“Azərbaycan Respublikası tarixən dini və mədəni köklərlə bağlı olduğu İran İslam Respublikası ilə münasibətlərə xüsusi əhəmiyyət verir. Strateji əməkdaşlıq səviyyəsinə yüksəlmiş əlaqələrimizin mövcud vəziyyəti məmnunluq doğurur”.
QİA.AZ-ın xəbərinə görə, bu, Azərbaycan Prezidenti İlham Əliyevin İran İslam Respublikasının yeni seçilmiş prezidenti Seyid İbrahim Rəisiyə ünvanladığı təbrik məktubunda qeyd edilib.
“Ölkələrimiz arasında çoxsaylı qarşılıqlı səfərlər, imzalanan sənədlər, həyata keçirilən birgə layihələr, o cümlədən Dövlət Komissiyasının uğurlu fəaliyyəti qarşılıqlı maraq doğuran əməkdaşlığımızın inkişafında mühüm rol oynayır.
Azərbaycanın əzəli, tarixi torpaqlarının işğaldan azad edilməsi ilə Azərbaycan-İran dövlət sərhədi tam bərpa edilmişdir. Bu yeni vəziyyət ölkələrimiz arasındakı ikitərəfli əlaqələrin daha da gücləndirilməsi və regional əməkdaşlığın inkişafı baxımından böyük imkanlar vəd edir”, – məktubda vurğulanıb.