Prezident İlham Əliyev: O vaxt sovet hakimiyyəti Zəngəzuru Azərbaycandan qoparıb Ermənistana birləşdirdi

Avq 26, 2021

O vaxt sovet hakimiyyəti bizim tarixi torpağımız olan Zəngəzuru Azərbaycandan qoparıb Ermənistana birləşdirdi.

QİA.AZ xəbər verir ki, bu barədə Prezident İlham Əliyev şəhid ailələri və Qarabağ qaziləri ilə görüşündə deyib

Dövlət başçısı bildirib:

“Bu gün biz bu əraziləri bərpa edərək tarixi ədaləti bərpa edirik. Əfsuslar olsun ki, xalqımız uzun illərdir ədalətsizliklərlə üzləşir. XX əsrin 20-ci illərində xalqımıza iki böyük zərbə vuruldu. Birincisi, 1920-ci ildə. O vaxt sovet hakimiyyəti bizim tarixi torpağımız olan Zəngəzuru Azərbaycandan qoparıb Ermənistana birləşdirdi. Ondan sonra o bölgədə azərbaycanlılar deportasiyaya məruz qaldılar.

İkinci isə 1923-cü ildə bizim ərazimizdə süni bir qurum yaradıldı – Dağlıq Qarabağ Muxtar Vilayəti, hansı ki, bunun yaradılmasının heç bir əsası yox idi. Nə tarixi əsası var idi, nə coğrafi əsası var idi, nə də iqtisadi əsası var idi. Heç bir əsası yox idi. Sadəcə olaraq, bizim canımıza bu süni bir cisim yeridildi ki, bir canlı bomba kimi orada dursun və vaxtında partlasın. Belə də oldu. 1923-cü il iyulun 7-də Dağlıq Qarabağ Muxtar Vilayəti yaradıldı. Onun da mərkəzi şəhəri bizim Xankəndi qəsəbəmiz olmuşdu. Ona da cəllad Stepan Şaumyanın adını verdilər, Stepanakert adlandırdılar. Xalqımıza iki böyük zərbə dəymişdi. Ondan sonra da zərbələr oldu. 1940-1950-ci illərdə Ermənistan ərazisindən – qədim Azərbaycan torpaqlarından azərbaycanlıların deportasiyası, 1980-ci illərin sonlarında erməni separatizminin baş qaldırması və buna sovet hakimiyyəti tərəfindən reaksiyanın verilməməsi. Əksinə, separatçıları təhrik edirdilər, onların havadarları bizə meydan oxuyurdular. Dağlıq Qarabağı Azərbaycandan qoparıb Ermənistana birləşdirmək sovet vaxtında ortaya atılmış tezis idi. Heydər Əliyev hakimiyyətdən gedəndən iki həftə sonra bu, ortalığa atıldı. Görünür ki, çoxdan belə planlar var idi. Amma Heydər Əliyev amili, onun qətiyyəti və gücü imkan vermirdi ki, baş qaldırsınlar. O canlı bomba, hansı ki, 1923-cü ildə qoyuldu Azərbaycanda və o partladı o vaxt. O vaxtkı Azərbaycan rəhbərliyi, sadəcə olaraq, buna ya hazır deyildi, ya da ki, öz vəzifə borcunu yerinə yetirə bilmədi. Bəzi hallarda xəyanət etdi, satqınlıq etdi. Nəticə etibarilə hələ sovet vaxtında Dağlıq Qarabağ Muxtar Vilayəti faktiki olaraq Azərbaycandan defakto ayrılmışdı. Orada bir xüsusi komitə yaradılmışdı. O komitəyə rəhbərlik üçün Moskvadan ermənipərəst bir adam gətirilmişdi. Hansı ki, faktiki olaraq orada ermənilərlə birləşib bizə qarşı iş aparılırdı”.

Oxşar Xəbərlər