Çinin paytaxtı Pekində “Azərbaycanda investisiya və ticarətin təşviqi” konfransı keçirilib.
QİA.az AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycanın Çindəki səfirliyinin, ölkəmizin ticarət nümayəndəliyinin, İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) və Çin Xarici İnkişaf Assosiasiyasının (CODA) birgə təşkilatçılığı, İqtisadiyyat Nazirliyinin dəstəyi ilə keçirilən tədbirdə Çinin müvafiq qurumlarının, özəl sektorun, ictimai təşkilatların nümayəndələri iştirak ediblər.
Ölkəmizin Çindəki səfiri Bünyad Hüseynov dövlət başçıları İlham Əliyevin və Si Cinpinin qarşılıqlı etimadı və şəxsi dostluğuna əsaslanan münasibətləri, onların sıx təmasları və səyləri sayəsində Azərbaycan-Çin münasibətlərinin dinamik inkişafla keyfiyyətcə yeni mərhələyə – strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyini bildirib. Dövlət başçılarının Şanxay Əməkdaşlıq Təşkilatının Səmərqənddəki sammiti çərçivəsində keçirdikləri son görüş zamanı iqtisadi əməkdaşlığın diversifikasiyası və onun keyfiyyətcə yeni məzmun ilə zənginləşdirilməsinə dair tapşırıqlarına uyğun olaraq hazırda iqtisadiyyatın müxtəlif sahələri – energetika, nəqliyyat-logistika, sənaye, kənd təsərrüfatı və qarşılıqlı fəaliyyətin digər istiqamətləri üzrə əməkdaşlıq spektrinin genişləndirilməsi imkanları nəzərdən keçirilir.
Ölkəmizin Çinin “Bir kəmər, bir yol” təşəbbüsünü ilk dəstəkləyən ölkələrdən biri olduğunu diqqətə çatdıran diplomat Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, Bakı-Tbilisi-Qars dəmir yolu xətti də daxil olmaqla Azərbaycanın həyata keçirdiyi nəqliyyat və infrastruktur layihələrinin həmin təşəbbüsün icrasına əhəmiyyətli töhfələr verdiyini, Çindən Avropaya və geriyə yüklərin daşınması üçün ən qısa, səmərəli və təhlükəsiz nəqliyyat marşrutlarını formalaşdırdığını diqqətə çatdırıb.
B.Hüseynov Çinin alternativ enerji sahəsində qabaqcıl təcrübəsinin və texnologiyasının ölkəmiz üçün maraq kəsb etdiyini, Azərbaycanın işğaldan azad olunmuş ərazilərindəki bərpa-quruculuq işlərində, o cümlədən yaşıl enerji layihələrində Çin şirkətlərinin fəal iştirakının arzu edildiyini bildirib. O, ölkəmizin COP29-a ev sahibliyindən danışaraq, bu tədbirin Bakıda keçirilməsinə dair qərarın beynəlxalq ictimaiyyətin Azərbaycana hörmət və etimadının, habelə ölkəmizin iqlim dəyişikliyinin təsirlərinə qarşı mübarizəyə verdiyi töhfənin göstəricisi olduğunu diqqətə çatdırıb.
Azərbaycan ilə Ermənistan arasında sülh danışıqlarına toxunan B.Hüseynov iki ölkə arasında sərhədlərin delimitasiyası və demarkasiyası, eləcə də kommunikasiyaların açılması ilə bağlı danışıqların aparıldığını deyib.
CODA-nın Prezidenti Hı Cenvey tədbirin çinli iş adamları üçün Azərbaycanın sərmayə mühiti barədə daha ətraflı məlumat əldə etmək, Azərbaycandan idxal imkanlarını, əməkdaşlıq sahələrini öyrənmək üçün yaxşı imkan olduğunu vurğulayıb. Avrasiyanın mərkəzində yerləşən Azərbaycanın şərq ilə qərb arasında nəqliyyat qovşağı rolunu oynadığını bildirən Hı Cenvey əlverişli sərmayə və biznes mühitinə malik olan Azərbaycanın Çin şirkətlərinə regional və Avropa bazarlarına çıxış imkanı təqdim etdiyini deyib. O, iki ölkənin şirkətləri arasında əməli əməkdaşlığın dərinləşdirilməsi ilə bağlı görüləsi işlərdən danışıb.
Azərbaycanın Çindəki ticarət nümayəndəsi Teymur Nadiroğlu ölkəmizin iqtisadi və ticarət potensialı, biznes və sərmayə mühiti, nəqliyyat-logistika infrastrukturu, “Bir kəmər, bir yol” təşəbbüsünün icrasındakı rolu, Orta Dəhlizin əhəmiyyəti barədə təqdimat edib. O, Azərbaycanın iqtisadi inkişafın artımını təmin etmək üçün qeyri-neft sektoruna xarici investisiyaların cəlb edilməsinə istiqamətləndiyini, bu sahədə Çin ilə sıx əməkdaşlığa xüsusi əhəmiyyət verildiyini deyib.
