Qələm olmasa, gecələrim səhəri açmaz

Fev25,2021

“Şübhəsiz ki, Rəbbim öz yolundan azanları da, doğru yolda olanları da, çox yaxşı bilir”

(Qələm surəsi, ayə 7)

Özündən razılıq kimi səslənməsin, dəfələrlə insanların ilk görüşdən mənimlə çoxdanın tanışı kimi ünsiyyət qurmasının şahidi olmuşam, hətta dərdini bölüşəcək qədər. Əvvəllər mənə təəccüblü gələn bu hal, sonralar adiləşdi, çünki artıq adətkərdə olmuşam.

Bugünkü müsahib həmkarımın adını tez-tez eşitsəm də, üz-üzə belə görməmişdim, elə uzaqdan uzağa onun jurnalist, müqəddəs Məkkəni ziyarət edənlərdən olduğunu bilirdim. Bu yaxnlarda sosial şəbəkələrdə adı ilə rastlaşdım və ad gününün yaddaşımıza həkk olan bir tarixlə üst-üstə düşdüyünü bildim. Düşündüm ki, tarixin ürək açmayan günü olsa da, onu bu ərəfədə rubrikamızın qonağı edim. Vaxt itirmədən əlaqə nömrəsini əldə edib zəng çalaraq məramımı bildirəndə, çox rahat və həzin bir səs vaxtı, saatı söyləyib məni evinə dəvət etdi. Divarlarında bir ömrün xatirələrini yaşadan xudmani bir otaqda qabaq qənşər oturub onu dinləyirdim. Bəyaz çöhrəsində, tez-tez dolan gözlərində ağır bir dərd yükü izini buraxmışdı. Müsahibim danışdıqca, bir ömür kitabının səhifələrini vərəq-vərəq oxuyurmuş kimi onu tanımağa çalışırdım, çünki qarşımdakı tək həmkar deyildi. Rubrikamızı həvəslə izləyən oxucularıımızı intizarda çox saxlamadan qonağımızı təqdim edim. “Həmkar” bu gün sizləri həkim-jurnalist, kordioloq, tibb üzrə fəlsəfə doktoru, şairə, publisist, Azərbaycan Yazışılar Birliyinin üzvü, Azərbaycan Jurnalistlər Birliyi İdarə Heyətinin üzvü, “Qafqaz Media” İctimai Birliyinin sədri, Qafqazmedia.az saytının rəhbəri, Prezident təqaüdçüsü, Hacı xanım Azadə Taleh Abbasqızı ilə görüşə dəvət edir.

MƏN

1964-cü ilin fevral ayının son günlərində dahi Nizami yurdu olan qədim Gəncəbasarda dünyaya gəlmişəm. 1981-ci ildə M.Qorki adına 1 saylı orta məktəbi (hazırda İsmət Qayıbovun adını daşıyır) qızıl medalla, 1988-ci ildə N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun (indiki Azərbaycan Tibb Universiteti) II müalicə-profilaktika fakültəsini bitirmişəm. Bir fəal kimi təhsil illərində Tələbə Elmi Cəmiyyətinin üzvü olmuşam. Qədirli adına Hövzə-klinik xəstəxanasında interna keçəndən sonra təyinatla 13 saylı Birləşmiş şəhər Xəstəxanasının II poliklinikasına sahə həkimi kimi göndərilmişəm. Uzun illər Həkimləri Təkmilləşdirmə İnstitutunda həm müəllim, həm həkim kimi fəaliyyət göstərmişəm. Jurnalistikaya, qələmə olan məhəbbət mənimlə daima qoşa addımlayıb. Etiraf edim ki, jurnalistika əsas ixtisasımdan bir addım öndə olsa da, həkim olduğumu heç zaman unutmamışan. Uzun illər müqəddəs Məkkə ziyarətinə həkim kimi göndərilmişəm. Bu gün belə, həkim kimi mənə müraciət edənlərdən məsləhətimi, yardımımı əsirgəmirəm, çünki mən Azərbaycan həkimiyəm.

