Tarixi torpaqlarımızı 30 ildir işğal altında saxlayan Ermənistanın hərbi təxribatları müntəzəm xarakter alanda Azərbaycan cavab vermək məcburiyyətində qaldı.Xalq öz Prezidentinin ətrafında sıx birləşməklə bütün dünyaya sübut etdi ki, Qarabağ millətimizin milli ləyaqət rəmzidi və Azərbaycan xalqı Qarabağ arzusundan bir addım da geri çəkilməyib. Prezident İlham Əliyevin son 17 ildə həyata keçirdiyi millət quruculuğu prosesi ona gətirib çıxardı ki, Prezident-Ordu-Xalq birliyi qalib gəldi, düşmən 30 ildir işğal altında saxladığı torpaqlarımızdan qovuldu.Yanvarın 6-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2020-ci ilin yekunlarına həsr olunmuş videoformatda keçirilən müşavirədəki nitqində ölkəmizin ərazi bütövlüyünün bərpa edilməsi, Vətən müharibəsində əldə etdiyimiz qələbənin tarixi əhəmiyyətini bir daha nəzərə çatdıraraq vurğuladı ki, əvvəlki illərdə Azərbaycanın ərazi bütövlüyünün bərpa olunacağı və bunun istənilən yolla təmin ediləcəyinə dair vəd yerinə yetirildi. Vətən müharibəsində Azərbaycan xalqı da, dövləti də Qarabağın işğaldan azad olunması ilə bağlı var-qüvvəsini ortaya qoydu. İllərdi qurulan güclü ordu, yetişən vətənpərvər nəsil düşmən çəpərinə çevrildi. Əsgər və zabitlərimiz döyüş tapşırıqlarını şərəflə yerinə yetirdi. Strateji yüksəklikləri götürərək daha əlverişli mövqelərə sahib oldular. Otuz il ərzində Ermənistan rəhbərliyi “güclü ordusu” haqqında uydurmalar ortalığa atanda, “yenilməz Ermənistan ordusu” barədə miflər yaradanda Azərbaycanda dünya standartlarına uyğun ordu yaradılıb və bu ordunun gücü döyüş meydanında göründü.Prezident İlham Əliyev müharibənin gedişində dəfələrlə bəyan etdi ki, “dünyada heç bir qüvvə bizi haqq yolumuzdan döndərə bilməz. Dünyada heç bir ölkə bizim iradəmizə təsir edə bilməz. Biz haqq yolundayıq, biz qalib gəlirik, biz zəfər çalırıq və biz öz torpaqlarımızı geri alacağıq, ərazi bütövlüyümüzü bərpa edəcəyik!”. Bu əminlik 44 günlük müharibədən Azərbaycanın qalib ayrılmasını şərtləndirdi. Ermənistan bütün hərbi resurslarını itirdi, döyüşdə uduzduğunu görən düşmən isə xilas olmaq üçün bütün vasitələrə əl atdı. Dinc əhalini atəşə tutdu, gecə vaxtı yatan insanların başına ballistik bombalar yağdırdı. Ermənistandan fərqli olaraq isə Azərbaycan onların cavabını döyüş meydanında verdi, hərbi əməliyyatlar dövründə yalnız hərbi hədəflərə qarşı əməliyyatlar aparıldı, dinc əhalinin hədəfə götürülməməsi, ərazilərin boşaldılması üçün düşmənə vaxt verilməsi bir daha ölkəmizin ədalətli, məsuliyyətli, humanist siyasətinin bariz nümunəsidir.Vətən müharibəsi regional və qlobal miqyasda Azərbaycana dəstəyi də nümayiş etdirdi. Biz kimin kim olduğunu gördük və çoxları nəhayət, anladılar ki, Azərbaycanın ərazi bütövlüyü başqa ölkələrin ərazi bütövlüyü qədər əhəmiyyətli və önəmlidir. Azərbaycan