İyulun 22-də Baş prokuror Kamran Əliyevin rəhbərliyi ilə Mərkəzi aparatın, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin, Respublika Hərbi, Naxçıvan Muxtar Respublikası və Bakı şəhər prokurorluqlarının rəhbər heyətinin, rayon (şəhər) və ərazi hərbi prokurorlarının iştirakı ilə videoformat rejimində 2024-cü ilin birinci yarısında prokurorluq orqanları tərəfindən cinayətkarlığa qarşı mübarizə, ədalət mühakiməsinin həyata keçirilməsində iştirak, qanunların icra və tətbiq olunmasına nəzarət, cinayət mühakimə və cinayət təqibindən kənar icraatlarda insan hüquq və azadlıqlarının müdafiəsi və qanunla müəyyən edilmiş digər sahələrdə görülmüş işlərin vəziyyəti və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş geniş kollegiya iclası keçirilib.
QİA.az xəbər verir ki, bu barədə Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, iclasda Baş prokuror Kamran Əliyev hesabat dövründə respublikada kriminogen durumun nəzarətdə saxlanıldığını, daxili işlər, dövlət təhlükəsizliyi və digər hüquq-mühafizə orqanları ilə əlaqəli şəkildə ölkəmizdə ictimai-siyasi sabitliyin qorunduğunu, cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsi sahəsində zəruri tədbirlər görüldüyünü qeyd edib.
Bildirilib ki, bu ilin birinci yarısında ölkə ərazisində 18518 cinayət qeydə alınmaqla onların 87,6 faizinin açılması təmin olunub. Ötən ilin müvafiq dövrü ilə müqayisədə qeydə alınan cinayətlərin sayında 1015 fakt və ya 5,2 faiz azalma olub, ümumilikdə ölkə üzrə cəmi 8819 cinayət işinin istintaqı tamamlanıb ki, bunlardan 524-ü prokurorluq orqanlarında istintaq edilib. Bu müddət ərzində prokurorluq orqanları tərəfindən 359, ümumilikdə isə digər istintaq qurumları ilə birgə 7076 cinayət işinin ibtidai istintaqı yekunlaşdırılaraq baxılması üçün məhkəmələrə göndərilib, ibtidai istintaqı tamamlanmış cinayət işləri üzrə ümumilikdə 696 milyon 983 min manat məbləğində maddi ziyan vurulduğu müəyyən edilərək istintaq tədbirləri ilə 193 milyon 441 min manatın ödənilməsinə nail olunub.
Prokurorluq orqanlarında ibtidai istintaqı aparılaraq yekunlaşmış cinayət işləri üzrə ümumilikdə 75 milyon 906 min manat məbləğində maddi ziyan vurulduğu müəyyən edilərək istintaq tədbirləri ilə onun 49 milyon 368 min manat hissəsinin ödənilməsinə nail olunub, 8.361.026 manat məbləğində əmlak üzərinə isə həbs qoyulub.
Qeyd edilib ki, 2023-cü ildən istifadəyə verilmiş “Elektron Prokurorluq” informasiya sistemi artıq bütün prokurorluq orqanlarında uğurla tətbiq edilir, Baş Prokurorluğun Rəqəmsal Sənəd Dövriyyəsi altsisteminə qoşulması nəticəsində 2024-cü ilin birinci yarısında inteqrasiya ilə prokurorluq orqanlarına 6825 sənəd daxil olub, 7582 sənəd isə digər qurumlara göndərilib.
Hesabat dövründə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməliyyat qurumları tərəfindən həyata keçirilən tədbirlər nəticəsində 25 nəfər bilavasitə cinayət başında yaxalanıb, axtarışda olan 4 nəfər isə saxlanılıb.
Kollegiya iclasında daxili işlər və digər aidiyyəti dövlət qurumları ilə birgə keçirilmiş peşəkar istintaq-əməliyyat tədbirləri ilə ötən illərdən bağlı qalmış qeyri-aşkar şəraitdə törədilmiş 4 qəsdən adam öldürmə cinayətinin açılması təmin edilməklə hesabat dövründə onlardan 1-i üzrə təqsirli şəxslərin məhkəmə məsuliyyətinə verildiyi xüsusi vurğulanıb.
Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokurorlarının iştirakı ilə hesabat dövründə birinci instansiya məhkəmələrində 8307 şəxs barəsində 7530, apellyasiya instansiyası məhkəmələrində 2588 şəxs barəsində 2378, kassasiya instansiyası məhkəməsində 1542 şəxs barəsində 1350 (bütün instansiya məhkəmələri üzrə cəmi 12437 şəxs barəsində 11258 iş olmaqla) cinayət işi və məhkəməyədək sadələşdirilmiş icraat üzrə materiallara baxılaraq yekun qərarlar qəbul edilib.
Hesabat dövründə prokurorluq orqanları tərəfindən 770 apellyasiya və 304 kassasiya protestləri verilib, 384 apellyasiya protesti və 71 kassasiya protestləri təmin olunmaqla nəticədə məhkəmə səhvlərinin aradan qaldırılması təmin olunub.
2024-cü ilin birinci yarısında Respublika Hərbi və Naxçıvan Muxtar Respublikası prokurorluqlarının fəaliyyətləri qənaətbəxş hesab olunub, əldə edilmiş müsbət tendensiyaların qorunması həmin prokurorluqlara tövsiyə edilməklə, onların daha da inkişaf etdirilməsi və xidməti fəaliyyətin təkmilləşdirilməsi istiqamətində bir sıra göstərişlər verilib.
Hesabat dövründə, həmçinin Bakı Şəhər Prokurorluğunun fəaliyyəti Baş prokuror Kamran Əliyev tərəfindən ümumən müsbət qiymətləndirilib, bununla yanaşı, qeyri-aşkar şəraitdə törədilməklə ötən illərdən bağlı qalmış cinayət işlərinin açılması məqsədilə zəruri istintaq və əməliyyat-axtarış tədbirlərinin digər qurumlarla birgə icrasının davam etdirilməsi, icraatda olan cinayət işləri və materiallar üzrə müəyyən edilmiş maddi ziyanın ödətdirilməsi istiqamətində zəruri tədbirlərin görülməsi tapşırılıb.
Bildirilib ki, hesabat dövründə tabe rayon (şəhər) prokurorluqlarının fəaliyyətində də qənaətbəxş nəticələr əldə olunub, 2023-cü ilin birinci yarısı ilə müqayisədə adam öldürmə cinayətlərinin sayı sabit qalıb və törədilmiş 75 cinayətdən 74-nün üstü açılıb.
Aidiyyəti dövlət qurumları tərəfindən həyata keçirilən məqsədyönlü, o cümlədən maarifləndirici tədbirlər nəticəsində 2024-cü ilin birinci yarısında ötən ilin müvafiq dövrü ilə müqayisədə intihar hadisələrinin sayı 1,9 faiz, intihara cəhd hadisələrin sayı isə 8,9 faiz azalıb.
Bu ilin birinci yarısında istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarətin səmərəliliyinin artırılması məqsədilə prosessual rəhbərlik və effektiv nəzarətin həyata keçirilməsini təmin edəcək mexanizmin təkmilləşdirilməsi üçün zəruri tədbirlər görülməklə cinayət işləri üzrə icraata xitam verilməsinə dair 458 qərar əsassız və qanunsuz hesab edilərək ləğv olunub.
2024-cü ilin birinci yarısında cinayət təqibindən kənar icraatlarla əlaqədar inzibati xəta haqqında protokol tərtib etmək səlahiyyətinə malik qurumlarla işgüzar əlaqələrin qurulması təmin olunmaqla 643 inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərar qəbul edilib.
Qeyd edilib ki, Baş Prokurorluğun “Çağrı Mərkəzi”nə hesabat dövründə daxil olmuş müraciətlərdən 14562-si üzrə vətəndaşlara onları maraqlandıran müvafiq hüquqi izahlar verilib, 2213 məlumat isə cinayət xarakterli olduğu üçün qeydə alınaraq araşdırılması aidiyyəti struktur qurumlara tapşırılmaqla qanuna müvafiq tədbirlərin görülməsi təmin olunub.