AİLƏ

Ata, ana və iki qız övladından ibarət bir ailənin ilk övladıyam. Əslimiz Borçalı mahalının Sarvan (Marneuli) rayonuna bağlıdı. İxtisasca iqtisadçı olan atam Abbas Hüseynov Qasımlı, anam Zemfira Hüseynova Sadaxlı kəndindən olub. Anam müəllimə olsa da, atam ona işləməyə icazə verməyib. Çox mehriban bir ailədə böyümüşəm. Hər həftə sonu biz Borçalıya gedərdik, hətta mən məktəbə gedənə qədər Gəncədə doğulduğumu bilmirdim. Aşıq sənətinin vurğunu olan atam sazı mənə də sevdirə bilmişdi. Qəribə bir qayda qoymuşdu atam. Hər dəfə Borçalıya gedəndə, mütləq Səməd Vurğunun Mənzil-Muzeyini ziyarət edərdik və sonra yolumuza rəvan olardıq. Oradan sonra atam maşını idarə etməyi ya mənə, ya da bacıma verərdi. Maşın sürməyi özü öyrətmişdi bizə. Deyərdi: birdən yolda halım dəyişər, öyrənin ki, mənzil başına çata bilək. Anam həlim bir qadın idi. Hər gün evimizdə on beş nəfərlik xörək bişərdi. Deyərdim ki, ay ana, dörd nəfərik, amma hər gün bu qədər yemək bişirirsən sonra da qonşulara paylayırsan. Anamın o cavabı ömürlük qulağımda sırğa olaraq qalıb: qızım, Bakıdan Borçalıya gedən də, ordan qayıdan da, mütləq bizim evdə ayaq saxlayacaq. Qonağı ac saxlamaq bizlərdə ayıbdı. Həqiqətən də onun dediyi kimi olardı. Ağlım kəsəndən atamı hamıya kömək edən, yıxılana dayaq olan biri kimi görmüşəm və heç kəs onun yanından əliboş qayıtmazdı. Kömək edə bilməyəndə, mütləq maddi yardım göstərərdi. Bu gün atamdan qalan bu əməli davam edə bilirəmsə, xoşbəxt övladam və: “Sağ əlin verdiyini sol əl bilməməlidi” kəlamını heç vaxt unutmuram, çünki bir Hacı xanımam. Atam kimi iqtisadçı olan məndən kiçik bacım Tahirə Gəncədə yaşayır.

YOL

Mənə həmişə elə gəlib ki, əynimdə ağ xalat, əlimdə qələm bu dünyaya gəlmişəm. Tələbəlik illərində Təkmilləşdirmə İnstitutunda İctimai İxtisaslar fakültəsində xüsusi jurnalistika kursu keçib bu ixtisasa yiyələndim. İlk yazdığım “Göygöl” şeiri o zaman “Kirovabad kommunisti” qəzetində dərc olunub və bu yaxınlarda əlimə keçən həmin qəzet məni uzaq illərin qonağı etdi. Mənim savadlı jurnalistlərdən öyrənmək kimi bir şansım oldu. İlk gəldiyim “Səhər” qəzetində Məzahir Süleymanzadə, Hidayət Elvüsal, Mahir Süleymanov, Knyaz Aslan kimi peşəkarlardan qəzetçiliyi öyrəndim. Bir müddətdən sonra öz qəzetimi təsis etdim. Doğma Borçalı qəzetimizin də, jurnalın da adına çevrildi. Yaradıcılıq eşqi bu yolla yürüməyimdə həmişə təkanım olub. Bir yerdə dayanmaq xarakterimə ziddi və əlimə sevərək aldığım qələmlə uzun, ağlıma gəlməyəcək qədər ağır bir yolun yolçusu olacağımı düşünə belə bilməzdim.