İki ölkənin iqtisadi-ticari əlaqələrindən danışan ticarət nümayəndəsi əlavə edib ki, hazırda Çin Azərbaycanın 4-cü ən böyük xarici ticarət tərəfdaşı, ikinci idxal mənbəyidir. Ötən il ikitərəfli ticarət əlaqələrinin həcmi əvvəlki illə müqayisədə 44 faizdən çox artaraq 3,1 milyard dollara çatıb. Azərbaycan hazırda Çinin Cənubi Qafqazdakı ən böyük ticarət tərəfdaşıdır. Qeyd olunub ki, Azərbaycan məhsullarının Çinə ixracını təşviq etmək məqsədi ilə 2018-ci ildən etibarən Pekin, Sian, Çindao, Canciacie, Şanxay və Urumçi şəhərlərində bir neçə “Azərbaycan Ticarət Evi” və “Azərbaycan Şərab Evi” açılıb. Yaxın vaxtlarda Çinin daha 2 şəhərində ticarət evi açılacaq. O, çinli sahibkarlar üçün Azərbaycana sərmayə yatırmağın cəlbedici cəhətlərindən, o cümlədən siyasi və iqtisadi sabitlik, inkişaf etmiş infrastruktur, əlverişli coğrafi mövqe, münbit sərmayə mühiti, hökumətin təşviqedici siyasətindən danışıb. Teymur Nadiroğlu 30 illik işğal dövründə böyük dağıntıya məruz qalan Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının bərpası istiqamətində aparılan işlər barədə söz açıb, həmin bölgənin zəngin enerji və mineral ehtiyatlar, xammala malik olduğunu deyib. Diqqətə çatdırılıb ki, işğaldan azad edilmiş ərazilərdə infrastrukturun bərpası və yeni nəqliyyat dəhlizlərinin inkişafı regional əməkdaşlıq üçün yeni imkanlar yaradacaq.
AZPROMO-nun icraçı direktorunun müavini Zöhrab Qədirov Azərbaycanın iqtisadi inkişafı, investisiya imkanları, ixrac potensialından danışıb. Azərbaycanda qeyri-neft sektorunun inkişafı istiqamətində həyata keçirilən işlərdən danışan Z.Qədirov yerli və xarici investorlar üçün cəlbedici təkliflər və imtiyazlar təklif edən sənaye parkları, iqtisadi zonalar haqqında məlumat verib.
Çinin kosmik infrastruktur və yerüstü peyk xidmətləri təqdim edən “Emposat” şirkətinin rəhbəri Don Vey təmsil etdiyi şirkətin Azərbaycandakı fəaliyyətinə, o cümlədən “Azərkosmos” ilə əməkdaşlığına dair məlumat verib.
Ölkəmizin Çindəki ticarət nümayəndəliyinin əməkdaşı Natiq Xəlilov Azərbaycanın nəqliyyat-logistika sektoruna və iki ölkənin bu sahədə əməkdaşlıq potensialına dair təqdimat edib. Bildirib ki, Avrasiyadakı hazırki geosiyasi vəziyyət fonunda Transxəzər Beynəlxalq Nəqliyyat Dəhlizi, başqa sözlə Orta Dəhliz Çini Qazaxıstan, Xəzər dənizi, Azərbaycan, Gürcüstan və Türkiyə vasitəsilə Avropaya bağlayan etibarlı, təhlükəsiz, sərfəli alternativdir. Hazırda bu dəhliz üzrə Çinin Sian, Çendu, Çindao, Çonçin, Lianyunqan, Cinhua və digər şəhərlərindən dəmir yolu ilə yüklərin daşınması həyata keçirilir. Azərbaycanın hazırda Zəngəzur dəhlizi ilə bağlı iş apardığını diqqətə çatdıran N.Xəlilov deyib ki, bu layihə Transxəzər Beynəlxalq Nəqliyyat Dəhlizinin bir hissəsi olacaq və onun əhəmiyyətini daha da artıracaq.
“Azərbaycan Hava Yolları” (AZAL) QSC-nin Çin nümayəndəliyinin rəhbəri Rinat Əzizov ölkəmizin milli aviadaşıyıcısı haqqında məlumat verib, şirkətin Bakı-Pekin-Bakı birbaşa, müntəzəm uçuşlarının iki ölkə arasında turizm əlaqələrinə töhfə verdiyini, AZAL-ın qarşıdakı illərdə Çinin daha bir neçə şəhərinə birbaşa uçuşlar açmağı planlaşdırdığını diqqətə çatdırıb.
Bundan başqa, Azərbaycan Turizm Bürosunun Çindəki nümayəndəliyinin marketinq meneceri Elza Can ölkəmizin turizm potensialı, təbiət, tarixi-mədəni, dəniz, sağlamlıq da daxil olmaqla müxtəlif turizm növləri üzrə mövcud şərait və yaradılan infrastruktur barədə məlumat verib.