İstər müharibə dövründə, istərsə də post-konflikt mərhələdə Prezident İlham Əliyevin yeni informasiya strategiyası Ermənistan və erməni lobbisinin, Azərbaycanı istəməyən xarici qüvvələrin tərksilah edilməsində xüsusi rol oynadı. Dövlət başçısı 44 günlük Vətən müharibəsi dövründə dünyanın 26 aparıcı mediasına – 18 telekanal, 5 agentlik və 3 qəzetə müsahibələr verdi. Bunlarla paralel, İlham Əliyev Ali Baş Komandan kimi hər gün ayrı-ayrı çıxışlar etdi, bəyanatlar səsləndirdi. Bütün dünya Prezident İlham Əliyevin timsalında hərbi və informasiya savaşına eyni anda şahidlik etdi və bunu hərbi-siyasi qələbənin əsas təməli kimi qiymətləndirdi. Çünki Prezident İlham Əliyev bütün çıxış və müsahibələrdə heç bir sualdan yayınmır, bütün məsələlərə mahiyyəti üzrə aydınlıq gətirir, onlara sistemli yanaşma nümayiş etdirir, prosesi məntiqlə və əhatəli şəkildə təhlil edir.
Eyni intellektual və strateji yanaşmanı biz postmüharibə dövründə də görürük. Belə ki, dövlət başçısının təqdim etdiyi yeni informasiya strategiyası müharibə dövründə Ermənistan-Azərbaycan münaqişəsi, Vətən müharibəsi haqqında həqiqətlər barədə dünya ictimaiyyətini ətraflı məlumatlandırmağa şərait yaratdığı kimi, postkonflikt dövrdə də regionun gələcəyi ilə bağlı planlar, işğaldan azad olunmuş ərazilərdə yenidənqurma və bərpa işləri, ermənilərin vandallığı və bunun mənəvi və hüquqi nəticələri barədə dünyaya dolğun məlumat verməyə geniş şərait yaradır.
Misal üçün, Prezident İlham Əliyevin 2021-ci il fevralın 26-da yerli və xarici media nümayəndələri üçün keçirilən mətbuat konfransında 4 saat ərzində 35 media qurumunun 50-dək sualına cavabları, aprelin 11-də ADA Universitetinin və Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin birgə təşkilatçılığı ilə “Cənubi Qafqaz üçün yeni baxış – müharibə sonrası inkişaf və əməkdaşlıq” mövzusunda dəyirmi masada dünyanın 15 ölkəsindən aparıcı beyin mərkəzlərinin nümayəndələrinin suallarına cavabları, eləcə də mayın 20-də Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin “Cənubi Qafqaz: Regional inkişaf və əməkdaşlıq perspektivləri” adlı videoformatda müzakirələrdə müxtəlif ölkələrin sabiq prezidentləri, baş nazirləri, yüksək vəzifəli şəxslər, tanınmış ictimai-siyasi xadimlər, diplomatlar, politoloqlarla müzakirələrdə iştirakı və çoxsaylı suallara ətraflı cavab verməsi və s. məqamları xüsusi qeyd etmək olar.
Təbii ki, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin “Cənubi Qafqaz: Regional inkişaf və əməkdaşlıq perspektivləri” adlı videoformatda müzakirələr də bu baxımdan olduqca əhəmiyyətli tədbir idi. Bu görüşdə iştirak edən sabiq prezidentlər, baş nazirlər və digər iştirakçılar öz ölkələrində və dünyada nüfuzu, politoloji fikrə, ictimai rəyə təsiri olan insanlardır. Təbii ki, onların hər birinin bu görüşdə Azərbaycanla bağlı səsləndirdikləri pozitiv fikirlər dünya ictimaiyyətində bir daha ölkəmizlə bağlı çox yüksək pozitiv rəy formalaşdırmış oldu. Eyni zamanda, dövlət başçısının informasiya strategiyası sayəsində Ermənistanın iç üzü, başına gələn müsibətlərin səbəbi və s. barədə dünya ictimaiyyətinə yeni və əsaslandırılmış formada təqdimat verildi.
Prezident İlham Əliyevin çıxışında və görüş iştirakçılarının suallarına verilən cavablarda bölgədəki real vəziyyətlə bağlı məntiqi əsası olan bir çox mesajlar verildi. Həmin mesajları bu formada təsnifatlandırmaq olar:
• Azərbaycana hərbi təcavüz Ermənistanı uzun onilliklər geri atdı;
• Bundan sonra da zaman itirmək Ermənistanın növbəti faciələrinin müqəddiməsi ola bilər;
• Ermənistanda revanşizm meyilləri sağlam düşüncəyə və inteqrasiyaya mane olur;
• Ermənistan ən azı 1 milyon mina basdırılmasının xəritəsi var, amma bunu verməməklə, Azərbaycanın əlavə vaxt, maliyyə itirməsinə səbəb olur, qayıdış prosesini ləngidir;
• Ermənistan minnətdarlıq ünvanının Azərbaycan olmasını dərk etməlidir;
• Zəngəzur dəhlizi regional iqtisadəlaqələri, kommunikasiyanı gücləndirməklə yanaşı, həm də əslində, Ermənistanın xilas qapısı, son şansıdır.
Beləliklə, Azərbaycan Prezidentinin əsaslandırılmış nitqləri, müzakirələrdə iştirakı və səsləndirdiyi fikirlər dünya mediasında, saiyasi dairələrdə də ciddi maraq yaradır. Bu maraq onu deməyə əsas verir ki, yeni informasiya strategiyası ölkədə, regionda və dünyada baş verən mühüm proseslərə dair Azərbaycanın mövqeyini və müvafiq mesajları daha effektiv şəkildə beynəlxalq ictimaiyyətə çatdırmaq imkanı yaradır.
Təsadüfi deyil ki, dünyanın müxtəlif ölkələrindən olan siyasi ekspertlər də Prezident İlham Əliyevin müzakirə və debatlarda, mətbuat konfranslarında ən mürəkkəb suallara açıqlığı və onları peşəkar formada cavablandırmaq bacarığı, yüksək məntiqi, intellekti, diplomatik məharəti, dünyada, regionumuzda və ölkəmizdə baş verən hadisələr və cərəyan edən proseslər barədə tam məlumatlılığı, elmi-politoloji biliyini yüksək qiymətləndirirlər. Bütün bunlara əsasən, deyə bilərik ki, Azərbaycan 44 günlük müharibə ilə dünya hərb tarixində bir çevriliş etdiyi kimi, təqdim etdiyi yeni informasiya siyasəti ilə də qlobal səviyyədə yeni bir strategiya təqdim edir.