AĞRI

Ölkədə vəziyyət qarışanda içimdə bir təlatümlə yaşayırdım və bunu təkcə özüm bilirdim. 1990-cı ilin yanvar ayının 19-u idi. O zaman 13 saylı Birləşmiş şəhər Xəstəxanasının poliklinikasında çalışırdım. İkinci növbədə olduğumdan saat 8-ə qədər yerimdə olmalı idim. İş vaxtının qurtarmağına on dəqiqə qalmış baş həkim gəlib dedi ki, bu gün qalmalısan, hadisələr gözlənilir. Xəstəxana 20-ci sahə deyilən ərazidə yerləşirdi. İki yaşlı oğlum Talehi dayədən götürüb işə qayıtdım və evə xəbər verildi ki, vəziyyətlə əlaqədar xəstəxanada qalmalıyam. Axşam saat 9-10 arası oğlumu yatırmağa getdim və az keçməmiş məni çağırdılar ki, Badamdar sahəsində insanlar toplaşıb, hər an nə isə ola bilər. Cərrahiyyə otağı hazır vəziyyətə gətirilmişdi, çünki tanklar artıq şəhərə daxil olmuşdu. Və artıq ilk yaralılar daxil olmağa başladı. Rus ordusu əliyalın insanlarımıza divan tutmuşdu. Yaralıları xilas etmək mümkün deyildi, biz ancaq yaraları tikməklə məşğul idik. Gördüklərim bir dəhşət idi, Səhiyyə Nazirliyindən isə bizə susmaq əmri verilmişdi. İndi hər şeyi söyləmək mümkün olduğu zaman, daxili sarsıntı yaşayıram. Körpə oğlumla birlikdə üç gün növbədə qaldım və yalnız şəhidlərin dəfnində iştirak etmək üçün xəstəxanadan çıxa bildim. Bu üç gündə yaralılara da kömək etdim, təcili tibbi çağırışa da getdim, maşının atəşə tutulduğu həyəcanı da yaşadım. Yaşananlar azmış kimi iki ildən sonra Xocalı faciəsi bizə dağ çəkdi, özü də fevralın 26-sı – ad günümdə. Həmin gecə yuxuda gördüm ki, aşsüzən dolu nar veriblər mənə. Narları bir-bir kəsib içinə baxıram və dənələri böyük olanları yeyirəm. Yedikcə isə ağzımın kənarından qan damır. Narahat halda oyanıb inanclı tanışım bir xanıma zəng vurub yuxunu danışdım. Soruşdu ki, nar çox idi? Dedim çox idi və demək olar ki, hamısını yedim. Eşitdiyim: “Azadə, çoxlu insan öləcək” cavabına görə ona acığım belə tutdu. Bir az sonra isə Xocalı harayı Azərbaycanı bürüdü. O vaxtdan uşaq kimi ad günü keçirməyi sevən mənim üçün düz 28 ildi bu tarix qan yaddaşıma çevrilib, özümü Xocalıdan olan biri kimi hiss edirəm. Biz ötən ilin payızında elə bir qələbə qazandıq ki, bütün dünyanı silkələdi. Lakin Xocalı hələ də mənim üçün əlçatmaz olaraq qalıb. Qələbəmizdən sonra Allahdan dilədim ki, bu ad günümdə Xocalıda qurban kəsim. Görünür hələ vaxtı deyil, amma o zamanın gələcəyinə əminəm. Və o vaxtdan etibarən şəhidlər mənim yaradıcılığımın və təbliğatımın əsas mövzusu oldu. Harada olmağımdan asılı olmayaraq Azərbaycanımı təbliğ etməkdən nə usanacaq, nə də bu yoldan geri çəkiləcəyəm. 2002-ci ildə Azərbaycandan on bir nəfər həkimi Fransaya Ümumbioloqların simpoziumuna apardılar. Gedəndə özümlə “Xocalı harayı”, “Qarabağ bizimdir”, “Qarabağ ürəyimizdir” adlı 1600 ədəd ingilis dilində plakat hazırlayıb apardım. Xırdalıqlara varmaq istəmirəm, lakin mən o plakatları Kann şəhərində kinofestivalların keçirildiyi sarayda yaymağa nail oldum. Böyük təhlükə ilə üzləşməyimə baxmayaraq, bunu bacardım. O plakatları İtaliyanın San-Remo şəhərində gül kollarının üzərinə qoymaqla, səsimizin eşidilməsinə çalışdım və əlimdə qalan son altı plakatı Vətənə qayıdarkən Paris aeroportunun oturacaqlarına sancaqladım. Polislə üz-üzə gəlməyimə rəğmən, erməni adlı ünsürü ayağımın altına yıxmaq gücünə belə, bunu etdim. 90-cı ildən bu yana mən azadlığımız uğrunda bir əsgərə çevrilmişəm – həm qələmimlə, həm əməllərimlə. Xocalı sakinləri mənə o qədər doğmadı ki, çox vaxt mənim ordan olduğumu zənn edirlər. Xocalıdan sonuncu çıxan İcra Hakimiyyətinin müavini Şöhrət Həsənovun ailəsinin bir üzvünə çevrilmişəm. Bütün əhalini çıxararaq, sonda Xocalını tərk edən və düşmən gülləsinə tuş gələn bu insanı yazdığım poemanın qəhrəmanına çevirdim. Bu ağrını, bu acını ovutmaq üçün bacardığım hər şeyə əl atdım və sonda anladım ki, ayağım o torpağa dəyənə qədər rahat ola bilməyəcəyəm. İnanıram ki, Ali Baş Komandanım o günü mənə nəsib edəcək.

