Prezident İlham Əliyev BMT-nin Baş katibinə məktub göndərib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Birləşmiş Millətlər Təşkilatının Baş katibi Zati-aliləri cənab Antonio Quterreşə təbrik məktubu göndərib.

“QİA.az” xəbər verir ki, məktubda deyilir:

“Hörmətli cənab Baş katib,

Birləşmiş Millətlər Təşkilatının Baş katibi vəzifəsinə yenidən seçilməyiniz münasibətilə Sizi ürəkdən təbrik edirəm.

Birləşmiş Millətlər Təşkilatı ilə əməkdaşlıq Azərbaycan Respublikası üçün xüsusi əhəmiyyət daşıyır. Azərbaycan həm BMT-nin üzvü, həm də Qoşulmama Hərəkatının hazırkı sədri qismində təşkilatın qlobal çağırışlara qarşı mübarizəsini, dünya ictimaiyyətini narahat edən məsələlərdə fəal mövqeyini dəstəkləyir və bu işə öz töhfəsini verməyə davam edəcəkdir.

Əminəm ki, Sizin qarşıdakı fəaliyyətiniz bundan sonra da dünyada sülhün və təhlükəsizliyin qorunub saxlanmasında, beynəlxalq əməkdaşlığın təşviqində BMT-nin mühüm alət olaraq rolunun güclənməsinə xidmət edəcəkdir.

Bir daha Sizə səmimi təbriklərimi və xoş arzularımı yetirir, möhkəm cansağlığı, xoşbəxtlik, məsul işinizdə müvəffəqiyyətlər diləyirəm”.

Oxşar Xəbərlər