Prezident İlham Əliyev Paşinyanla görüş barədə: Minsk qrupunun həmsədrləri təkliflə çıxış etsələr, biz buna qarşı çıxmarıq

Minsk qrupunun həmsədrləri görüş təklifi ilə çıxış etsələr, əlbəttə, biz buna qarşı çıxmarıq.

QİA.AZ xəbər verir ki, bunu Prezident İlham Əliyev sentyabrın 28-də Fransanın “France-24” televiziya kanalına müsahibəsində deyib.

Dövlət başçısı bildirib: “Keçən ilin noyabr ayında müharibə bitəndən bəri bizim bir-birimizi görmək üçün yalnız bir imkanımız olub. Bu, yanvar ayında Rusiya Prezidenti Vladimir Putin tərəfindən Moskvada təşkil olunan üçtərəfli görüş zamanı olub. Görüşün məqsədi müharibədən sonra hadisələrin gedişatını planlaşdırmaq idi. Bizim bir-birimizi görmək üçün başqa imkanımız olmayıb. Yəqin ki, bu pandemiya ilə və ya başqa səbəblərlə əlaqədar olub. Lakin Azərbaycan heç vaxt, hətta müharibə zamanı, hətta işğal zamanı belə istənilən yüksək səviyyəli təmaslara etirazını bildirməyib. Əksinə, hesab edirik ki, bu təmaslar hər iki tərəfdə ola bilən sualları cavablandıra bilər və regionun inkişafı üçün yeni başlanğıc nöqtəsi ola bilər. Bizim mövqeyimiz çox aydındır. Biz münaqişənin həll olunduğunu hesab edirik, keçmişə qayıdış olmamalıdır, Ermənistanda revanşizm əlamətləri olmamalıdır. Biz gələcək haqqında, sülh haqqında və regionu necə daha da sabit və təhlükəsiz etmək imkanları haqqında danışmalıyıq.

Adətən iki ölkə rəhbəri arasında təmaslar ATƏT-in Minsk qrupu çərçivəsində təşkil olunurdu. Onlar gündəliyi təklif edirdi, onlar görüşləri təşkil edirdi. Mənim prezidentlik təcrübəmdə heç vaxt Ermənistanın hər hansı bir rəhbəri ilə telefon danışığım olmayıb. Yəqin ki, bu yanaşma bunu etmək üçün doğru yol deyil. Lakin Minsk qrupunun həmsədrləri belə bir görüş təklifi ilə çıxış etsələr, əlbəttə, biz buna qarşı çıxmarıq”.

Oxşar Xəbərlər