JURNALİST

Heç vaxt qələmdən nə yoruldum, nə də usandım. Qələm olmasa, gecələrim səhəri açmaz. Gecələri çox sevirəm, çünki gündüzlər gördüyüm eybəcərliklər orada yoxdu. Səhərə yol gələn bir neçə saatlıq zaman kəsiyində yaradıcılığımla daha çox baş-başa qala bilirəm. Hərdən özümə sual verirəm – Azadə, nə edə bilmisən? İstər elmi sahədə, istər ictimai fəaliyyətdə, istər yaradıcılıqda düşünürəm ki, xidmət göstərə bilmişəm. Bir patentin və səmərələşdirici təklifin, iki metodik tövsiyənin, 60-a qədər elmi məqalənin, bir dərsliyin və 34 kitabın müəllifiyəm. On səkkiz il rəhbərliyim altında yol gələn “Qafqaz Media” İctimai Birliyi 500-ə yaxın tədbir keçirib ki, bunun böyük qismi xeyriyyəçiliklə bağlıdı. Dünyanın 32 ölkəsində Vətənimi təmsil etmişəm, 20-dək xarici dövlətlərin diplomları ilə mükafatlanmışam. Şeirlərim dünyanın 16-a yaxın Ədəbiyyat antologiyalarına daxil edilib. Əsərlərim bir çox dillərə – rus, ingilis, gürcü, alman, özbək, ərəb, fars dillərinə tərcümə olunub. Harada olmuşamsa, Azərbaycan və azərbaycançılıq naminə haqq səsimi yüksəltməkdən qorxmamışam. Etiraf edim ki, şəhid mövzusunu qələmə almaq hər yazara nəsib olmur. Son illər yazdıqlarım sırf şəhidlərlə bağlıdı, çünki bu mövzu içimə bir rahatlıq gətirir. Ümumi şəhidlər haqqında ayrı, yeddi şəhidin adına ayrı poemalar yazmışam. 40-a qədər şəhidin adını anaraq onlara yazılar yazıb, şeirlər həsr etmişəm. Hazırda şəhidlərimizin ruhunu şad edəcək yeni bir kitabımı Novruz əfəsində oxuculara təqdim etməyə tələsirəm. Bir arzum da var ki, hər şəhid anasının ürəyinə su səpəcək kitablar ərsəyə gətirə bilim, çünki şəhidlər öləndə yox, unudulanda ölür. Əgər qələmimdən çıxan hər əsərdə bir şəhid yaşayacaqsa, xoş mənim halıma.

