Oktyabrın 26-da 230 MVt gücündə Qaradağ Günəş Elektrik Stansiyasının rəsmi açılış mərasimi olub.
QİA.az xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev mərasimdə iştirak edib.
Əvvəlcə Qaradağ Günəş Elektrik Stansiyasında görülən işlər barədə videoçarx nümayiş olunub.
Qeyd edək ki, 2021-ci il aprelin 6-da Azərbaycanın Energetika Nazirliyi, “AzərEnerji” ASC və Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkəti arasında investisiya, enerji alqı-satqısı və ötürücü şəbəkəyə qoşulma ilə bağlı müqavilələr imzalanıb. Stansiyanın təməlqoyma mərasimi isə 2022-ci il martın 15-də “Gülüstan” sarayında Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə qoyulub.
Qaradağ Günəş Elektrik Stansiyası Xəzər regionunda və MDB məkanında ən böyük günəş elektrik stansiyasıdır. Stansiya 262 milyon ABŞ dolları dəyərində xarici sərmayə hesabına tikilib. Ölkəmizdə xarici investisiya cəlb edilməklə reallaşdırılan sənaye miqyaslı ilk günəş elektrik stansiyasıdır.
Stansiyada hər il 500 milyon kilovat-saat elektrik enerjisi istehsal edilməklə 110 milyon kubmetr həcmində təbii qaza qənaət ediləcək. Eyni zamanda, atmosferə atılan karbon emissiyası 200 min ton azaldılacaq. 550 hektar ərazini əhatə edən elektrik stansiyada 570 min günəş paneli quraşdırılıb. Bu stansiyanın şəbəkəyə qoşulması üçün 330 kilovoltluq yarımstansiya tikilib.
Dövlətimizin başçısı tədbirdə çıxış edib.
Prezident İlham Əliyev deyib:
– Hörmətli nazirlər.
Hörmətli qonaqlar.
Xanımlar və cənablar.
Ötən ilin martında biz Günəş Elektrik Stansiyasının təməlqoyma mərasimində iştirak edirdik. İndicə göstərilən video həmin tariximizin əlamətdar anını nümayiş etdirdi. Əminəm ki, bu, böyük bir yolun, iki qardaş ölkənin böyük yolunun başlanğıcıdır. Bu gün biz nisbətən qısa zamanda – təxminən ilyarımdan bir qədər çox müddət ərzində Abşeron yarımadasının bu boş hissəsinin yaşıl enerji mənbəyinə çevrildiyini görəndə çox qürur duyuruq. Bu, əlamətdar nailiyyətdir. Mən Azərbaycanın inkişafına verdiyi bu möhtəşəm töhfəyə, həmçinin yaşıl enerjiyə keçidlə bağlı ölkəmizə sadiqliyinə görə “Masdar”ı, onun rəhbərliyini təbrik etmək istərdim.
Bu gün qonaqlarımız arasında Birləşmiş Ərəb Əmirlikləri hökumətinin dörd nazirini, həmçinin qardaş ölkədən böyük nümayəndə heyətini görməkdən qürur duyuruq. Bu, tərəfdaşlığımızın və dostluğumuzun yaxşı nümunəsidir, eləcə də hər iki ölkənin bugünkü mərasimə böyük əhəmiyyət verdiyini nümayiş etdirir. Birincisi, ona görə ki, artıq göstərildiyi kimi, bu, regionda ən böyük günəş elektrik stansiyasıdır və ikincisi, ona görə ki, artıq qeyd etdiyim kimi, bu, sadəcə, başlanğıcdır.
Bizim böyük planlarımız var və əminəm ki, Birləşmiş Ərəb Əmirlikləri ilə Azərbaycan arasında dostluq və qardaşlıq əlaqələri uğurla inkişaf etməkdə davam edəcək. Əminəm ki, daha çox layihələr olacaq. Faktiki olaraq bu gün – bir qədər sonra biz çox qısa zamanda 1 qiqavat bərpaolunan enerji istehsalına yol açacaq üç investisiya sazişinin imzalanma mərasiminin şahidi olacağıq. Ona görə də bugünkü tədbiri Birləşmiş Ərəb Əmirlikləri və Azərbaycan arasında qardaşlıq əlaqələrinin parlaq nümunəsi hesab edirik.
