Prezident İlham Əliyev: Hərbi Qənimətlər Parkı ilk növbədə, bizim Zəfərimizin nümayişidir

Hərbi Qənimətlər Parkı ilk növbədə, bizim Zəfərimizin nümayişidir.

Bunu Prezident İlham Əliyev Rusiyanın nüfuzlu “Nasionalnaya oborona” jurnalının baş redaktoru, tanınmış hərbi ekspert İqor Korotçenkoya müsahibəsi zamanı deyib.

Dövlət başçısı bildirib:

“Bu, məhz ağır döyüşlərdə qazanılmış Zəfərimizin nümayişidir. Ona görə ki, bir daha deyirəm, biz düşməni əsla zəif hesab etməməli idik və heç vaxt belə etməmişik, onlar çox yaxşı silahlanmışdı. Təbii ki, həmin parkda məhv edilənlərin və ələ keçirilənlərin az bir hissəsi nümayiş etdirilir. Bütün qənimətlərin və məhv edilmiş hərbi texnikanın tam siyahısı isə mətbuatda var, mən bunu demişəm. Buna görə də, ilk növbədə, bu, qələbənin nümayişi, həlak olanlara ehtiram əlaməti, gənc nəslin, artıq qalib xalqın nümayəndələri kimi yaşayacaq insanların nəsillərinin tərbiyəsi üçündür. Bu, tamam başqa emosional duyğular, tamam başqa əhval-ruhiyyədir. İşğalın bütün çətinliklərini hiss etməmiş, fiziki və mənəvi əzablara məruz qalmamış, daim ədalətsizlik, təhqir hissini keçirməmiş insanların öz torpaqlarından qovulmuş xalqdan 44 gün ərzində qalib xalqa çevrilmiş Azərbaycan xalqının keçirdiyi hissləri anlaması bəlkə də çətindir. Bu, çox ciddi hisslərdir.

Həmin parkın rəmzi mənalarından biri də ondan ibarətdir ki, biz bu müharibəni heç vaxt unutmayaq. Mən dəfələrlə demişəm, bəli, müharibə başa çatıb, biz bu səhifəni çevirməyə hazırıq, biz hətta Ermənistan ilə sülh müqaviləsi üzərində işə başlamağa hazırıq, lakin biz heç vaxt işğal dövrünü unutmamalı, Xocalının günahsız qurbanlarını, həlak olmuş mülki və hərbi vətəndaşlarımızı unutmamalıyıq. Bu xatirəni daimi yaşatmaq üçün bu park lazımdır. Orada həm də erməni komandirlərin öz hərbi qulluqçularına qeyri-insani münasibəti azacıq da olsa nümayiş etdirilir. Biz tərk edilmiş səngərlərdə oraya zəncirlə bağlanmış insanları tapırdıq. Məhv edilmiş hərbi yük maşınlarında onların sürücülərini tapırdıq. Bu adamlar qaçmamaları üçün zəncirlə sükana bağlanmışdı. Bu, sadəcə, barbarlıqdır və bunu hamı bilməlidir – onların himayədarları da, necə deyərlər, bütün işğal illəri ərzində onları təbliğ edənlər də, bizim vətəndaşlar da. Yəni bu, böyük rəmzi məna daşıyır və biz bəlkə də şəhərdə ən yaxşı yeri seçmişik. Bu yer çoxdan boş idi, əvvəllər orada hansısa təsərrüfat tikililəri, hansısa müəssisələr yerləşirdi. Bu yer əvvəl bulvar deyildi. Biz həmin istiqamətdə bulvar tikəndə o yeri təmizlədik və sadəcə, boş saxladıq, düşünürdük ki, lazım gələr. Həqiqətən lazım gəldi. Elə orada – yaxınlıqda tikiləcək Müharibə Muzeyinin, Zəfər Muzeyinin layihəsi artıq təsdiq edilib, yəqin ki, yaxın vaxtlarda biz Zəfər Muzeyinin tikintisinə başlayacağıq”.

Oxşar Xəbərlər