MEDİA

Bugünkü jurnalistikadan razı deyiləm. Təməlini Həsən bəy Zərdabinin qoyduğu saf jurnalistikanın nüfuzuna iyrənc əməllərilə xələl gətirənlər az olmadı və təəssüf ki, qələmi müqəddəs bilən vicdanlı jurnalistlərlə eyni yolda yürüməyi bacardılar. Vicdan anlayışından uzaq, jurnalistikadan bixəbər insanlar əlinə qələm aldıqdan sonra mətbuatda anarxiya yarada bildilər. Hər hansı bir mətbu orqanının rəhbəri yoldan ötənə jurnalist vəsiqəsi verəndə, nə gözləmək olardı ki? 1998-ci ildə Ulu Öndər mətbuatın üzərindən senzuranı götürməklə, daxildə olan ünsürlər öz xəyanətini ustalıqla işə sala bildi. Adını eşidib, mahiyyətini anlamayanlar sarı mətbuatla fəaliyyətə başladı. Tənqidi təhqirə qatdı, qələmi şantaja çevirdi, insanların zəif damarına basmaqla heysiyyəti, mənəviyyatı ilə oynamağa başladılar. Təəssüf ki, şərəfini pula satanlar yetişdi, qələmi dəyərdən salanlar ayaq açsa da, nə yaxşı ki, uzağa gedə bilmədilər. Prezident İlham Əliyevin sərəncamı ilə ilin əvvəlində yaradılan Medianın İnkişafı Agentliyindən isə gözləntilərimiz çoxdu.

VƏTƏN

…İyirmi il Məkkə ziyarətinin arzusunda olmuşam və Tanrı bu yolu on dəfə mənə nəsib edib. Hər yeni ziyarətdə Həcərül-əsvəd daşına əl vurmaq həsrətini çəkmişəm. 2008-ci ildə Əməkdar jurnalist Rəşid Faxralı da bizim köməkliyimizlə ziyarətə getmişdi. Məndən soruşdu ki, daşa əl vura bilmisən? Yox deməyə utandım və bildirdim ki, yenə də toxunmaq istərdim, gəl, bir cəhd edək. Rəşid arıq cüssəsi ilə o kütlədə əzilsə də, sıxılsa da, mənə Həcərül-əsvəd daşına əl vurub öpməyə kömək etdi. Ordan ayrılandan sonra soruşdu ki, nə hiss etdin? Dedim ki, ata həsrəti idimi, ana nəvazişi idimi bilmirəm, amma hiss etdiyim pıçıltı ilə üzümə dəyən Ləbbeyk sözü oldu. Vətən mənim üçün o müqəddəs Həcərül-əsvəd daşıdı.

HƏMKAR

Bir dəfə atamla yaxın dost olan Nəriman Həsənzadə bir çay süfrəsi arxasında jurnalistikadan söz düşəndə dedi ki, yaramaz jurnalistlərin sayı artıb, lakin sən onlardan ola bilməzsən, ona görə ki, Hippokrat andı içmisən və heç vaxt birini şikəst edib pul qazanmazsan.

