“O vaxt hakimiyyətdə olan AXC-Müsavat cütlüyü bütün imkanları səfərbər etmişdi ki, Naxçıvanda Heydər Əliyevi devirsinlər, öz marionetlərini gətirsinlər və faktiki olaraq Naxçıvanı da ermənilərə bağışlasınlar. Onlar buna da hazır idilər, təki Heydər Əliyev amili Azərbaycan siyasətindən götürülsün”.
QİA.AZ-ın məlumatına görə, bunu Prezident İlham Əliyev mayın 10-da Naxçıvan Muxtar Respublikasına səfəri çərçivəsində Azərbaycan Televiziyasına müsahibəsində deyib.
Prezident İlham Əliyev qeyd edib ki, Ulu Öndərin qətiyyəti, cəsarəti, siyasi müdrikliyi, naxçıvanlıların fədakarlığı bütün bu planları – ermənilərin və AXC-Müsavat cütlüyünün planlarını alt-üst edib və Naxçıvanı Heydər Əliyev qoruyub, necə ki, ondan sonra Azərbaycanı böyük bəlalardan qoruya bildi:
“1993-cü ildə ölkəmiz demək olar ki, parçalanırdı, vətəndaş müharibəsi gedirdi və məhz Heydər Əliyevin fəaliyyəti nəticəsində biz bu ağır sınaqdan üzüağ çıxa bildik. Məhz bugünkü Zəfərin təməli, bax, o vaxt qoyulmuşdur.
Bu gün burada olmağımın xüsusi rəmzi mənası var. Naxçıvan bizim əziz diyarımızdır, Heydər Əliyevin Vətənidir. Hər bir azərbaycanlı üçün əziz, doğma diyardır və Naxçıvanın inkişafı, çiçəklənməsi artıq reallıqdır. Bu reallığı biz özümüz yaratmışıq. Bu gün Ulu Öndərin xatirəsinə göstərilən ən böyük diqqət məhz özünü, bax, bu inkişafda təcəssüm etdirir”.