Azərbaycanda media ilə bağlı məhdudiyyətlər yoxdur.
QİA.AZ xəbər verir ki, bunu Prezident İlham Əliyev Brüsseldə işgüzar səfərdə olarkən dekabrın 15-də İtaliyanın “İl Sole 24 Ore” qəzetinə müsahibəsində deyib.
Dövlət başçısı bildirib:
“Bizdə azad internet var və senzura mövcud deyil. Azərbaycan əhalisinin 80 faizindən çoxu internet istifadəçisidir, medianı məhdudlaşdırıb azad internetə malik olmaq mümkünsüzdür. Eynilə insan hüquqları məsələsi. Bütün insan hüquqları qorunur və bu gün Azərbaycan uzun illər əvvəl üzləşdiyi tənqidə məruz qalmır. Çünki birincisi, biz avropalı tərəfdaşlarımızı inandırmağa müvəffəq olduq ki, onların məlumatı əsasən səhv ssenariyə əsaslanıb və biz genişmiqyaslı siyasi və iqtisadi islahatlar həyata keçirdik. İkincisi, əgər siz mahiyyətə diqqət etsəniz, görərsiniz ki, Ermənistanda insan haqları və siyasi azadlıqlar kobud şəkildə pozulur. Məsələn, siyasi partiyaların çoxlu təmsilçiləri həbsdədir. Əsas siyasi partiyaların liderlərinə qarşı cinayət işləri açılıb. Ermənistanda repressiyalarla bağlı böyük ictimai narazılıq var və bütün bunlar açıq-aşkar faktlardır. Lakin Ermənistanın sanki bir daimi çətiri var, orada nə baş verməyindən asılı olmayaraq, o, demokratiya hesab olunur. Bir növ ikili standartlar…”.