“Bizim vəzifəmiz Azərbaycanın ərazi bütövlüyünü bərpa etmək idi və biz bu vəzifəyə yaxınlaşırıq. Biz ərazi bütövlüyünün bərpasını demək olar ki, 30 il idi gözləyirdik. Bildiyiniz kimi, bütün bu müddət ərzində Azərbaycan danışıqlar prosesinə ciddi şəkildə sadiq olub”.
“QİA.AZ” xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 2-də İtaliyanın “La Republica” qəzetinə müsahibəsi zamanı jurnalistin “Cənab Prezident, Siz artıq qələbəni dadmısınız?” sualına cavabında deyib.
“Lakin əfsuslar olsun ki, bu, hər hansı əhəmiyyətli nəticə vermədi. Bundan əlavə, son bir neçə ildə Ermənistan rəhbərliyi öz bəyanatları və əməlləri, o cümlədən hərbi təxribatları ilə bizi hər zaman təhrik edirdi. Sonuncusu sentyabrın 27-də baş verdi. Biz cavab verməli olduq və bizim cavabımız Ermənistan üçün çox həssas idi. Biz qələbədən danışarkən qarşımıza belə bir hədəf qoymamışdıq. Biz onu danışıqlar masasında həll etmək istəyirdik. Lakin biz bunu döyüş meydanında etməyə hər zaman hazır idik və bunu da edirik”, – dövlət başçısı əlavə edib.