Koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə xüsusi karantin rejiminin tətbiq edildiyi 5 şəhərin və 12 rayonun giriş və çıxışlarında quraşdırılmış xüsusi postlarda Daxili İşlər Nazirliyinin hərbi qulluqçuları və polis əməkdaşları tərəfindən nəzarət-profilaktiki yoxlamalar davam etdirilir.
Bu barədə “QİA.AZ”a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.
Dəfələrlə edilən xəbərdarlıqlara baxmayaraq, bəzi vətəndaşlar tərəfindən 2021-ci il yanvarın 20-də də karantin rejimi qaydalarının və tələblərinin pozulması halları aşkarlanıb.
Nəzarət-profilaktik tədbirlər nəticəsində postlardan müvafiq qaydada icazə almadan keçməyə cəhd göstərən 2 315 nəqliyyat vasitəsi müəyyən olunaraq geri qaytarılıb.
Eləcə də qeyd olunan müddətdə ölkə üzrə karantin rejimi qaydalarını pozan 3 nəfər barəsində həbs, 1 296 nəfər barəsində digər inzibati tənbeh tədbirləri tətbiq olunub.
Ev şəraitində müalicə təyin edilən 2 nəfər aktiv COVID-19 xəstəsi ictimai yerlərdə müəyyən olunaraq evə qaytarılıb və barələrində cinayət işi başlanılıb.
“Bu istiqamətdə həyata keçirilən bütün tədbirlər əhalinin təhlükəsizliyinin təmin edilməsi və onların sağlamlığının qorunmasına xidmət edir”, – Mətbuat xidmətindən bildirilib.