“Xudafərin körpüsü Müstəqillik Günündə – keçən il oktyabrın 18-də düşməndən azad edilmişdir. Bu ərazinin düşməndən azad edilməsində sərhədçilər xüsusi rol oynamışdır. Azadlıq mübarizəmiz məhz bu istiqamətdən başlamış və Vətən müharibəsi 44 gündən sonra Ordumuzun, Silahlı Qüvvələrimizin Qələbəsi ilə nəticələnmişdir”.
“QİA.az” xəbər verir ki, bunu aprelin 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Cəbrayıl və Zəngilan rayonlarına səfəri zamanı Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçuları ilə görüşdə deyib.
“Bu ərazidə şiddətli döyüşlər gedirdi, hər bir kənd uğrunda şiddətli döyüşlər gedirdi, biz şəhidlər verirdik. Allah bütün şəhidlərimizə rəhmət eləsin, onların əziz xatirəsi bizim qəlbimizdə əbədi yaşayacaqdır. İtkilərə baxmayaraq, biz hər gün irəli gedirdik. 44 günlük müharibə dövründə bir gün belə geriyə addım atmamışıq. 44 gün ərzində hər bir gün Zəfər günü idi. 44 gün ərzində Ermənistanın bütün cəhdlərinə baxmayaraq, bir dənə də uğurlu əməliyyat keçirə bilməmişlər. Bax, bu istiqamətdə onlar əks-hücum əməliyyatı planlaşdırmışdılar və bunu həyata keçirməyə başlamışdılar. Amma bu, onların sonunun başlanğıcı olmuşdur. Çünki həmin əks-hücum əməliyyatı Azərbaycan Silahlı Qüvvələri tərəfindən tamamilə darmadağın edilmişdir, düşmən böyük sayda itki vermişdir və düşmənin onlarla texnikası məhv edilmişdir. Biz məhz bu istiqamətdən – Füzuli-Cəbrayıl istiqamətindən bir çox müdafiə xətlərini keçərək azadlığa yol açmışdıq”, – dövlət başçısı bildirib.