Tarixi Qələbəmiz həm ölkəmizin, həm də bütövlükdə regionun inkişafında yeni dövrün başlanğıcıdır.
Bunu Prezident İlham Əliyev Müstəqilliyin bərpasının 30-cu ildönümü münasibətilə Azərbaycan xalqına müraciətində deyib.
Dövlət başçısı bildirib:
“Ölkəmiz bu gün nəhəng regional və qlobal layihələrin təşəbbüskarı və fəal iştirakçısıdır. Azərbaycan özünün milli maraqları əsasında müstəqil xarici siyasət yürüdür və dünya miqyasında etibarlı tərəfdaş kimi tanınır. Son illər ərzində iqtisadiyyatımızın həcmi üç dəfədən çox artmış, güclü iqtisadi infrastruktur yaradılmış, mədəni irsimizin qorunması, inkişafı və təbliğində, təhsil, səhiyyə və digər sosial sahələrdə ciddi uğurlar əldə edilmiş, insanlarımızın maddi rifahı əhəmiyyətli dərəcədə yaxşılaşmışdır. Torpaqlarının iyirmi faizinin 30 ilə yaxın işğal altında qalmasına, bir milyondan artıq qaçqın və məcburi köçkününün olmasına baxmayaraq, Azərbaycan məqsədlərinə doğru daim inamla irəliləmiş, öz hədəflərindən yayınmamışdır.
Uzun illər ərzində Azərbaycanın hərtərəfli inkişafı üçün rəhbər tutulan strateji xəttin, ölkəmizin daha da güclənməsi üçün görülən fasiləsiz işlərin məntiqi nəticəsi isə tarixi ədalətin bərqərar olması – Vətənimizin ərazi bütövlüyünün təmin edilməsi olmuşdur. Rəşadətli Ordumuz döyüş meydanında həqiqi qəhrəmanlıq və vətənpərvərlik nümayiş etdirərək cəmi 44 gündə torpaqlarımızı işğaldan qurtarmışdır. Azərbaycan xalqının apardığı Vətən müharibəsi Ermənistanın kapitulyasiya aktını imzalaması ilə nəticələnmişdir. Azərbaycanın Vətən müharibəsindəki Zəfəri regionumuzda yeni reallıqlar yaratmışdır. Tarixi Qələbəmiz həm ölkəmizin, həm də bütövlükdə regionun inkişafında yeni dövrün başlanğıcıdır.
Bizə Zəfər bəxş etmiş bütün igid oğullarımıza bir daha minnətdarlığımızı bildirir, Vətənimizin ərazi bütövlüyü naminə canlarından keçmiş şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edirik”.