Postmüharibə dövründə Vətən müharibəsi ilə əlaqədar 1800-ə yaxın şəxs aktiv məşğulluq tədbirlərinə cəlb edilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi tərəfindən postmüharibə dövründə 1800-dək şəhid və yaralanmış hərbçi ailəsi, müharibə iştirakçısı, erməni terrorundan zərər çəkən şəxs aktiv məşğulluq tədbirlərinə cəlb edilib.

Nazirlikdən QİA.AZ-a bildirilib ki, onlardan 1540 şəxs (o cümlədən 860 şəhid ailəsi üzvü, 420 yaralanmış qazi və ya ailə üzvü) növbədənkənar özünüməşğulluq proqramına cəlb edilib. Onlara mal və materiallar, avadanlıqlar formasında aktivlər verilməklə, kiçik ailə müəssisələri yaradılır ki, bu da kiçik binzesə çıxış imkanlarına malik olmalarına imkan verir.
Erməni terroru nəticəsində evləri dağılmış 30-dək şəxs üçün də özünüməşğulluq proqramı çərçivəsində aktivlər verilərək kiçik müəssisələr qurulub.

Postmüharibə dövründə Agentlik Vətən müharibəsi şəhidlərinin və yaralanmış hərbçilərin ailə üzvlərindən, müharibə iştirakçıları və erməni terrorundan zərər çəkən şəxslərdən 219 nəfərini istəklərinə uyğun olaraq haqqı ödənilən ictimai işlərə cəlb edib. 31 nəfəri isə əməkhaqqının birgə maliyyələşdirilməsi proqramı üzrə işlə təmin olunub.

Oxşar Xəbərlər