Ermənistandan fərqli olaraq heç kimdən kömək istəmədi. O, yalnız öz gücünə arxalandı, xalqın marağı dövlətin iradəsi ilə birləşib düşmənə sarsıdıcı zərbə vurdu. Bu qələbə bir xalq kimi bizim gücümüzü göstərdi, Azərbaycanın bir dövlət kimi potensialını nümayiş etdirdi. Bunu düşmən də, onun havadarları da gördü. Gördülər ki, ötən 30 ildə Azərbaycan öz haqlı davasından bir addım da geri çəkilməyib və Azərbaycan Prezidenti döyüş meydanında tarixi ədaləti bərpa etməkdə qərarlıdır. Bu, işğalçını sülhə məcbur etmək, düşmənə layiq olduğu yeri göstərmək üçün əsil ölüm-qalım mübarizəsi idi. Biz həm də Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin arzusunun, onun öz davamçısına vəsiyyətinin tarixi reallığa çevrilməsini gördük. İlham Əliyev ata vəsiyyətini yerinə yetirməklə Azərbaycan tarixinə şanlı səhifə yazdı. Cənab Prezidentin də qeyd etdiyi kimi, hazırda qarşıda duran vəzifə Qələbəni siyasi yolla möhkəmləndirmək, erməni faşizminin baş qaldırmasına imkan verməmək, beynəlxalq müstəvidə keçmiş münaqişə ilə və indiki reallıqla bağlı, o cümlədən dağıdılmış ərazilər haqqında məlumat çatdırmaqdan ibarətdir.Artıq həyatımızda yeni dövr başlayır. Dünya bu müharibənin gedişində Azərbaycanı yenidən kəşf etdi, ölkəmiz haqqında, onun malik olduğu güc barədə beynəlxalq birlikdə dəqiq təsəvvür formalaşdı. Azərbaycan tarixi ədaləti bərpa etməklə yanaşı, aylardır bütün dünyanı öz cənginə alan koronavirus pandemiyası ilə mübarizədə də vaxtında aparılan qabaqlayıcı tədbirlər sayəsində ölkəmizin çətin iqtisadi şərait qarşısında tənəzzül etməsinin qarşısını aldı. Sevindirici haldır ki, Azərbaycan dövləti koronavirus sınağından şərəflə çıxır, vəziyyət tam nəzarətdədir. Səhiyyə infrastrukturu lazımi səviyyədə quruldu, bütün təchizat məsələləri həll edildi, operativ tədbirlər görüldü, sosial paket həyata keçirildi. Artıq peyvəndlə bağlı məsələlər də öz həllini tapır.Təbii ki, bu kimi faktlar ölkəmizdə xalq-iqtidar birliyinin möhkəmliyi, sarsılmazlığı fonunda uğurların davamlılığının təsdiqidir. Beynəlxalq şəraitdən və mövcud vəziyyətdən asılı olmayaraq, ölkəmizin dinamik və hərtərəfli inkişaf tempi qorunur, siyasi, sosial-iqtisadi qüdrəti artır, dünyadakı mövqeləri daha da möhkəmlənir. Azərbaycanın beynəlxalq münasibətlər sistemində artan roluna diqqət yönəldən Prezident İlham Əliyev bu inamı ifadə edir ki, qarşıdakı illərdə ölkəmizin siyasi və iqtisadi potensialının daha da gücləndirilməsi, beynəlxalq nüfuzunun artırılması, beynəlxalq təşkilatlarla, ayrı-ayrı ölkələrlə tərəfdaşlıq əlaqələrinin genişləndirilməsi istiqamətində səylər davam etdiriləcək. Bütün bunların əsasında isə ölkənin bütün potensialını Vətən naminə səfərbər edən Lideri var və Xalq-Lider vəhdəti Azərbaycanın xoşbəxt gələcəyinin qarantıdır.
Anar MƏMMƏDOV – Milli Məclisin deputatı