Rəhbərlik etdiyim təşkilatda da, saytda da ətrafımda gənclər çoxdu. Ümumiyyətlə gənclərlə işləmək mənə xoşdu. Hər il Gənclər günündə “Qafqaz Media” İctimai Birliyinin təsis etdiyi diplom, medal, döş nişanları ilə onları sevindirir və bundan böyük həzz alıram. Sağlam gənclik istəyiriksə, onları həvəsləndirməyi bacarmalıyıq. Mənə kömək üçün müraciət edənləri heç vaxt əliboş qaytarmamışam. İmkanım daxilində olmasa da, sözümə etimad edən dostlarım həmişə var. Vaxtilə artıq haqq dünyasında uyuyan, həkim-nevropotoloq olan dayım qızı Zeynəb Mehdiyeva mənə dayaq olub, kömək edib. Həyatda mənə dəstək olanları heç vaxt unutmuram. Həmişə istəmişəm ki, həyatda hər kəs layiq olduğu yerdə, mövqedə olsun. Bugünkü saf gəncliyin bir istəyi var – irəliləmək. Bunun üçün Azərbaycanda həm imkan var, həm də şərait. Bu istiqamətdə fəal iş aparan həmkarlarımız çoxdu və arzu edərdim ki, yaşından asılı olmayaraq, qələminə sadiq qalan jurnalistlərimiz layiqli qiymətini alsın. Xocalı öz adını 28 ildi ki, taleyimə bağlayıb və bu, artıq ömürlük bir yol-yoldaşı olub mənə. Nə qədər çalışsam da, bu günü ömrümdən silə bilmərəm. Hər il bu tarixi Xocalıda olmaq arzusu ilə səbirsizliklə gözləmişəm. Tarixi qələbəmizdən bəri ümid etmişəm ki, nəhayət o günü görəcəyəm. Azərbaycanın ən yaxın dostu, havadarı, ölkə rəhbərinin qardaşı Rəcəb Tayyib Ərdoğanın da ad gününün bu tarixdə olduğunu bildiyimdən, xəyal qurmuşdum ki, türkün böyük dostu həmin günü Xocalıda qeyd edəcək. Lakin Prezidentimizin dediyi kimi, nəyi nə vaxt, nə zaman edəcəyini özü bilir. Bildiyim odu ki, illərdi gəlişini arzulamadığım bu tarixi bir günü Xocalıda mütləq qeyd edəcəyəm, bax, o zaman, dünyaya yenidən gəlişim olacaq. Tanrıma hədsiz bağlı bir insanam və həmişə də özümü Allahın sevimli bəndəsi sanmışam, çünki Rəbbim istədiyimi məndən əsirgəməyib. Lakin nədənsə alnıma amansız bir qədər yazmaqla, həyat mənimlə çox amansız bir oyun oynadı, məni təklədi, tərki-dünya etdi. Cəmi on ayın içində əvvəl həyat yoldaşımı, daha sonra yegənə oğlum Talehi 32 yaşında itirdim. Heç vaxt üsyankar biri olmamışam. Həyat yoldaşım Cavanşir Vahabov ölkə başçımız İlham Əliyevlə sinif yoldaşı olub. O, xəstə yatanda da, dünyadan köçəndə əli ailəmizin üstündə oldu. Dövlət başçımıza bu diqqət və qayğıya görə təşəkkürüm sonsuzdu. Cavanşirdən sonra söykənə biləcəyım, mənə həm oğul, həm qardaş olan bir tək Taleh qaldı. O da mənim növbəmi qabaqlayıb, bir göz qırpımında uçub getdi. Mən onun çiyinlərində getməli olduğum halda, Taleh mənə övlad acısı yaşatdı, qardaş dağı çəkdi. Təsəlli verənlər də oldu, irad bildirənlər də. Tanrının hökmünə qarşı çıxmaq nə həddimədi, vaxtsız ölümün, yarımçıq qalmış arzuların ağrısını çəkirəm. Çox kövrək qəlb sahibi idi Taleh, son qəpiyini belə, verib kimisə sevindirməyi bacarırdı. Etdiyi yaxşılıqları əsla dilinə gətirməzdi. Biləni bildim, bilmədiklərimin bir qismi ölümündən sonra aşikar oldu, bir qismini də özü ilə apardı. Yas günlərində tanımadığım bir qadın gəlib xeyli göz yaşı tökəndən sonra titrək səslə əlindəki zərfi mənə uzadıb dedi ki, Azadə xanım, mən bankdan yalnız iki min manat götürə bildim. Çox narahat oldum. Məlum oldu ki, bu qadının ağır vəziyyətdə olan oğluna təcili ürək əməliyyatı lazım imiş. Hardan və necə öyrəndiyini bilmədim, əslində bunun bir önəmi də yox idi artıq. Taleh maşınını satıb lazım olan məbləği o ailəyə verib ki, oğlanı xilas etsinlər. Mən isə: “Taleh, maşının hanı” soruşanda, bir cavab almışdım: “Ana, borcum vardı, satıb onu bağladım”. Vəssalam. Bircə onu dedim ki, Talehin etdiyi əməllər haqq dünyasındakı sorğu-sualların cavabıdı, heç birimizin haqqı yoxdu ki, ona xələl gətirsin. Aparın pulu qaytarın ki, üstünüzdə qalmasın. Həmin ailə ilə indi də əlaqə saxlayıram, Talehin həyatını xilas etdiyi oğlan artıq ayaqdadı. Yoldaşım bəlli bir xəstəliklə haqq dünyasına qovuşdu, oğlumun qəfil ölümü dünyamı alt-üst etdi. Tovuz hadisələrindən sonra könüllü olaraq orduya yazılmışdı, hər an getməyə hazır idi. Mən qəti əminəm ki, bu Vətən müharibəsində Taleh mütləq iştirak edəcəkdi və onu bir şəhid zənn edib özümü bu təsəlli ilə ovuduram. Anamın adını daşıyan yegənə qızı Zemfira ilə bağlı çox arzuları vardı. Onun Ankarada təhsil almasını istəyirdi, orada ev belə behləmişdi. Nə qədər ayaqdayam onun özü ilə apardığı arzuları gerçəkləşdirməyə borcluyam. Onlarsız sevdiyim bu şəhər mənə o qədər dar gəlir ki indi… Canımı belə qurban verməyə hazır olduğum bu Vətəni tərk etməyə hazırlaşsam da, harada olmağımın heç bir önəmi yoxdu… Mən əməllərimlə, gördüyüm işlərlə, qələmimlə, haqq səsimlə olduğum, tanındığım Azadə kimi də qalacam. Sadəcə bir atanın övladı ilə bağlı həyata keçirə bilmədiyi arzuların arxasınca gedirəm. Həmkarlarıma bir həkim kimi sağlamlıq, Cəlaləddin Ruminin dililə göründüyü kimi olub, olduğu kimi görünməyi arzu edirəm.

