Mən beynəlxalq strukturların çoxsaylı rəhbərləri və dövlət başçıları ilə əlaqədə olarkən müşahidə edirəm, indi biz öz haqq işimizə qat-qat artıq dəstək görürük.
QİA.AZ xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 12-də yerli televiziya kanallarına müsahibəsində deyib.
Dövlət başçısı bildirib:
“Müharibənin başa çatmasından bir il keçəndən sonra beynəlxalq birliyin reaksiyası məni qane edir. Lakin deməliyəm ki, bu, çox cəhətdən bizim fəaliyyətimiz nəticəsində baş verib. Ona görə ki, müharibə qurtarandan sonra, elə ertəsi gün mənim tapşırığımla biz işə başladıq ki, müharibənin nəticələri bütün beynəlxalq birlik tərəfindən qəbul edilsin. Yəni, biz, belə deyək, bircə gün də həm ərazilərin bərpası baxımından, həm də artıq dediyim kimi, yüzlərlə kilometrlik sərhədin qaydaya salınması, beynəlxalq birliyin bunu qəbul etməsi baxımından nail olduğumuz işləri dayandırmamışıq. Bu iş tədricən gedib, lakin hər halda biz buna nail olmuşuq. ATƏT-in Minsk qrupunun həmsədrlərinin ilk bəyanatlarını yada salsaq görərik ki, onlar yeni reallıqlardan tamamilə uzaq idi. Biz orada vaxtaşırı həm münaqişə mövzularını, həm də digər qəbuledilməz məsələləri görürdük. Lakin sonradan, onların bəyanatlarına baxsaq indi artıq həm 10 noyabr tarixli üçtərəfli Bəyanata, həm də başqa sənədlərə istinadlar görərik. Yəni, reallıq artıq üstünlük təşkil edir. Bir də ki, bilirsiniz, Azərbaycan artıq o ölkə deyil ki, onun mənafelərinə etinasızlıq göstərilsin. Əlbəttə, biz heç vaxt özümüzü şişirməmişik və şişirtməli deyilik, lakin lazımınca qiymətləndirməmək də gərək deyil. Biz öz konstitusion hüquqlarımız çərçivəsində, BMT-nin Nizamnaməsi, Helsinki Yekun Aktı çərçivəsində yeni reallıq yaratmışıq və hamı bu reallıqla hesablaşmalıdır. Bu, asan məsələ deyildi. Bu, ictimaiyyətə görünməyən iş idi. Ona görə ki, biz bu işi açıq şəkildə görə bilməzdik. Əks halda özümüzə ziyan vura bilərdik. Ona görə bu, daimi iş idi. Nəticədə bu gün beynəlxalq təşkilatlar – BMT, Qoşulmama Hərəkatı, ATƏT, Avropa İttifaqı, MDB bu reallıqları tamamilə qəbul ediblər. Biz bunu həm formal mənada, həm də xalis ünsiyyətdə görürük. Üstəlik, mən beynəlxalq strukturların çoxsaylı rəhbərləri və dövlət başçıları ilə əlaqədə olarkən müşahidə edirəm, indi biz öz haqq işimizə qat-qat artıq dəstək görürük. Bəli, amma bunlar hər şey başa çatandan sonra belə olub. Əlbəttə, çoxları bizə deyir ki, siz haqlı idiniz, siz hər şeyi düzgün edirdiniz, biz həmişə sizin tərəfinizdə olmuşuq. Lakin nədənsə çoxları bu barədə susmağı üstün tuturdu. Amma bilirsiniz, həmişə qaliblərin dostları çox olur. Biz bunu tarixdə dəfələrlə görmüşük, lakin hər halda bu, müsbət addımdır, xüsusən deməliyəm ki, buna İkinci Qarabağ müharibəsinin necə getməsi də yəqin ki, təsir göstərib. Biz o müharibəni ləyaqətlə, kişi kimi, beynəlxalq humanitar normaları pozmadan aparmışıq. Mən dəfələrlə demişəm, erməni tərəfdən dinc əhali arasında itki az olub. Olan qurbanlar da yalnız müharibədə iştirak edən dinc vətəndaşlar olub. Erməni tərəfi isə alçaqcasına hücumlar edib, bizim şəhərlərimizi daim bombalayıb. Təkcə Tərtərə 16 min mərmi düşüb. Təsəvvür edin, kiçik bir şəhər və 16 min mərmi. Bəs Gəncə, bəs Şuşa, “Skad”lar, “İskəndər”lər!
