“Sərhədlərin qurulması istiqamətində təxirəsalınmaz işlər aparılmalıdır. Çünki bizim Ermənistanla 100 kilometrlərlə sərhədimiz yaranıb. Yəni, artıq bu sərhəd bizim nəzarətimizə keçib. Orada bütün sərhəd infrastrukturu təşkil edilməlidir”.
“QİA.AZ” xəbər verir ki, bu fikirləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 6-da 2020-ci ilin yekunlarına həsr olunmuş videoformatda keçirilən müşavirədə çıxışı zamanı deyib.
“Dövlət Sərhəd Xidmətinə müvafiq göstərişlər verilib. Hazırda Dövlət Sərhəd Xidməti Zəngilan-Qubadlı sərhədinin mühafizəsi ilə məşğuldur. Kəlbəcər-Laçın istiqamətində Müdafiə Nazirliyinin qoşunları xidmət göstərirlər. Gələcəkdə bu məsələyə də baxılacaq. Hər halda sərhədin mühafizəsi xüsusi əhəmiyyət daşıyır. Çünki Ermənistanda revanşist qüvvələr var və biz onların bəyanatlarını diqqətsiz qoya bilmərik. Amma hər kəs bilməlidir ki, əgər bizim sərhədimiz pozularsa, onu pozan cəzalandırılacaq və belə təxribatlar bu qüvvələrə çox baha başa gələcək.
Eyni zamanda, Azərbaycan Respublikası İran İslam Respublikası ilə öz sərhədini tamamilə bərpa edib. 132 kilometr uzunluğu olan yeni sərhəd yaranıb. Mən Xudafərin körpüsünə gedərkən bildirmişdim ki, bu sərhəd dostluq sərhədidir. Həqiqətən belədir. Amma sərhəd sərhəddir və sərhəd infrastrukturu mütləq yaradılmalıdır. Bu məsələlər üçün də vəsait ayrılmalıdır”, – Prezident əlavə edib.