Prezidentin Mətbuat Xidmətinin məlumatı

Aprelin 4-də Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.

QİA.az xəbər verir ki, telefon danışığı əsnasında tərəflər Azərbaycan ilə Avropa İttifaqı arasında əməkdaşlığın inkişaf perspektivlərini müzakirə ediblər, bu xüsusda, bərpaolunan enerji, nəqliyyat bağlantıları, enerji təhlükəsizliyi və digər əməkdaşlıq sahələri qeyd olunub.

Söhbət zamanı 2022-ci ildə Azərbaycan ilə Avropa İttifaqı arasında imzalanmış enerji sahəsində strateji tərəfdaşlığa dair Anlaşma Memorandumunun əhəmiyyəti vurğulanıb.

Azərbaycanın sədrliyi ilə Bakıda keçiriləcək COP29-un iqlim fəaliyyəti və yaşıl keçid sahəsində əməkdaşlıq üçün əlverişli imkanlar yaratdığı bildirilib.

Avropa Komissiyasının Prezidenti Avropa İttifaqının humanitar minatəmizləmə fəaliyyətində Azərbaycana dəstək göstərməyə hazır olduğunu vurğulayıb.

Telefon danışığında aprelin 5-də Brüsseldə keçiriləcək üçtərəfli görüş məsələsi qaldırılıb. Prezident İlham Əliyev ABŞ Dövlət katibi Antoni Blinken ilə müzakirə olunduğu kimi, bu görüşlə bağlı Azərbaycan tərəfinin mövqeyini ifadə edib və regional inklüzivliyin vacibliyini bildirib.

Oxşar Xəbərlər