Prezidentin köməkçisi: Ermənistan 30 illik dağıntılardan heçnə əldə etmədi

“Bütün dağıntıları görəndə özümə sual verirəm – Ermənistan bütün bunlardan nə əldə etdi? Buna bir sadə cavabım var – heçnə”.

QİA.AZ xəbər verir ki, bunları işğaldan azad olunan ərazilərə səfər edən xarici diplomatlara Mincevanın sovet dövründəki önəmini anladan Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

Prezidentin köməkçisi bildirib ki, Ermənistan 30 ilə yaxın müddətdə yalnız dağıntılar, vandallıqlar törədib. Mincevan sovet dövründə regional nəqliyyat habı olub. Lakin bu dəmiryolu tamamilə məhv edilib və relslər metal kimi satılıb.

“Biz bu nəqliyyat koridorunu yenidən bərpa etmək istəyirik. Ümid edirik ki, Mincevan yenidən regional nəqliyyat habına çevriləcək. Həmçinin ümid edirik ki, Ermənistan tərəfi də bu məsələdə hazır və qətiyyətli olduğunu nümayiş etdirəcək. Çünki bu məsələ bilavasitə Ermənistanın özü üçün faydalıdır. Həmçinin düşünürük ki, Ermənistan Azərbaycan ərazisində törətdiyi dağıntılardan lazımi nəticələr çıxaracaq”, – deyə Prezidentin köməkçisi bildirib.

Oxşar Xəbərlər