Mən bu gün bizimlə birgə olduqlarına görə əziz qonaqlarımıza minnətdarlığımı bildirmək istərdim. Mən Azərbaycana etibar edən, bərpaolunan enerjiyə böyük həcmdə investisiya yatırmağı qərar verən və Azərbaycanın yaşıl gündəliklə bağlı hədəflərə çatmasına imkan yaradacaq şirkət olan “Masdar”a xüsusi minnətdarlığımı bildirmək istərdim. Bugünkü layihə gələcəkdə həyata keçiriləcək çoxsaylı layihələrin birincisidir.
Qeyd etdiyim kimi, bu gün üç investisiya sazişi imzalanacaq, lakin bizim planlarımız daha genişdir. Biz mərhələlərlə 10 qiqavata qədər bərpaolunan enerji istehsal etmək üçün birgə işləməyi planlaşdırırıq və bu, regionun enerji inkişafında tam bir inqilab olacaq, çünki Azərbaycan dünyada ilk dəfə XIX əsrin ortalarında neftin istehsal olunduğu ölkədir. Dənizdəki yataqlardan ilk neft ötən əsrin ortalarında istehsal olunub. İndi bizim zəngin yanacaq ehtiyatlarımızın olduğunu nəzərə alaraq, biz yaşıl gündəliyə doğru irəliləyirik. Bu, məqsədli seçimdir. Bu, bizim təkcə Azərbaycanın gələcək inkişafına deyil, həm də iqlim dəyişikliyi ilə bağlı məsələlərə töhfəmizdir.
Ona görə də mən ümidvaram və tam əminəm ki, bizim bütün planlarımız həyata keçəcək. Bugünkü mərasim faktiki olaraq bunu nümayiş etdirir. Mən həm də ümidvaram ki, bugünkü mərasim yaxşı nümunədir və Birləşmiş Ərəb Əmirliklərindən olan bir çox şirkətlərə gəlib bizimlə işləmək üçün yaxşı siqnal olacaq. Mən bilirəm ki, bu yaxınlarda bizim milli neft şirkətlərimiz, enerji şirkətlərimiz ADNOC və SOCAR artıq Azərbaycanda rəsmi olaraq tərəfdaş olublar. Bilirəm ki, Birləşmiş Ərəb Əmirliklərində və digər ölkələrdə birlikdə işləmək üçün planlar var. Beləliklə, biz indi həqiqətən də ölkələrimiz, hökumət strukturlarımız və şirkətlərimiz arasında əməkdaşlığın inkişafının yeni mərhələyə yüksəldiyini görürük.
Azərbaycan xarici investisiyalar üçün çox açıq ölkədir. Son 30 il ərzində bizim çoxmilyardlı investisiya portfoliomuz olub. Azərbaycana ümumi investisiyalar 300 milyard ABŞ dollarından çox olub və bunun təqribən 200 milyard ABŞ dolları qeyri-neft sektorunun payına düşür. Hazırda bizim iqtisadi hədəfimiz qazıntı yanacağından asılılığımızı azaltmaq üçün iqtisadiyyatımızı şaxələndirməyi davam etdirməkdir. Lakin, eyni zamanda, biz başa düşürük ki, bizim neft və qazımıza hələ uzun illər ərzində beynəlxalq bazarda tələbat olacaq. Bu məqsədlə çoxsaylı neft və qaz kəmərləri sistemi istismara verilib və indi biz neft və qazı müxtəlif istiqamətlərə ixrac edirik. Azərbaycan beynəlxalq bazarlara neft, təbii qaz, neft məhsulları, neft-kimya məhsulları, elektrik enerjisi ixracatçısıdır.
Əlbəttə ki, növbəti illərdə biz hidrogeni, o cümlədən yaşıl hidrogeni ixrac edəcəyik. Bu məqsədlə biz bu potensialı yaratmaq üçün tərəfdaşlarımızla, dünyanın müxtəlif ölkələrindən olan şirkətlərlə çox yaxından işləyirik.
