Azərbaycanın təcrübəsi və dəstəyi bizim üçün xüsusi önəm daşıyır.
QİA.az AZƏRTAC-a istinadən xəbər verir ki, bunu ölkəmizdə səfərdə olan Fransız Polineziyasının nümayəndə heyətinin rəhbəri, Tavini Huiraatira Partiyasının Baş katibi Viktor Maamaatuaiahutaru mayın 30-da Milli Məclisdə keçirilən mətbuat konfransında deyib.
Fransanın beynəlxalq hüquqa, qətnamələrə riayət etmədiyini vurğulayan qonaq bildirib ki, bəzi məsələlərin yolunu tək tapmaq olmur. O, bu səbəbdən Azərbaycanla, Bakı Təşəbbüs Qrupu ilə dialoqa başladıqlarını deyib: “Konfransda elə mövzulardan danışıldı ki, Azərbaycan artıq bu məsələlərin həllini tapıb. Ölkənizə Azərbaycan tərəfinin fikirlərini eşitməyə, təkliflərini dinləməyə və fikir mübadiləsi aparmağa gəlmişik. Azərbaycanın dəstəyi bizim üçün çox vacibdir və buna görə Azərbaycana təşəkkürümüzü bildiririk. Bizə öz fikirlərimizi səsləndirməyə və səsimizin beynəlxalq ictimaiyyətə çatdırılmasına imkan yaratdığınıza görə bir daha minnətdarıq”, – deyə o vurğulayıb.