiz xidmətlərinə, çağdaş tariximizdə tutduğu müstəsna mövqeyinə xalqımızın və dövlətimizin qədirbilən münasibətinin parlaq təcəssümü kimi qiymətləndirilir. “Ulu Öndərin dövlətimiz, xalqımız qarşısındakı xidmətləri hər an, hər gün gözümüz önündədir. Bu qərar bir daha dahi şəxsiyyətin fəaliyyətinin ayrı-ayrı istiqamətlərinin dərindən araşdırılmasına, zəngin irsinin əhatəli təbliğinə geniş imkanlar yaradacaq”, – deyə Emil Nəsirli vurğulayıb.
Daha sonra müəllifi olduğu “Ulu Öndər Heydər Əliyevin irsinə həsr olunmuş kitabların nəşri” beynəlxalq layihəsi çərçivəsində Azərbaycan və ingilis dillərində işıq üzü görmüş “Heydər Əliyevin həyatının 100 anı” kitabı haqqında geniş məlumat verən Emil Nəsirli vurğulayıb ki, Ümummilli Lider Heydər Əliyevin fəaliyyəti, Azərbaycan xalqının milli sərvəti, xəzinəsidir, bundan sonra da neçə-neçə nəsillər bu məktəbdən bəhrələnərək Azərbaycanın davamlı inkişafına öz töhfəsini verəcəkdir. “Fəxarət hissi ilə qeyd etmək lazımdır ki, Ulu Öndər Heydər Əliyev hər bir azərbaycanlının qəlbində özünə bir abidə ucaldıb və bu abidənin adı müasir müstəqil Azərbaycan dövlətidir”, – deyə o qeyd edib.
Sonda diqqətə çatdırılıb ki, bu gün hamımız Ulu Öndər Heydər Əliyevin amallarına sadiq qalaraq Prezident İlham Əliyevin ətrafında sıx birləşməli, müstəqilliyimizi və qələbəmizi daha da möhkəmləndirməliyik. Ulu Öndərin ən böyük arzusu Azərbaycan xalqını müstəqil, qalib, torpaqlarımızı işğaldan azad edilmiş görmək idi. Azərbaycan xalqı Ulu Öndərin dövlətimizin müstəqilliyi və suverenliyi uğrunda fədakarlığını heç zaman unutmayacaq.
Təqdimat mərasimində Azərbaycanın Fransadakı səfirinin müşaviri Ayaz Qocayev də çıxış edib.
Sonra ictimai-siyasi xadimlərin, yerli və beynəlxalq qurumların nümayəndələrinin, KİV əməkdaşlarının və digər şəxslərin qatıldıqları tədbirdə mərasim iştirakçılarının Ulu Öndər Heydər Əliyevin irsi ilə bağlı suallarını cavablandıran Emil Nəsirli “Heydər Əliyevin həyatının 100 anı” kitabını iştirakçılara hədiyyə edib.
Sonda kitabla bağlı videoslayd təqdim olunub.