Bu ilin sentyabrında yaranmasının 100 illiyini qeyd edəcək Akademiyada silsilə tədbirlərin keçirilməsinə artıq start verilib. Mayın 26-da DİN-in Polis Akademiyasında beynəlxalq elmi-praktiki videokonfrans keçirilib.
Bu barədə “QİA.az”a DİN-in Mətbuat Xidmətindən məlumat verilib.
Konfransda respublikamızın xüsusi təyinatlı və digər təhsil müəssisələrinin nümayəndələri ilə yanaşı, Türkiyə, Rusiya, Ukrayna, Belarus, Qazaxıstan, Moldova və Tacikistan dövlətlərinin ali və xüsusi təyinatlı təhsil müəssisələrinin rəhbərləri və 80-dən artıq tanınmış alim və mütəxəssisləri iştirak edib.
Konfransın açılış mərasimində Polis Akademiyasının rəisi, polis polkovniki Canpolad Daanov bütün iştirakçıları DİN-in rəhbərliyi adından salamlayaraq konfransın işinə uğurlar arzulayıb. O, Akademiyanın yaranma tarixi və fəaliyyət istiqamətləri barədə iştirakçılara məlumat verib. O da qeyd olunub ki, Ulu öndərin irsini layiqli davam etdirən Silahlı Qüvvələrin Ali Baş Komandanı, Prezident cənab İlham Əliyevin üç dəfə Polis Akademiyasını ziyarət etməsi şəxsi heyət üçün çox önəm daşıyır. Polis polkovniki C.Daanov, eyni zamanda daxili işlər naziri, general-polkovnik cənab Vilayət Eyvazovun fiziki cəhətdən sağlam, intellektual səviyyəli, müasir tələblərə cavab verən peşəkar hüquqşünas kadrlarının hazırlanması kimi vacib bir vəzifənin Akademiya qarşısında qoyduğunu tədbir iştirakçılarının diqqətinə çatdırıb.
Konfransda çıxış edən qonaqlar beynəlxalq tədbirin keçirilməsini yüksək qiymətləndirib və bu əməkdaşlıqdan öz məmnunluqlarını bildiriblər.