Paşinyanın məğlubiyyət etirafları: 44 günlük müharibənin kökləri

Ermənistanın baş naziri Nikol Paşinyan “44 günlük müharibənin kökləri” adlı məqalə yazıb.

QİA.AZ-ın məlumatına görə, Ermənistan baş nazirinin rəsmi saytında yerləşdirilən məqalədə Ermənistan diplomatiyasının, hərbisinin məğlubiyyətinin səbəbləri, Ermənistanı hazırkı acınacaqlı vəziyyətə aparan yol barədə danışılır.

Paşinyan mövcud vəziyyətin əsas səbəbkarlarının Koçaryan-Sarkisyan cütlüyü olduğunu bildirir. Paşinyan eyni zamanda uzun illər danışıqların imitasiya xatirinə aparıldığını da etiraf edir.

Məqalədə Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın məqsədyönlü diplomatiya həyata keçirdiyi və faktiki olaraq Ermənistanı və onun tərəfdarlarını mürəkkəb vəziyyətə saldığı etiraf olunur. Paşinyan etiraf edir ki, Azərbaycan Prezidenti bütün danışıqlarda qətiyyətli, prinsipial mövqe nümayiş etdirib və mövqeyini getdikcə daha da möhkəmləndirib.

Ermənistan baş naziri qeyd edir ki, Azərbaycan bölgədəki prosesləri diqqətlə izlədi və geosiyasi şəraitdən öz mənafeyi üçün maksimum dərəcədə faydalanmağı bacardı:

“2011-ci ildə keçmiş prezident Serj Sarkisyan 7 rayonu Azərbaycana qaytarmağa razı idi, lakin Dağlıq Qarabağa status verilməməsi ilə bağlı Azərbaycanın qəti mövqeyinin olduğuna görə, Kazan formulu baş tutmadı”.

Özündən əvvəlki hakimiyyətdə olanları ittiham edən Paşinyan bildirir ki, atəşkəsin qüvvəyə mindiyi 1994-cü ilin mayından bu yana aparılan bütün danışıqlar prosesində Ermənistan bir dəfə də olsun uğur qazana bilməyib:

“Hələ 1996-cı ildəki Lissabon sammitində Heydər Əliyev Ermənistanı çıxılmaz vəziyyətə saldı. Bu sammit Ermənistanın dünyada tək qalmasının əyani nümunəsidir”.

Aprel döyüşlərində də uğursuzluğun olduğunu etiraf edən Paşinyan bildirir ki, Dağlıq Qarabağdakı qondarma qurumu danışıq tərəflərindən birinə çevirmək üçün çox cəhdlər etsə də, hər şey üçün artıq gec idi.

Məqalədə ötən ilin iyul ayında Ermənistanın törətdiyi təxribatdan söz açan Nikol Paşinyan “iyul döyüşləri”nin guya Ermənistanın xeyrinə olduğunu iddia edir və bundan ürəkləndiklərini bildirir: “Lakin həmin vaxt Azərbaycanın güc və imkanlarını düzgün hesablamadıq”.

Sentyabrda müharibəyə tək başlamadığını bildirən Paşinyan müharibə qərarının Ermənistan hakimiyyətində geniş müzakirə edildiyini, kollektiv şəkildə verildiyini qeyd edir.

Beləliklə, bu məqalə Ermənistanın bütün cəbhələrdə məğlubiyyətinin daxili auditoriyaya etirafı və izahı kimi də qiymətləndirilə bilər. Ancaq Paşinyan bu amillərin gələcəyə realist baxışda nəzərə alınmasını istəməklə, bir növ öz cəmiyyətini nəticələrlə, Azərbaycanın və onun liderinin yaratdığı vəziyyətlə barışmağa çağırır.

Oxşar Xəbərlər