Azərbaycan Premyer Liqasında XXVII tura start verilib.
QİA.Az Oxu.Az-a istinadən xəbər verir ki, ilk gündə bir oyun keçirilib.
Günün yeganə matçında “Neftçi” meydana çıxıb. “Ağ-qaralar” doğma “Neftçi Arena”da “Səbail”i qəbul edib.
Turnir cədvəlində qonşu olan komandaların duelinə ev sahibləri sürətli başlayıblar. Miodraq Bojoviçin yetirmələri fasiləyə qədər rəqib qapısından iki cavabsız top keçiriblər. Əvvəlcə 23-cü dəqiqədə “Səbail”in israilli müdafiəçisi Nir Bardea avtoqol müəllifi olub.
Cəmi dörd dəqiqə sonra bu dəfə “Neftçi”nin müdafiəçisi Azər Salahlı “səhnəyə çıxıb” və “dənizçilər”i ikinci dəfə mərkəzə dəvət edib. Qarşılaşmada son nöqtəni 85-ci dəqiqədə Yeqor Boqomolski qoyub.
Beləliklə, rəqibini 3:0 hesabı ilə məğlub edən “Neftçi” xallarının sayını 40-a çatdırıb. “Səbail” isə 37 xalda qalıb. Şahin Diniyevin baş məşqçisi olduğu komanda “Neftçi” önündə 5 illik qələbə həsrətinə son qoya bilməyib. “Səbail” bu rəqibini sonuncu dəfə 2019-cu ildə məğlub edib.
Qeyd edək ki, III dövrənin son turunun digər oyunları martın 16-17-də keçiriləcək.