Müharibənin daha bir epizodu barədə hələ danışmamışam. Yəqin ki, bu söhbət ilk dəfə biz Zəngilan istiqamətində Ermənistanla sərhədə doğru irəliləyəndə və Ağbənd qəsəbəsinə bir neçə kilometr qalan vaxt olub. Biz məlumat aldıq ki, erməni tərəfi Rusiya tərəfinə müraciətlə xahiş edib ki, Rusiyanın Gümrüdəki hərbi bazasının kontingentinin bir hissəsi oraya, sərhədə, Zəngilana ezam edilsin. Bunu onunla əsaslandırmaq istəyirdilər ki, guya Azərbaycan Ermənistan ərazisinin Mehri hissəsini ələ keçirmək niyyətindədir. Hərçənd bizim belə niyyətimiz yox idi. Bununla belə Gümrüdəki Rusiya bazasının çox məhdud kontingenti oraya ezam edildi. Bu operativ informasiya bizdə vardı. Bu hadisə baş verəndən dərhal sonra erməni silahlı qüvvələri rusiyalı hərbi qulluqçuların arxasından Azərbaycan qoşunlarını atəşə tutmağa başladılar. Orada məsafə çox kiçik idi, buna görə onlar minomyotlardan da atəş açırdılar. Orada biz tələfat verdik. Lakin təbii ki, biz cavab verdik və dərhal Rusiyaya müraciət etdilər ki, Azərbaycan rusiyalı hərbi qulluqçuları atəşə tutur. Bu dərəcədə alçaqlığı təsəvvür etmək olarmı? Yeri gəlmişkən, Rusiya tərəfi sonralar, artıq bizimlə kontaktlarda bu hadisəni eyni ilə mənim kimi qəbul edirdi: bu, alçaqlıqdan başqa bir şey deyil. Yəni istəyirdilər ki, biz erməni mövqelərinə cavab atəşi açmaqla rusiyalı hərbi qulluqçulara ziyan vuraq, onlar öz məqsədlərinə çatsınlar və Rusiyanı bu müharibəyə cəlb etsinlər.
Müharibə dövründə baş verən çox hadisələr erməni tərəfin hərəkətlərinin alçaq xarakterinə sübutdur. Hətta öz hərbi qulluqçularına münasibətdə. Səngərlərdə, maşınlarda, yük maşınlarında zəncirlə bağlanmış vəziyyətdə ölən erməni hərbi qulluqçularını nə qədər tapdıq. Ermənistanın hərbi və siyasi komandanlığı fərarilərin yerindəcə güllələnməsi barədə göstəriş vermişdi. Bütün bu informasiya bizdə var. Ona görə ki, biz təkcə Qarabağda deyil, Ermənistan ərazisinin çox hissəsində də bütün məkanı izləmişik. Buna görə baş verənlər haqqında mötəbər informasiyaya malik idik. Yeri gəlmişkən, indi də belədir.
Düşünürəm ki, bu amil də rol oynayıb. Fikrimcə növbəti amil odur ki, biz işğaldan azad edilmiş ərazilərə dərhal müxtəlif ölkələrdən olan diplomatların, jurnalistlərin, ictimaiyyət nümayəndələrinin səfərlərini təşkil etdik. Onlar hamısı şokda idi. Elə biz hamımız da. Orada olan hər birimiz, sadəcə, şok vəziyyətinə düşürdük. Ona görə ki, biz vandalizmin və barbarlığın miqyasını bilmirdik. Bu da ermənilərin bütün ideoloji konsepsiyasını tamamilə alt-üst edirdi ki, guya onlar sivil xalqdır, qədim xalqdır, barbar müsəlmanların əhatəsində qalıblar, Qafqazda xristianlığın nəticəsi olan nəcib xalqdır. Məgər nəcib xalq belə hərəkət edə bilərmi? Ölüləri qəbirdən çıxarıb onların qızıl dişlərini çıxartmaq, qəbirüstü daşları sındırıb qonşu ölkələrə satmağa aparmaq, məscidləri dağıtmaq, orada donuz saxlamaq. Biz bütün bunları göstərdik, hərçənd heç nə göstərməyə ehtiyac yox idi, sadəcə, adamların oraya gəlməsi lazım idi ki, özləri baxıb görsünlər. Mən hələ işğal dövründə müsəlman ölkələrə müraciətlə