Azərbaycandakı investisiya mühitinə gəldikdə, mən artıq qeyd etdim ki, ölkəmizin iqtisadiyyatı çox sabitdir. Son 20 il ərzində bizim ümumi daxili məhsulumuz dörd dəfədən çox artıb. Biz birbaşa xarici borcumuzu ümumi daxili məhsulun 10 faizindən aşağı səviyyəyə salmağa və iyirmi il bundan əvvəl 50 faizə yaxın olan yoxsulluq səviyyəsini 5,5 faizə endirməyə nail olmuşuq.
Beləliklə, bu onu göstərir ki, neft və qaz ixracından daxil olan gəlirlərin ədalətli paylanılması tamamilə yeni reallığı yaradır. Növbəti illərdə biz qısa müddət ərzində milli enerji şəbəkəmizin gücləndirilməsini təmin edəcək dövlət proqramını icra etməyi planlaşdırırıq. Bu, çox zəruridir. Çünki mən bizim yalnız “Masdar” şirkəti ilə icra etməyi planlaşdırdığımız layihələri qeyd etdim. Bir çox digər investisiya təklifləri var və onların bəziləri artıq icra mərhələsindədir.
Biz əlbəttə ki, milli enerji şəbəkəsini gücləndirməliyik və qeyd etdiyim kimi, dövlət proqramı icra olunur. Biz hər şeyi vaxtında edəcəyik. Biz artıq maliyyə resursları ayırmışıq ki, bərpaolunan enerji mənbələrini istehsal edən investorlarımız özlərini tamamilə rahat hiss etsinlər.
Eyni zamanda, sizə məlumat vermək istəyirəm ki, bizim bərpaolunan enerji gündəliyimiz təkcə günəş və ya külək elektrik stansiyaları ilə məhdudlaşmır. Hazırda biz üç il bundan əvvəl işğaldan azad edilmiş Qarabağın və Şərqi Zəngəzurun ərazilərində hidroenerji potensialımızı fəal şəkildə inkişaf etdiririk. Biz artıq 170 meqavat gücündə olan hidroelektrik stansiyalarını istismara vermişik və bu ilin sonuna kimi bu, 270 meqavata çatacaq. İki-üç ildən sonra hidroelektrik stansiyaların gücü 500 meqavat olacaq. Bu da yaşıl enerjiyə keçid prosesinə digər mühüm bir töhfə olacaqdır.
Ümumiyyətlə, Qarabağ, Şərqi Zəngəzur və Naxçıvan artıq yaşıl enerji zonası kimi elan olunub. Bizim təbii sərvətlərimizin istifadəsi üçün böyük potensial var və aydındır ki, külək də artıq bu sərvətə çevrilib. Çünki külək həmişə, xüsusilə də təyyarə ilə enəndə bəzən müəyyən problemlərin mənbəyi olub. Lakin indi külək təbii sərvətdir.
Bunu ola bilsin, 10-20 il bundan əvvəl təsəvvürə gətirmək çətin olardı. Lakin indi bu belədir və xüsusilə Xəzər dənizində külək çox güclüdür, hətta bu gün buradakı külək onu göstərir ki, bu potensial buradadır.
Beləliklə, bunlar gələcək üçün planlardır. Əlbəttə, bu investisiyalar bizə böyük həcmdə təbii qaza qənaət etmək imkanını verəcək ki, həmin qaz hazırda elektrik enerjisi istehsalı üçün istifadə edilir. Söhbət ixrac üçün qənaət ediləcək bir neçə milyard kubmetr təbii qazdan gedir. Çünki son geosiyasi dəyişikliklər nəticəsində Azərbaycan qazına Avropada heç vaxt olmadığı qədər daha çox ehtiyac var.
Biz əsas daşıma infrastrukturunu, Xəzər dənizindəki yataqlardan Avropaya qədər uzanan 3500 kilometrlik qaz boru kəmərini vaxtında istismara vermişik. Bu da daha geniş regionun enerji təhlükəsizliyinə daha bir töhfə olacaq.
