İyulun 25-də xarici işlər naziri Ceyhun Bayramov ölkəmizdəki diplomatik fəaliyyətinin başa çatması münasibətilə Polşanın Azərbaycandakı səfiri Rafal Poborski ilə görüşüb.
QİA.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a bildiriblər ki, görüş zamanı ikitərəfli və regional gündəlikdə duran məsələlər müzakirə olunub.
Tərəflər ölkələrimiz arasında mövcud əməkdaşlıq münasibətlərindən danışaraq bu xüsusda ali səviyyədə həyata keçirilən təmasların və görüşlərin dostluq, hörmət və strateji tərəfdaşlığa əsaslanan əməkdaşlığın inkişafına təkan verdiyini qeyd ediblər.
Azərbaycanla Polşa arasında siyasi, iqtisadi, energetika, alternativ enerji, humanitar, təhsil və digər sahələr üzrə ikitərəfli münasibətlərin geniş perspektivə malik olduğu, əlaqələrin inkişafında siyasi məsləhətləşmələr mexanizminin, habelə parlament diplomatiyasının əhəmiyyəti qeyd edilib.
Bu il ölkəmizdə keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) ikitərəfli və çoxtərəfli əməkdaşlığın daha da inkişafı üçün əhəmiyyətli olduğu vurğulanıb.
Nazir Polşa səfirinin ikitərəfli münasibətlərin inkişafı istiqamətindəki səylərini yüksək qiymətləndirib və səfirə gələcək diplomatik fəaliyyətində uğurlar arzulayıb.