Prezident İlham Əliyev ilə Çin Xalq Respublikasının Sədri Si Cinpin arasında telefon söhbəti olub

İyunun 2-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə Çin Xalq Respublikasının Sədri Si Cinpin arasında telefon söhbəti olub.

Dövlət başçıları COVID-19 pandemiyası dövründə Azərbaycan və Çinin həqiqi dostluq nümayiş etdirərək, çətinliklərin öhdəsindən gəldiklərini və bir-birini dəstəklədiklərini məmnunluqla qeyd ediblər. Prezident İlham Əliyev COVID-19 pandemiyası ilə mübarizədə dəstəyə görə ÇXR Sədrinə təşəkkürünü bildirib.

Qeyd olunub ki, Azərbaycan və Çin siyasi, iqtisadi və nəqliyyat-logistika sahələrində uğurla əməkdaşlıq edirlər. Dövlətimizin başçısı Azərbaycanın Çinlə əlaqələri daha da möhkəmləndirməyə hazır olduğunu qeyd edib və Çin şirkətlərinin Azərbaycanda fəaliyyətinin daha da genişləndirilməsini alqışlayıb.

Prezident İlham Əliyev Çin Kommunist Partiyasının yaranmasının 100 illiyi münasibətilə səmimi təbriklərini ÇXR Sədri Si Cinpinə çatdırıb.

Si Cinpin Çin-Azərbaycan münasibətlərinin yeni tarixi mərhələnin astanasında olduğunu vurğulayıb və bildirib ki, hər iki ölkə ənənəvi dostluğu inkişaf etdirir, əməkdaşlığı dərinləşdirir və qarşılıqlı dəstəyi artırır. ÇXR Sədri Azərbaycanın “Bir kəmər bir yol” təşəbbüsünün reallaşdırılması istiqamətində vacib tərəfdaş olduğunu və Çinin Azərbaycan xalqının seçdiyi inkişaf yolunu dəstəklədiyini vurğulayıb.

Dövlət başçıları qeyd ediblər ki, 2022-ci ildə iki ölkə arasında diplomatik münasibətlərin yaradılmasının 30 illiyi qeyd olunacaq və bu əlamətdar hadisə iki ölkə arasında əlaqələrin daha da inkişafına imkan yaradacaqdır.

Dövlət başçıları hər iki ölkənin “Bir kəmər bir yol” layihəsinin inkişafı çərçivəsində fəaliyyətlərin birgə əlaqələndirilməsinin və mövcud imkanlardan faydalanmağın əhəmiyyətinə toxunublar. Həmçinin, iki ölkənin nəqliyyat və logistika sahəsində əməkdaşlığı dərinləşdirməsinin, Mərkəzi Asiya və Avropada nəqliyyat dəhlizlərinin yaradılmasını təşviq etməsinin zəruriliyi qeyd olunub.

Si Cinpin Çin şirkətlərinin Azərbaycana investisiya qoyuluşunu daha da təşviq etməyə, infrastruktur layihələri çərçivəsində əməkdaşlığı inkişaf etdirməyə hazır olduqlarını bildirib.

Söhbət əsnasında iki ölkənin hərtərəfli strateji tərəfdaşlıq əlaqələrinin inkişafını təşviq etmək üçün birgə səylər göstərməyə hazır olduğu qeyd edilib.

Dövlət başçıları qarşılıqlı olaraq ölkələrinin ərazi bütövlüyü və suverenliyinə dəstəklərini ifadə ediblər.

Prezident İlham Əliyev 2022-ci ildə keçiriləcək Pekin Qış Olimpiya və Paralimpiya Oyunlarının təşkilində Çin Xalq Respublikasına müvəffəqiyyətlər arzulayıb.

Oxşar Xəbərlər