Əlbəttə ki, planlarımız enerji dəhlizini, Xəzər-Avropa İttifaqı enerji dəhlizini yaratmaq üçün tərəfdaşlarımızla fəal işləməkdən ibarətdir. Ötən ilin dekabrında müvafiq müqavilə imzalanıb. Biz artıq fəaliyyətimizə başlamışıq, rəhbər komitə bir neçə dəfə toplanıb. Bir neçə aydan sonra bizim yeni enerji təhlükəsizliyi layihəsinin – Yaşıl Enerji Dəhlizinin, inteqrasiya edilmiş ötürücü, istehsal və istehlak müəssisələrinin, o cümlədən Qara dənizin dibindən keçəcək elektrik kabelinin tam texniki-iqtisadi əsaslandırması hazır olacaq. Hazırda 4 qiqavat gücündə bərpaolunan enerji mənbələri üçün texniki-iqtisadi əsaslandırma hazırlanır.
Beləliklə, bunlar bizim planlarımızdır və müstəqillik tariximiz bizim təkcə enerji sahəsində deyil, bütün sahələrdə planlarımızın gerçəkləşdiyini göstərir. Çünki bizim siyasi iradəmiz var, bizim cəmiyyətdə birlik var. Bizim Birləşmiş Ərəb Əmirlikləri və Birləşmiş Ərəb Əmirliklərindən olan şirkətlər kimi möhtəşəm tərəfdaşlarımız var.
Əminəm ki, biz bütün məqsədlərimizə nail olacağıq və gələcəkdə bu kimi daha çox mərasimlər keçirəcəyik. Bizimlə burada olduqları üçün qonaqlarımıza bir daha təşəkkürümü bildirmək və bu əlamətdar tədbir münasibətilə hamımızı təbrik etmək istəyirəm.
Çox sağ olun.
Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri Sultan Əhməd Əl-Cabir mərasimdə çıxış edərək deyib:
– Salam-əleyküm.
Zati-aliləri cənab Prezident Əliyev.
Hörmətli qonaqlar, əziz dostlar, xanımlar və cənablar.
Həqiqətən də Azərbaycana, Bakıya qayıtmaq və olduqca önəmli bir tədbirdə iştirak etmək xoşdur. Bu tədbir Azərbaycanın enerji şaxələndirilməsi və davamlı iqtisadi inkişafına aparan yolda mühüm bir tədbirdir.
İcazə verin, əvvəlcə Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Əlahəzrət Şeyx Məhəmməd bin Zayed Al Nəhyanın Zati-aliləri Prezident Əliyevə və Azərbaycan xalqına ən xoş arzularını çatdırım.
Cənab Prezident, bu ilin əvvəlində Azərbaycana gəlişimiz və indi də bu olduqca vacib mərasimdə layihənin gerçəkləşdirilməsində iştirak etməyimiz həqiqətən də bizim hörmətimizin, ehtiramımızın və götürdüyümüz öhdəliyə sadiqliyimizin nümunəsidir.
Mən “Masdar”ın heç bir layihəsini görməmişəm ki, dörd nazir və Birləşmiş Ərəb Əmirliklərinin ən yüksək səviyyəli nümayəndə heyətinin üzvləri eyni vaxtda iştirak etsin. Bu, həqiqətən də böyük bir ehtiramın, hörmətin və Sizin ölkənizlə əməkdaşlığımızın nümunəsidir.
Cənab Prezident, mən Sizin çox nəcib, xoş sözlərinizi çox yaxşı xatırlayıram. Elə bu ilin əvvəlində Əbu-Dabidə Dayanıqlılıq Həftəsində çıxışınızı yaxşı xatırlayıram. Siz dediniz ki, Azərbaycanın bərpaolunan enerji mənbələrini uzun illər bundan əvvəl inkişaf etdirmək qərarı təkcə enerji təhlükəsizliyi ilə bağlı deyildi. Bu, cəsur və düşünülmüş qərar idi, hətta mən deyərdim, strateji bir addım idi. Bu, yeni sənaye sahələrini inkişaf etdirmək, yeni iş yerləri yaratmaq, “yaşıl” iqtisadi artım üçün strateji addım idi.
Zati-aliləri, bu yanaşma Birləşmiş Ərəb Əmirliklərinin də yanaşmasının güzgüdəki əksinə bənzəyir. Əslində bu, Birləşmiş Ərəb Əmirliklərinin ötən iyirmi il ərzində qəbul etdiyi bir yanaşmadır. Bu gün Birləşmiş Ərəb Əmirlikləri böyük fəxarət hissi ilə “Masdar” kimi mütərəqqi enerji şirkətinin timsalında bunu sərgiləmiş olur. “Masdar”, bildiyiniz kimi, dünyanın aparıcı məhz bərpaolunan enerji şirkətinə çevrilmişdir.
