Azərbaycanda xalq-ordu birliyi əzəli və əbədidir və heç bir qüvvə bu birliyi poza, bu birliyə xələl gətirə bilməz.
QİA.az xəbər verir ki, nunu AZƏRTAC-a açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, hərbi-siyasi ekspert, polkovnik Cəlil Xəlilov bildirib. Polkovnik qeyd edib ki, bütün çətin, həlledici anlarda ordu xalqın, xalq isə ordunun yanında olub, bir-birlərinə dəstək verib: “Azərbaycan tarixinə nəzər salsaq görərik ki, ölkəmizdə hər zaman ordu ilə xalq arasında çox mühüm birlik, həmrəylik mövcud olub. Bu həmrəylik taleyüklü məsələlərdə özünü bütün əzəməti ilə büruzə verib. Müstəqillik tariximizin bütün mərhələlərində – istər Birinci Qarabağ müharibəsində, istərsə də 44 günlük Vətən müharibəsində biz bu birliyə şahid olmuşuq”.
Polkovnik qeyd edib ki, 44 günlük Vətən müharibəsində xalqın ordu ilə sərgilədiyi həmrəylik bütün dünyada böyük marağa səbəb oldu, heyrətlə qarşılandı: “Nəinki gənc nəslin nümayəndələri, yeniyetmələrimiz, ahıllarımız belə orduya dəstək vermək, həmin vaxt işğal altındakı torpaqlarımızın azadlığına töhfə vermək üçün orduya yazılmağa çalışır, bunun üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə kütləvi müraciətlər ünvanlayırdı. İnsanlar maddi vəsaitlərini, əmlaklarını orduya bağışlayır, ön və arxadakı hərbi birliklərə fasiləsiz yardımlar göndərirdi. Məhz bütün bu dəstəyin sayəsində ordu müharibənin hər bir anında xalqı öz yanında hiss etdi, xalqın sevgisindən qüvvət aldı”.
Cəlil Xəlilov bildirib ki, heç bir qüvvə xalq-ordu arasındakı bu birliyi poza bilməyəcək: “Bu gün bəzi antimilli qüvvələr, təxribatçı ünsürlər ölkəmizdə xalq-ordu birliyini pozmağa, bu birliyə kölgə salmağa çalışır. Lakin hər kəs bilməlidir ki, Azərbaycanda xalq-ordu birliyi möhkəm və əbədidir. Heç kim bu birliyi poza, buna xələl gətirə bilməz. İstər Ulu öndər Heydər Əliyev, istərsə də Prezident İlham Əliyev tərəfindən xalq-ordu birliyinin güclənməsi, bu birliyin daha da möhkəmlənməsi istiqamətində çox mühüm işlər görülüb. Məhz bu siyasətin nəticəsidir ki, bu gün xalq-ordu birliyi “Dəmir yumruq” qədər güclü və sarsılmazdır. Hər bir Azərbaycan vətəndaşı bu birliyin keşiyində durmalı, onu qoruyub saxlamaq, daha da möhkəmləndirmək üçün əlindən gələni əsirgəməməlidir.
Biz də Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı olaraq xalq-ordu birliyini daim diqqət mərkəzində saxlamaqda, gənclər, yeniyetmələr arasında bu istiqamətdə mühüm təbliğati işlər həyata keçiririk. İnanıram ki, biz yaxın gələcəkdə dövlət və cəmiyyət olaraq xalq-ordu birliyinin daha da güclənməsinə, mahiyyət etibarı ilə yeni mərhələyə yüksəlməsinə nail olacağıq”.