Paşinyanın yeni “boyunduruğu”: Qərb Ermənistanı “yunan tələsi”nə salır – FOTO

Ermənistan ənənəvi xüsusiyyətlərindən əl çəkə bilmir, asılılıq, “boyunduruq” kimi amillərdən xoşallanır. Son vaxtlar rəsmi İrəvanın yürütdüyü siyasət, onları əzəli Azərbaycan torpaqlarına köçürən, dövlət qurmalarına kömək edən Rusiyaya qarşı bugünkü münasibət buna bariz nümunədir.

Hər şey Nikol Paşinyanın hakimiyyətə gəlməsi ilə dəyişdi. “Soros”çu komanda Qərbə inteqrasiyanı prioritet götürdü. Nəticədə Moskva 44 günlük 2-ci Qarabağ müharibəsində bitərəf qalaraq Ermənistana dəstək göstərmədi. Təsadüfi deyil ki, bu gün erməni siyasi hakimiyyəti müharibədəki bədbəxtliklərinin baiskarı kimi də məhz Rusiyanı görür.

Baş verənlərdən dərs çıxarmaq əvəzinə Rusiya ilə gərginliyi günbəgün artıran İrəvan yeni himayədar axtarışına çıxıb, yeni hami ilə təhlükəsizliyinə etibarlı təminatçı qazanacağına ümid edir. Dəyişməyən odur k, Ermənistan Azərbaycan və Türkiyəni özünə rəqib görən dövlətlərlə yaxınlaşmağa çalışır, Azərbaycanofob, türkofob Fransa ilə yanaşı, Yunanıstan vasitəsilə də regionda mövqe qazanmağa ümidlidir. Hesab edirlər ki, bu dövlətlə əməkdaşlığın güclənməsi Türkiyə-Azərbaycan tandemi üçün etibarlı təminatçı və dayaq ola bilər. Artıq İkitərəfli səfərlərin sayı da artırılıb.Yanvarın 27-də Nikol Paşinyan Yunanıstana səfəri zamanı deyib ki, 2018-ci ildə hakimiyyətə avroatlantiklər gəlib, Ermənistan Qərbə inteqrasiyanı tam dəstəkləyir. Afina da cavab səfəri kimi müdafiə naziri Nikos Dendiası kritik vaxtda, martın 4-də İrəvana yollayıb. Moskva-İrəvan gərginliyinin pik həddə olduğu ərəfədə baş tutan bu səfər təsadüfi deyil.

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) qarşı hücumlar çoxalıb, təşkilatdan çıxmaq məsələsi aktuallaşıb, hətta “Zvartnots” aeroportundan Rusiya sərhədçilərinin çıxarılması çağırışları artıb. Görünən odur ki, Nikol Paşinyan hökuməti Rusiyaya alternativ tapmaqda israrlıdır. Bu mənada, Yunanıstanı da Fransa kimi alternativ qismində görür. Rəsmi Afina isə hayların bu arzusundan maksimum istifadə etməyə, Ermənistan üçün təhlükəsizlik halqası görüntüsü yaratmağa çalışır.

Təsadüfi deyil ki, Dendias erməni həmkarı ilə birgə mətbuat konfransında Ermənistan və Yunanıstanı “qarşılıqlı dost olan mühüm ölkələr, dövlətlər” adlandırıb.

Bəzi Qərb mediası bu qənaətə gəlib ki, Dendiasın Fransa-Hindistan-Yunanıstan-Ermənistan formatında müdafiə əməkdaşlığı boşboğazlıq, lümpenlərə və Ermənistanın avroatlantizm təbliğatına söykənir.

Paşinyanın yeni “boyunduruq” arzusu sadəcə sözdə olacaq və bunu faktlarla sübuta yetirmək mümkündür.Birincisi, Dendias brifinq zamanı Ermənistan üçün canfəşanlıq göstərən Fransanın adını çəksə də, bir “kiçik” detalı unudub. Rusiya və İranla dost münasibətlərində olmayan Fransa Mərkəzi Asiyada möhkəmlənməyə çalışır. Bunun sübutu da prezident Emmanuel Makronun ötən ilin noyabrında Mərkəzi Asiya regionuna səfərini göstərmək olar. Yelisey sarayı Qazaxıstan və Özbəkistandan uran almağa çalışır, buna nail olmağın yolu isə Azərbaycan və Türkiyədən keçir.

İkincisi, İrəvanda avroatlantistlər və onun Qərb himayədarlarının ümidlərini puç edən əsas faktorlardan biri də Böyük Britaniyanın yunan-türk münasibətlərinin normallaşması istiqamətində atdığı addımlardır. Ötən ay isə ABŞ Türkiyəyə F-16 qırıcılarının satışını dəstəkləyib. Başqa sözlə, Türkiyənin ABŞ tərəfindən sıxışdırılmasından danışmağa dəyməz.Üçüncüsü, Ermənistanda və Yunanıstanda uzun illər təbliğat ondan ibarət olub ki, yunanlar və ermənilər Osmanlı imperiyasının varlığından “əziyyət” çəkiblər. Paşinyan əleyhdarları bunu spekulyasiya, yunanların erməni “dostu” olmaq cəhdlərini boşboğazlıq adlandırırlar.

Praktikada müasir Yunanıstan və erməni hakimiyyət orqanları Türkiyə ilə mübarizə aparmaq niyyətində deyillər. Əksinə, Ankara ilə kompromisə getmək istiqamətində bəyanatlar səsləndirirlər. Türkiyədə keçirilən Antalya Diplomatiya Forumunda çıxış edən Ermənistan parlamentinin vitse-spikeri Ruben Rubinyan hətta az qala iki ölkə arasında münasibətləri tarixi adlandırıb.Digər bir məsələ ondan ibarətdir ki, Azərbaycanla Yunanıstan arasında iqtisadi, siyasi münasibətlər də güclənməkdədir.

Bölgədə baş verənlərə dair fikirləri ümumi olaraq Qərbin nüfuzlu “Eadaily.com” saytının gəldiyi qənaətlə yekunlaşdırmaq olar. Media qurumu yazır ki, Ermənistan Böyük Britaniya və ABŞ-nin əvvəlcədən hazırladığı “yunan tələsinə” salınıb: “Yunanıstanla əməkdaşlıq Paşinyan tərəfdarlarına Türkiyə-Azərbaycan tandemi qarşısında təslimçilik mövqelərini gizlətməyə kömək edir. Bütün bunlar ona görə edilir ki, Ermənistan nəinki Avrasiya strukturlarını tərk edib, Rusiyanın düşmənləri olan Böyük Britaniya və digər NATO ölkələrinin düşərgəsinə keçir”.

Sonda sadəcə onu qeyd edə bilərik ki, iki əsrlik sahibinə xəyanət edib yeni himayədar axtaran Ermənistan hakimiyyəti xalqa düşüncəsinə yeritməyə çalışır ki, erməni xalqının müstəqil yaşamaq, sərbəst düşünmək bacarığı yoxdur. İrəvan nicatı iki yüz illik hami və sponsoru olmuş Rusiyaya arxa çevirib Qərbdə axtarmaqla yenidən yanılır.

“Report” İnformasiya Agentliyi

Oxşar Xəbərlər