Portuqaliyada martın 10-da növbədənkənar parlament seçkiləri keçirilib. İlkin nəticələrinə görə, sağ mərkəzçilər liderdir.
QİA.az AZƏRTAC-a istinadla xəbər verir ki, seçkilər 2026-cı ilə planlaşdırılsa da, 2023-cü ilin noyabrında Portuqaliya Prezidenti Marselo Rebelo de Sousa parlamenti buraxmaq və növbədənkənar seçkilər təyin etmək niyyətində olduğunu açıqlayıb.
Mərkəzi Seçki Komissiyasının məlumatına görə, seçkilərdə fəallıq 65,4 faizi ötüb. Səsvermə bülletenlərinin təxminən 95 faizinin hesablanmasından sonra Sosial Demokrat Partiyasının sədri Luis Monteneqronun rəhbərlik etdiyi sağ mərkəzçi Demokratik Alyans liderlik edir. Koalisiya 29,5 faiz səs toplayıb. İlkin nəticələrə görə, onlar 230 yerlik Milli Assambleyada 79 yer qazanır.
Son səkkiz il ərzində hakimiyyətdə olan sol mərkəzçi Sosialist Partiyası 77 yer əldə edir. İfrat sağçı partiya isə 48 mandatla üçüncü yeri tutur.