deyəndə ki, ermənilər dəhşətli hadisələr törədir, bütün müsəlmanların müqəddəs ziyarətgahlarını təhqir edirlər, bəlkə də çoxları buna inanmırdı, lakin indi özləri bunu görəndən sonra necə qəbul edəcəklər? Yəni burada baş verənlərin dərk edilməsində, bizim təkcə tarixi, hüquqi və siyasi baxımdan deyil, həm də xalis insanlıq baxımından haqlı olmağımızı dərk etməkdə daha bir dönüş baş verdi. Biz belə hərəkətlər etməmişik. Hazırda bizim nəzarətimizdə olan kəndlərdə, – mən ermənilərin yaşadıqları kəndləri nəzərdə tuturam, – hər şey salamatdır. Bir il keçib, mən Hadrutda olmuşam, orada bircə binaya da toxunulmayıb. İşğal dövründə orada əsasən ermənilər yaşayırdı. Bu, ümumiyyətlə, Azərbaycan xalqının xarakterinə ziddir. Heç bir qəbirüstü daş sındırılmayıb, heç bir kilsə dağıdılmayıb. Amma yəqin bilirsiniz, UNESCO ilə bağlı epopeyanı deyirəm, onlar bizi az qala vandalizmdə təqsirləndirməyə çalışırdılar, düşünürdülər ki, indi biz kilsələri dağıdacağıq. Biz ermənilərin buraya gəlməsi marşrutunu onlarla razılaşdırdıq. Onlar da, onlarla əlaqədə olan bəzi ölkələr də çox təkidlə buraya gəlmək istəyirdilər. Biz işğaldan azad edilmiş ərazilərə xarici diplomatların və əcnəbi jurnalistlərin səfərlərini təşkil edəndə, onlar bu kilsələrin və bu qəbirlərin yerində olduğunu görəndə UNESCO-nun gəlməsi mövzusu gündəlikdən çıxarıldı. Məsələ belədir. Biz bütün illər boyu onları dəvət edirdik. Cavab necə olurdu? Deyirdilər ki, UNESCO siyasi məsələlərlə məşğul olmur. İkinci Qarabağ müharibəsi başa çatan kimi onlar təkidlə buraya gəlməyi xahiş etməyə başladılar. Biz marşrutları razılaşdırdıq və sair. Bu müddətdə baş verənlər məlumdur. Onlar özləri də gördülər ki, biz heç nəyi dağıtmırıq, amma buraya gələndə dağıdılmış məscidləri, dağıdılmış qəbiristanlıqları, tarixi abidələri, dağıdılmış şəhərləri görəcəklər, sadəcə, bunu kimin etdiyini deməyə məcbur olacaqlar. Deməli, bunu etmək istəmirlər. Bütün bu amillər, üstəgəl bizim fəal diplomatik işimiz bu reallıqların dünyada qəbul edilməsinə şərait yaratdı. Hesab edirəm ki, bu, böyük uğurdur. Ona görə ki, bu müharibədən sonra, əslində, biz müharibə başlayacağı halda nələr baş verəcəyi barədə dünya miqyaslı himayədarları olan Ermənistanın bütün proqnozlarını, bütün fərziyyələrini alt-üst etdik. Əlbəttə, düşünürəm ki, dünya Azərbaycan xalqının öz torpağına nə qədər sadiq olduğunu, hər şeyə – qurbanlar verməyə də, böyük riskə də nə dərəcədə hazır olduğunu gördü və bu amil də rol oynadı. Ona görə ki, sentyabrın 27-də ermənilərin himayədarlarının reaksiyasını hətta mən də – bunu bilən və ya güman edə biləcək adam da fərz edə bilməzdik. Bütün bunlar öz rolunu oynadı. Buna görə də bizim xalqımıza və ölkəmizə hörmət inanılmaz dərəcədə artdı. Biz bunu görürük. Bunu hər kəs, hər bir azərbaycanlı, Azərbaycandan uzaqda yaşayan hər kəs görür və hiss edir. İkinci Qarabağ müharibəsi təkcə ərazilərin azad edilməsi, təkcə milli ruhun oyanması və ləyaqət hissinin qaytarılması demək deyil, bu, çox böyük multiplikativ, müsbət effektdir və düşünürəm ki, daim müsbət təsir göstərəcək”.