Parlament seçkiləri Ağdamın işğaldan azad edilmiş ərazilərində dörd məntəqədə təşkil olunub

Azərbaycan Respublikası Milli Məclisinə növbədənkənar seçkilər Ağdam rayonunun işğaldan azad edilmiş ərazilərində 118 saylı Ağdam-Xocalı seçki dairəsinin dörd məntəqəsində keçirilir. 48 saylı məntəqə Ağdam şəhəri Konfrans mərkəzində, 49 saylı məntəqə “Azərenerji” ASC-nin binasında, 50 saylı məntəqə Kəngərli kəndində, 51 saylı məntəqə Xıdırlı kəndində təşkil edilib.

QİA.az xəbər verir ki, bu barədə AZƏRTAC-ın bölgə müxbiri 48 saylı seçki məntəqəsinə baş çəkib, səsvermənin gedişini müşahidə edib. Məntəqə seçki komissiyasının sədri Arzu Rəhimova bildirib ki, məntəqədə seçkilərin şəffaf və demokratik keçirilməsi üçün hər cür şərait yaradılıb. Rayon qeydiyyatında olan və ərazidə işləyən seçicilər səsvermədə fəallıq göstərir, məntəqəyə gələrək sərbəst və azad şəkildə öz vətəndaşlıq borclarını yerinə yetirir, səsvermədə ruh yüksəkliyi ilə iştirak edirlər.

Səsvermənin gedişini 8 yerli, həmçinin MDB-dən gəlmiş 1 müşahidəçi izləyir.

Budəfəki seçkilərdə 125 mandat uğrunda 990 namizəd mübarizə aparır. Namizədliyi qeydə alınan 305 nəfər 25 siyasi partiyanın nümayəndəsidir.

Parlament seçkilərində 6 milyon 421 min 960 vətəndaş səsvermə hüququndan istifadə edə biləcək. İşğaldan azad olunmuş ərazilərdə səsvermə hüququna malik 42 mindən artıq seçicinin konstitusion hüquqlarını reallaşdırmaları üçün 54 seçki məntəqəsi yaradılıb.

Seçki günü 18 yaşı tamam olan seçicilərin sayı 374, Milli Məclisə seçkilərdə səsvermədə ilk dəfə iştirak edəcək seçicilərin sayı isə 51 min 141 nəfərdir.

Seçkiləri izləmək üçün 51 beynəlxalq qurum və 69 ölkədən olmaqla, 598 beynəlxalq müşahidəçi akkreditasiyadan keçib. Yerli müşahidəçi kimi isə 112 min 749 nəfər qeydə alınıb.

Ölkə ərazisində 1000 seçki məntəqəsində veb-kameralar quraşdırılıb.

Səhər 08:00-da başlayan səsvermə saat 19:00-da başa çatacaq.

Oxşar Xəbərlər