Kollegiya iclasında qeyd edilib ki, ötən yarımildə xidməti, icra və əmək intizamının daha da möhkəmləndirilməsi, fəaliyyətlərində qanunsuzluq hallarına və prokurorluq işçisinə yaraşmayan hərəkətlərə yol verən işçilərə münasibətdə tələbkarlıq artırılıb, aparılmış xidməti yoxlamalar nəticəsində müxtəlif xətalar törətdiklərinə görə 8 prokurorluq işçisi intizam məsuliyyətinə cəlb edilib. Onlardan 4-nə töhmət və ya şiddətli töhmət elan edilib, 3 nəfər vəzifədən azad edilib, 1 nəfər isə prokurorluq orqanlarından xaric olunub.
Hesabat dövründə valideynlik vəzifələrini yerinə yetirməyən, tüfeyli həyat tərzi keçirən, həmçinin zərərli vərdişləri ilə əlaqədar himayələrində olan azyaşlı uşaqlarının həyatlarını təhlükəyə atan valideynlərə qarşı valideynlik hüquqlarının məhdudlaşdırılması ilə bağlı 3 mülki iddia (ümumilikdə 6 uşağın 4 valideyni barəsində) qaldırılıb.
Beynəlxalq əməkdaşlıq sahəsində həyata keçirilmiş tədbirlər nəticəsində 24 nəfər təqsirləndirilən şəxsin ölkə xaricindən ekstradisiyası təmin edilib. Həmçinin xarici ölkələrdə cinayət törədərək qaçıb ölkəmizdə gizlənmiş şəxslərlə bağlı daxil olmuş sorğular əsasında 18 nəfərin müvafiq ölkələrə ekstradisiyası həyata keçirilib.
Kollegiya iclasında hesabat dövrü ərzində görülmüş müsbət işlərin qeyd edilməsi ilə yanaşı, xidməti fəaliyyət zamanı yol verilmiş nöqsanlara toxunulmaqla Baş Prokurorluğun müvafiq struktur qurumlarının rəhbərlərinin iştirakı ilə onların ətraflı təhlili aparılıb, xidməti fəaliyyət zamanı qarşılaşılan problemlər, onların həlli yolları və qarşıda duran vəzifələr barədə müzakirələr aparılmaqla bir sıra göstərişlər verilib.
Daha sonra Baş prokurorun birinci müavini Elçin Məmmədov, müavinləri Elmar Camalov və Heydər Məmmədov, Baş prokurorun müavini – Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Nazim Rəcəbov, Bakı şəhər prokuroru Elşən Abbasov, Naxçıvan Muxtar Respublikasının prokuroru Sənan Paşayev, Azərbaycan Respublikasının Hərbi prokurorunun müavini Şəfahət İmranov hesabat dövründə fəaliyyət, bu zaman yol verilmiş nöqsanlar və onların aradan qaldırılması istiqamətində görülməli tədbirlər barədə, Xankəndi şəhər prokuroru Rəşadət Orucov isə hesabat dövründə görülmüş işlərlə bağlı məruzələrlə çıxış ediblər.
Müzakirələr ətrafında fikir mübadiləsi aparılmaqla qarşıda duran vəzifələrə dair tapşırıqlar verilib.
Baş prokuror yekun çıxışından öncə iyulun 22-nin Azərbaycanda Milli Mətbuat Günü olduğunu qeyd edib. Xüsusi vurğulanıb ki, mediada əks olunmuş məlumatlar əsasında 8 araşdırma aparılıb və onlardan 4-ü üzrə Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə cinayət işi başlanıb, 1-i üzrə İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanıb.
Kollegiya iclasına yekun vuran Baş prokuror Kamran Əliyev prokurorluq orqanlarının bundan sonra da Azərbaycan Respublikasına dövlətçilik ənənəsinə sadiq qalmaqla sədaqətlə xidmət edəcəyinə əminliyini ifadə edib.