Ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulmuş strateji inkişaf strategiyasını yeni mərhələdə uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin siyasi iradəsinə uyğun olaraq həyata keçirilmiş ardıcıl və sistemli tədbirlər nəticəsində Azərbaycan gəncliyinin hərtərəfli və dinamik inkişafı istiqamətində mühüm addımlar atılmış, gənclərin ictimai həyatın bütün sahələrində fəal iştirakına real imkanlar yaradılıb.
Baş Prokurorluqdan QİA.AZ-a verilən məlumata görə, ölkədə reallaşdırılan dövlət gənclər siyasəti prokurorluq orqanlarında da davam etdirilməklə kadr tərkibinin yüksək ixtisaslı mütəxəssislər hesabına yenidən formalaşması üçün ali hüquq təhsilli gənclərin müsabiqə yolu ilə işə qəbulu davam etdirilir.
Prokurorluq orqanlarına işə qəbulla bağlı sənədlərini təqdim etmiş namizədlər üçün müsabiqənin ilkin mərhələsi olan test imtahanı Dövlət İmtahan Mərkəzi ilə əlaqəli şəkildə 5 fevral 2021-ci il tarixdə saat 10:00-dan və 15:00-dan başlayaraq 3 saat müddətində Dövlət İmtahan Mərkəzinin Bakı şəhəri Nəsimi rayonu Abdulvahab Salamzadə küçəsi 28 ünvanında yerləşən inzibati binasında keçiriləcəkdir.
Müsabiqədə iştirak edəcək namizədlər buraxılış rejiminin vaxtında həyata keçirilməsi üçün imtahana 1 saat əvvəl gəlməli və şəxsiyyət vəsiqəsinin əslini təqdim etməlidirlər. İmtahan kompüterlər vasitəsilə elektron qaydada aparılacaq və imtahan bitdikdən sonra namizədə nəticələri haqqında arayış təqdim olunacaqdır.
İmtahanın keçirilməsi qaydalarına dair məlumat “Yaddaş kitabçası”nda əks olunacaq. Namizədlərin “Yaddaş kitabçası” (yüklə) və test imtahanında kompüterdən istifadəyə dair Təlimatla (yüklə) tanış olmaları zəruridir.
Məlumat üçün bildirilir ki, test tapşırıqlarının hazırlanmasında istifadə edilmiş qanunların və digər normativ hüquqi aktların siyahısı 12 sentyabr 2020-ci il tarixdə kütləvi informasiya vasitələrində dərc edilmiş, həmçinin Baş Prokurorluğun internet səhifəsində (www.genprosecutor.gov.az, www.prokurorluq.gov.az) yerləşdirilmişdir.
Müsabiqə ilə əlaqədar ətraflı məlumat almaq üçün 437-28-56, 492-06-82, 492-74-32 və 492-62-23 nömrəli telefonlar vasitəsi ilə müraciət etmək olar.