Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dövlət bayramı – Belarus Respublikasının Müstəqillik Günü münasibətilə Prezident Aleksandr Lukaşenkoya təbrik məktubu ünvanlayıb.
QİA.az xəbər verir ki, məktubunda Belarus Prezidentinə səmimi təbriklərini və ən xoş arzularını çatdıran dövlətimizin başçısı qeyd edib: “Möhkəm dostluq əlaqələrinə, etimada və qarşılıqlı dəstəyə əsaslanaraq son onilliklər ərzində qardaş ölkələrimiz strateji tərəfdaşlığın çoxtərəfli münasibətlərini qurublar. Sizin Azərbaycana bu yaxınlarda etdiyiniz dövlət səfəri, keçirilən görüşlər və imzalanan sənədlər bir daha sübut etdi ki, Azərbaycanla Belarus arasında mövcud olan yaxşı əməkdaşlıq ənənələri bu gün uğurla inkişaf edir və yeni məzmunla zənginləşir.
Əminəm ki, bizim birgə səylərimiz gələcəkdə də Azərbaycan Respublikası ilə Belarus Respublikası arasında dost xalqlarımızın və ölkələrimizin maraqları naminə qarşılıqlı faydalı əməkdaşlığın inkişafına və möhkəmlənməsinə kömək edəcək perspektivli təşəbbüslərin və layihələrin həyata keçirilməsinə yönəldiləcək”.
Azərbaycan Prezidenti bu bayram günündə Prezident Aleksandr Lukaşenkoya möhkəm cansağlığı, xoşbəxtlik və ali dövləti fəaliyyətində uğurlar, Belarus Respublikasına isə əmin-amanlıq və tərəqqi arzulayıb.