Son günlər polis əməkdaşlarının vətəndaşlara qarşı maska taxmaq üçün göstərdiyi “yüksək xidmət” sosial şəbəkələrdə qınağa səbəb olub.
“QİA.AZ” xəbər verir ki, İctimai TV-ə müraciət edən Samir Cəfərov polisin onu necə cərimə etməsindən danışıb:
“Avtobusda maskanı çənəmə endirib telefonla danışarkən, polis əməkdaşı mənə maskaya görə protokol yazdı. Daha sonra cəriməni yerində ödəməyi tələb etdi. Bundan imtina etdiyi üçün məni yaxınlıqdakı polis bölməsinə apardılar”.
Vətəndaşdan yerində ödəmə tələb etmək, bu alınmadıqda onun bölməyə aparılmasının hüquqi əsası varmı?
Nağdsız hesablaşmalar haqqında qanuna əsasən, inzibati cərimələrin ödənilməsi yalnız nağdsız qaydada həyata keçirilir.
İnzibati Xətalar Məcəlləsinin 150-ci maddəsinə görə, cərimə 30 gündən gec olmayaraq ödənilməlidir. Qanunvericilikdə cərimənin yerindəcə ödənilməsi ilə bağlı heç bir qeyd yoxdur.
Hüquqşünas Şəmsəddin Əliyev bildirir ki, vətəndaşın üzərində 100 manat olmaya bilər və buna görə polis onu bölməyə apara bilməz:
“Polis maskasız şəxsə protokol tərtib edir. Protokolun bir surətini vətəndaşa verir. Vətəndaş da həmin protokola əsasən gedib o cəriməni ödəməlidir”.