Bu layihə ölkələrimiz arasında yaxın münasibətlərin inkişafında və möhkəmlənməsində mühüm mərhələdir. Bu, 110 mindən çox evi elektrik enerjisi ilə təmin edəcək və karbon dioksid emissiyalarını ildə 200 min ton azaldacaq layihədir.
Zati-aliləri, bir az əvvəl qeyd etdiyiniz kimi, biz bu gün, həmçinin iki günəş və bir külək enerji istehsalı üzrə saziş imzalayacağıq ki, bu da gündə əlavə 1000 meqavat təmiz enerji deməkdir. Bunlar olduqca önəmli addımlardır. Bunlar konkret addımlardır ki, biz Azərbaycanda razılaşdırılmış 10 qiqavat gücündə bərpaolunan enerji layihələrini – külək və günəş enerjisinin inkişafı planımızı həyata keçirək. Bu, kifayət qədər sürətlə həyata keçirilən işdir.
Zati-aliləri, BMT-nin İqlim Dəyişikliyi üzrə COP-28 Konfransına cəmi 34 gün qalıb və bugünkü tədbir Paris Sazişinin məqsədlərini əyani reallığa çevirmək üçün lazım olan praktiki tədbirləri mükəmməl şəkildə təcəssüm etdirir. Bu il həlledici məqamdır. Mən deyərdim ki, COP-28 Paris sazişindən sonra əldə edilən irəliləyişləri nəzərdən keçirən qlobal bir xülasə ili olduğu üçün iqlim fəaliyyəti istiqamətində kritik məqamdır.
Qeyd etmək lazımdır ki, Paris Konfransı dünyanı ortaq bir hədəf ətrafında birləşdirdi. Bu, ümumi məqsəd uğrunda millətləri və ölkələri birləşdirmək istiqamətində uğurlu bir addım idi. Lakin o vaxtdan bəri qlobal miqyasda aparılan təhlilləri nəzərdən keçirsək, görərik ki, biz tam məqsədə gedən yolda hələ də inamla irəliləmirik. Bərpaolunan enerjiyə yatırılan investisiyalar artmaqda davam edir. Bu il dünyada əlavə rekord 500 qiqavat istehsal edildi. Lakin, bilirsiniz, dünya 2030-cu ilə qədər bərpaolunan enerji gücünü üç dəfə artırmalıdır ki, 1,5 səviyyəsi əlçatan olsun.
İlk dəfədir ki, biz praktiki addımları COP-28 səviyyəsində cəmiyyətdə ifadə edirik, yəni, emissiya yeddi il ərzində 22 qiqaton azaldılmalıdır. Mən əminəm ki, bu, çox böyük bir vəzifə, işdir. Bu, bütün millətlər, bütün ölkələr üçün bir vəzifədir. Heç bir ölkə, xalq, qurum bu işin öhdəsindən təkbaşına gələ bilməyəcək. Bizə hər bir ölkənin Azərbaycan kimi təmiz enerji sahəsində müəyyən edilmiş məqsədlərlə energetikaya keçid üçün aydın planlar hazırlaması lazımdır. Rekord müddətdə bir sıra tutarlı layihələrin hazırlanmasını və həyata keçirilməsini təmin etmək üçün iqlim maliyyələşdirməsində yenilikçi yanaşmalara ehtiyacımız var. Azərbaycandakı layihələrdə, bu layihədəki tərəfdaşlıqda da yanaşmalar məhz bu istiqamətdədir.
Hörmətli iştirakçılar, əziz dostlar.
