“Azərbaycanın öz ərazi bütövlüyünü və tarixi ədaləti bərpa etməsi həm də son 17 il ərzində həyata keçirilən dərin strateji diplomatiya siyasətinin məntiqi nəticəsidir. Şübhəsiz ki, Azərbaycan bütün cəbhələrdə – istər döyüş meydanında, istər siyasi-diplomatik müstəvidə, istərsə də informasiya səbhəsində mütləq qalibiyyət əldə etməklə torpaqlarımızın işğaldan azad olunmasına müvəffəq olub. Prezident İlham Əliyev hərb meydanında müzəffər sərkərdə, diplomatik cəbhədə böyük strateq nümunəsi ortaya qoyub, informasiya müharibəsində Azərbaycanın haqq səsi olub, cəsarətlə bütün təzyiqlərə sinə gərib, öz xalqı ilə vəhdətdə olan lider kimi mübarizlik rəmzinə çevrilib. Xüsusi olaraq vurğulamaq gərəkdir ki, Prezident İlham Əliyev müxtəlif beynəlxalq tribunalardan səmərəli istifadə etməklə erməni yalanlarını ifşa edib, reallıqları dünya ictimaiyyətinin diqqətinə sistemli şəkildə və dolğun surətdə çatdırıb. Bu kontekstdə ötən il baş tutmuş Münxen Təhlükəsizlik Konfransında dövlətimizin başçısının növbəti diplomatik qələbəsinin əhəmiyyətini xüsusi qeyd etmək lazımdır”.
Bu fikirləri “QİA.AZ”-a açıqlamasında politoloq Nurlan Qələndərli bildirib.
Münxen qələbəsinin tarixi zəfərə aparan yollardan biri olduğunu deyən politoloqun sözlərinə görə, sözügedən konfrans zamanı Prezident İlham Əliyev Azərbaycanın prinsipial mövqeyini, tarixi faktlar və reallıqları qətiyyətlə ifadə etdi: “Prezident İlham Əliyev Dağlıq Qarabağın Azərbaycan ərazisi olduğunu həm tarixi, həm beynəlxalq hüquq, həm də beynəlxalq birliyin mövqeyi kontekstində dünya ictimaiyyətinə çatdırdı, Ermənistanın baş naziri bu reallığa qarşı heç bir əks-arqument ortaya qoya bilmədi. Azərbaycan Prezidentinin Dağlıq Qarabağın Azərbaycana məxsus olması və münaqişənin yalnız ölkəmizin ərazi bütövlüyü çərçivəsində həll oluna biləcəyinə dair təqdim etdiyi hüquqi bazanın qarşısında Paşinyan tutarlı heç bir arqument səsləndirə bilmədi, hüquqi cəhətdən əsaslandırılmış fakt ortaya qoymadı. Beləliklə, Paşinyan Prezident İlham Əliyev tərəfindən səsləndirilən tarixi həqiqətlər və təqdim edilən faktlar qarşısında aciz durumda qaldı, onun absurd iddiaları dövlətimizin başçısı tərəfindən darmadağın edildi”.
Nurlan Qələndərli bildirib ki, bundan bir neçə ay sonra beynəlxalq hüquq normalarına əsaslanaraq əks-hücum əməliyyatlarını uğurla həyata keçirən müasir və qüdrətli Azərbaycan Ordusunun tarixi ədaləti və ölkəmizin ərazi bütövlüyü bərpa etməsi sözügedən diplomatik qələbənin döyüş meydanında həlledici davamı oldu: “Ötən il Münxendə Azərbaycan Prezidenti qarşısında aciz duruma düşən Paşinyan bu dəfə 44 günlük müharibənin nəticəsi olaraq kapitulyasiya aktına imza atmağa məcbur oldu. Beləliklə, sarsılmaz zərbələr alaraq acınacaqlı vəziyyətə düşən Ermənistan Azərbaycanın qarşısında düz çökdü, dövlətimiz öz milli güc resursları ilə Dağlıq Qarabağ münaqişəsinin hərbi-siyasi yolla həllinə müvəffəq oldu. Nəticə etibarilə, “Azərbaycan öz doğma torpaqlarını nəyin bahasına olursa-olsun, azad edəcəkdir”, – deyən Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə xalqımızın və dövlətimizin yeni şanlı tarixi yazıldı, ölkəmizin ərazi bütövlüyü və tarixi ədalət bərpa olundu”.