Post-konflikt Ərazilərin Bərpası Elmi Mərkəzi yaradılacaq.
“QIA.AZ”xəbər verir ki, bu, “Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə dair elmi tədqiqat işləri ilə bağlı AMEA-nın vəzifələri haqqında Tədbirlər planı”nda əksini tapıb.
Akademiyanın Rəyasət Heyətinin növbəti iclasında Tədbirlər planı müzakirə olunub.
Məsələ ilə bağlı çıxış edən akademik İsa Həbibbəyli bildirib ki, 30 ilə yaxın düşmən tapdağı altında qalmış Azərbaycan torpaqları ciddi antropogen təhdidlərə məruz qoyulub, həmin ərazilərdə sosial infrastruktur darmadağın edilib, təbii landşaft ciddi deformasiyaya uğradılıb: “Hazırda Prezident İlham Əliyevin bilavasitə rəhbərliyi ilə işğaldan azad edilmiş ərazilərdə həyatın yenidən dirçəldilməsi, sosial-iqtisadi infrastrukturun qurulması, ekoloji tarazlığın bərpası istiqamətində kompleks tədbirlərin həyata keçirilməsinə başlanılıb”.
Akademik ərazilərin konfliktsonrası bərpasının araşdırılması və proqnozlaşdırılması üzrə İqtisadiyyat İnstitutunda ciddi elmi tədqiqat təcrübəsinin və bu sahədə beynəlxalq miqyasda qəbul edilmiş prinsiplərin olduğunu nəzərə alaraq, müəssisənin strukturunda Post-konflikt Ərazilərin Bərpası Elmi Mərkəzinin yaradılmasının təklif edildiyini söyləyib.
O, bu ilin noyabr ayında AMEA-nın Rəyasət Heyətində post-konflikt ərazilərin bərpasına həsr edilən tədbirin keçirildiyini xatırladıb.
Müzakirələr nəticəsində İqtisadiyyat İnstitutunun strukturunda Post-konflikt Ərazilərin Bərpası Elmi Mərkəzinin yaradılması məqsədəuyğun hesab edilib.