Bu layihənin ərsəyə gəlməsində, onun reallaşdırılmasında əməyi keçən bütün tərəfdaşlara – Əbu-Dabi İnkişaf Fonduna, Asiya İnkişaf Bankına, Avropa Yenidənqurma və İnkişaf Bankına və Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyinə təşəkkür edirəm. Əslində, bu, özünəməxsus, bənzərsiz bir modeldir və ötən illər ərzində “Masdar”ın işləyib hazırladığı bir yanaşmadır. Bu, çoxtərəfli və ikitərəfli qurumların, xüsusən dünyanın müxtəlif yerlərindən aidiyyəti tərəflərin bir araya gəlməsinin nümunəsidir. Xüsusən planetimizin Cənub yarımkürəsində real nəticələr əldə etmək üçün dünyanın hər yerindən yenilikçi qarışıq maliyyə vəsaitlərinin bir araya gəlməsinin əla bir təzahürü, nümunəsidir. Bu, “Masdar”ın 40-dan çox ölkədə bərpaolunan enerji layihələrini uğurla həyata keçirmək üçün təxminən iyirmi ildir inkişaf etdirdiyi layihə maliyyələşdirməsində katalizator modelidir. Rəhbərlikdən aldığımız dəstək də əlamətdardır ki, bu dəstək vasitəsilə biz 40-dan çox ölkədə qısa müddət ərzində bu qədər layihəni həyata keçirmişik.
Azərbaycan Hökumətinin Azərbaycanın külək və günəş potensialından istifadə etmək, eyni zamanda, sistemin baza gücünü təbii qazla təmin etmək baxışı enerjini daha təhlükəsiz, daha əlçatan və dayanıqlı edəcək. Həm “Masdar”, həm də Birləşmiş Ərəb Əmirlikləri bu səyahətdə Sizin tərəfdaşınız olmaq arzusundadır. Bir çox digər ölkələrdə də belə layihələri həyata keçirmək əzmindəyik. Biz Azərbaycanla və dünyanın bir çox ölkələri ilə iddialı məqsədlərə nail olmaq üçün 2030-ci ilə qədər ən azı 100 qiqavat təmiz enerjini istehsal etmək məqsədilə bütün qitələrdə sizinlə və digər həmfikir tərəfdaşlarla, təşkilatlarla, ölkələrlə işləməyə davam etməyin intizarındayıq.
Bu, həmçinin dünyada istifadə olunan enerji resurslarının karbonsuzlaşdırılması üzrə həmfikir tərəfdaşlarla birgə işləmək deməkdir ki, bu, əslində gələcək rifah baxımından önəmli vasitə olacaqdır.
Zati-aliləri, ötən illər ərzində mən dünyanın müxtəlif yerlərində insanlarla görüşmüşəm, söhbət etmişəm. Son bir ildə deyə bilərəm ki, dünyanın hər yerindən, cəmiyyətin hər bir təbəqəsindən olan bir çox insanla, hökumət nümayəndələri, özəl sektor, biznes dairələri, elmi dairələr, qeyri-hökumət təşkilatları, vətəndaş cəmiyyəti və kifayət qədər məşhur şəxslərlə söhbət etmişəm. Bu söhbətlər əsnasında, bütün bu təmaslarda biz çox dərindən başa düşürük ki, qlobal iqlim dəyişikliyi ilə bağlı hansı addımlar atılmalıdır. Ona görə biz çox ümid edirik ki, BMT-nin 28-ci İqlim Dəyişikliyi Konfransı bizə iqlim dəyişiklikləri ilə bağlı çox ciddi çağırışlara cavab vermək fürsəti yaradacaq.
Hazırda gündəlikdə olan problemlərin öhdəsindən gəlmək üçün bir sıra texnoloji vasitələr var. Amma bu texnologiyaların bir çoxu ilkin yaranma mərhələsindədir. Digər tərəfdən, qlobal maliyyə məsələsi də var. Bu qlobal maliyyə vəsaitlərinin rəva görülə biləcək, əlçatan ola biləcək səviyyəyə qaldırılması vacibdir. Təmaslarımızdan ibrət götürərək bir reallığı qəbul etmişik ki, əgər biz iqlim dəyişikliyi ilə bağlı maliyyə məsələsini həll etməsək, dünya yenə də qeyri-müəyyənlikdə qalacaq. Odur ki, biz yeni iqlim dəyişikliyi çərçivəsi yaratmaq istəyirik ki, onun daxilində çoxtərəfli inkişaf banklarını, beynəlxalq maliyyə təsisatlarını bir araya gətirmək mümkün olsun, bu maliyyəyə çatımlılıq və istifadə edilə biləcək olsun.
