Azərbaycan Prezidenti İlham Əliyev aprelin 26-da Zəngilan rayonunun Ağalı kəndinə səfəri zamanı xarici şirkət nümayəndələri ilə videoformatda söhbət edib.
“QİA.az” həmin söhbətin dialoqunu təqdim edir:
Layihə meneceri: Salam, cənab Prezident. İlk növbədə, Sizi ərazilərinizin işğaldan azad edilməsi və suverenliyinizin bərpası ilə əlaqədar tarixi nailiyyətiniz münasibətilə təbrik edirəm. Bu, mühüm strateji bölgədə sabitlik və firavanlıq dövrü olacaq. Burada olmaq, Sizə İtaliya məhsulları və xidmətləri barədə məlumat vermək mənim üçün həqiqətən də şərəfdir. Mənim adım Cüzeppe Grisoliyadır və mən camış sağmalçılığı ilə bağlı layihə meneceriyəm. Bizim biznes ideyamız strateji regionda tam avadanlıqla təchiz edilmiş camış sağmalçılıq fermasının və ya yüksək keyfiyyətli “motsarella”, “burrata” və digər növ camış pendirlərinin istehsalının həyata keçirilməsi ilə bağlıdır. Biz istehsal prosesinə öz təcrübə və biliyimizi gətiririk. Çünki cənab Prezident, bildiyiniz kimi, camış “motsarella”sı bütün dünyada istehsal olunur, istənilən ölkə həmin keyfiyyətə və səviyyəyə çatmağa cəhd göstərir. Lakin “motsarella di buffalo” pendiri həmişə italyan məhsulu olaraq qalır. Südçülük sahəsində uğurun ən mühüm amili ondan ibarətdir ki, söhbət təkcə bizdə olan texnologiyadan, avadanlıqdan getmir, həm də pendir hazırlayanların əllərindən gedir. Çünki hər kəs bahalı avadanlıq ala bilər, amma yalnız bacarıqlı pendir hazırlayan bənzərsiz “motsarella” hazırlaya bilər. Bu səbəbdən də biz südçülük fermasını qurandan sonra tam təlim kursu keçəcəyik. Bu təlim sayəsində Azərbaycanda birinci nəsil bacarıqlı pendir hazırlayanlar yetişdiriləcək. Biz Azərbaycanda sadə keyfiyyətdə camış pendirinin istehsal olunmasını istəmirik. Bizim hədəfimiz yüksək keyfiyyətli südçülük sektorunun yaradılmasından ibarətdir ki, Azərbaycan da İtaliya kimi mükəmməl “motsarella di buffalo” pendirlərinin istehsalçısı olsun. Bu sahədə güzəştdən söhbət gedə bilməz, yalnız birinci səviyyəli istehsal ola bilər. Biz azərbaycanlı dostlarımızla əlimizdən gələni edəcəyik. Təşəkkür edirəm, cənab Prezident. Yaradılmış imkana görə çox sağ olun.
Prezident İlham Əliyev: Çox sağ olun. Bu, işğaldan azad edilmiş ərazilərdə ilk pilot layihədir. Ona görə də, qeyd etmək istəyirəm ki, biz buna xüsusi diqqət yetiririk. Bu layihənin uğurlu icrası sözsüz ki, bizim əraziləri mümkün qədər tez bir zamanda dirçəltmək və bərpa etməklə bağlı güclü iradəmizi nümayiş etdirəcək. Müharibədən və qələbəmizdən sonra dəfələrlə qeyd etdiyim kimi, bizimlə işləmək üçün dost ölkələrdən şirkətlər dəvət edəcəyik. Şadam ki, bu gün İsrail şirkəti, İtaliya şirkəti, Azərbaycanın iki dost ölkəsindən olan şirkətlər bu mühüm layihəyə qoşulur və bizim beynəlxalq əməkdaşlığımız var. Türkiyədən, Çindən, İsraildən, İtaliyadan olan şirkətlər var, hamısı dost ölkələrdir. Bu, həqiqətən də yaxşı beynəlxalq əməkdaşlıqdır və mən əminəm ki, bu, sadəcə olaraq, ilk addımdır. Bu layihənin uğurlu icrası sözsüz, bizə imkan verəcək ki, bu təcrübədən Qarabağın digər yerlərində istifadə edək. Çünki biz yüzlərlə kənd, qəsəbə və şəhərləri bərpa etməliyik.
Prezident İlham Əliyev: Ümid edirəm ki, siz bu məhsulları nümayiş etdirəcəksiniz və onların dadına baxacaqsınız.
İsrail şirkətinin əməkdaşı: Cənab Prezident, qarşımıza çətin vəzifə qoydunuz. Biz hazırıq.
Prezident İlham Əliyev: Çox sağ olun.
İsrail şirkətinin əməkdaşı: Çox sağ olun, cənab Prezident, gününüz uğurlu olsun. Təşəkkür edirəm.