Bilirsiniz, eyni zamanda, BMT-nin 28-ci İqlim Dəyişikliyi Konfransını fərqləndirən cəhət bizim elə təməldən yanaşmamızdır. Bu, əməkdaşlıq, tərəfdaşlıq və tammiqyaslı inklüzivlikdir ki, onun sayəsində biz kollektiv olaraq iqlim dəyişikliyi çağırışlarının öhdəsindən gələ bilərik. Bu olmasa, cəhdlərimiz uğursuz olacaq. Paris Sazişindən ötən yeddi illik müddətə baxsaq, bəli, müəyyən irəliləyiş var, amma eyni zamanda, qoyulmuş məqsədlərdən hələ çox uzağıq.
Paris Sazişi dünyanın bir saziş çərçivəsində bir araya gəlməsi baxımından vacib idi. Amma BMT-nin 28-ci İqlim Dəyişikliyi Konfransında biz istəyirik ki, Paris Sazişində qeyd olunanları praktiki, praqmatik nəticə yönümlü fəaliyyətlərə çevirək. Biz istəyirik ki, daha az söz və daha çox əməli iş olsun. Biz real dünya üçün real cavablar, həllər, nəticələr istəyirik. Məhz buna görə bu, hər kəsə açıq dəvətdir, hər kəs ki, buna töhfə verə bilər. Dubaya gəlsinlər və bu şüurla gəlsinlər. Ümid, nikbinlik, tərəfdaşlıq, birlik və həmrəylik olsun. Əgər biz həqiqətən də bu istiqamətdə paradiqma dəyişikliyi yaratmaq istəyiriksə, bu, bir uğur resepti olacaq.
Zati-aliləri, mən yenə də Sizə, Sizinlə əməkdaşlığa, Sizin liderliyinizə, nikbinliyinizə, yaradıcılığınıza və işləri həyata keçirmək coşqunuza güvənirəm. Üzümüzə gələn həftə ərzində Sizin nümayəndə heyətinizi Birləşmiş Ərəb Əmirliklərində COP-28 konfransından öncə nazirlər görüşündə, həmçinin BMT-nin 28-ci İqlim Dəyişikliyi Konfransında görmək intizarındayam. Biz istəyirik ki, burada sərgilənən o ruh, həqiqətən də liderlik ruhu, bu layihədə olan o ruh, pozitivlik, tərəfdaşlıq, işbirliyi, həmrəylik ruhu, həmçinin COP-28 Konfransında sərgilənsin və qütbləşməyə, parçalanmağa artıq yetər deyək. Üzləşdiyimiz iqlim dəyişiklikləri çağırışlarının öhdəsindən gəlmək üçün dünyanı bir yol xəritəsi üzərində birləşdirmək vaxtıdır.
Zati-aliləri, mən Sizə nə qədər təşəkkür etsəm də azdır ki, Siz bizə bu qədər etimad göstərmisiniz, bizə fürsət vermisiniz. Əvvəl də qeyd etdiyim kimi, bu, olduqca müdrik bir baxış, müdrik bir liderlikdir. Bu, həmçinin Şeyx Məhəmməd bin Zayed Al Nəhyanın lider baxışıdır ki, belə layihələr bu qədər qısa vaxt ərzində ərsəyə gəlib. Sizin dəstəyiniz, hökumətinizin də göstərdiyi yardım və dəstək sayəsində biz bu qədər qısa vaxt ərzində böyük nailiyyətlərə imza atdıq. Mən Sizə söz verirəm ki, bu, bizim tərəfdaşlığımızın DNT-si olacaqdır.
Birləşmiş Ərəb Əmirliklərinin Azərbaycan ilə olan təmaslarında hər kəsə və xüsusilə Sizə təşəkkür edirəm.
Sonra Azərbaycan Prezidenti İlham Əliyev və Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri Sultan Əhməd Əl-Cabir Qaradağ Günəş Elektrik Stansiyasını işə salıblar.
“Masdar” şirkəti tərəfindən hazırlanmış, Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr edilmiş xatirə medalı Prezident İlham Əliyevə təqdim olundu.
Sonda xatirə şəkli çəkdirilib.