QIRX DÖRD GÜN

İllərlə iradlara, tənələrə, istehzalara tuş gələn Vətənimlə həmişə fəxr etmişəm, onun haqq səsini yaymaqdan usanmamışam, çünki inanmışam ki, qəhrəmanlar yetişdirən bu torpağın intiqamı yaman olacaq. Bəli, biz itirdik, insanlarımız qırıldı, qaçqın, məcburi köçkün həyatı yaşadı, içimizdən olan xainlərin arxadan vurduğu zərbəyə məruz qaldıq, daha nələr, nələr… Bunların hamısı oldu. Lakin itirdiyimiz bu illər ərzində yavaş-yavaş hər sahədə güclü bir Azərbaycan yetişməyə başladı. Nə Ulu Öndər, nə onun yolunu qətiyyətlə davam edən ölkə başçımız heç vaxt Qarabağ itkisi ilə barışmayacaqlarını hər zaman ən uca tribunalardan bəyan etdi. Buna inanmayıb, ağız büzənlər isə çox oldu. Və sonda otuz il gözləyən, düşmən tapdağı altında əzilən, darmadağın edilən, qəhrəmanlarını gözləyən torpaqlar bir göz qırpımında alındı. Bəli, 30 ilin müqabilində 44 gün bir göz qırpımı idi. Tarix indiyədək belə bir müharibə müddəti görməmişdi. Muğamı dinləmək üçün ölkənin Birinci vitse-prezidentini istehza ilə Qarabağa “dəvət” edən Vaçikin qızı Anna bir də gördü ki, Mehriban Əliyeva artıq öz torpağında çox rahat gəzir, üstəlik muğamları da dinləyir. Tarixi ədaləti bərqərar edən, qətiyyəti, iradəsi, düşünülmüş addımı ilə düşməni diz çökdürən bu dövlətin Ali Baş Komandanı, xalqın lideri İlham Əliyev həm daxildə, həm xaricdə olan ağızları susdurdu. Və üçrəngli bayrağımızın tezliklə Xankəndi, Xocalı və Xocəvənddə də dalğalanacağına əminəm.

SÖZ ARDI

Vətəndaş, ziyalı, vətənpərvər, xeyriyyəçi, qadın və dərd yükü daşıyan ana… Bu adlar Azadə xanımla qoşa addımlayır. Acısını içində boğmağa çalışsa da, qəmli çöhrəsi, nəmli gözləri bunu gizlədə bilmirdi. Bir tək Vətən, Azərbaycan adı çəkiləndə bu çöhrəyə işıq gəlirdi. Sabah – fevralın 26-sı Azadə xanımın ad günüdü. Həmişə sevinclə qeyd etdiyi bu günü 28 ildi ki, unudub, onun gəlişini istəmir, çünki arzusu hələ ki, ürəyində qalıb. Azadə xanım, bir atalar məsəli var: “Yüzə dözən, yüz birə də dözər”. Dediyiniz kimi Allahın sevimli bəndəsi olmusuz həmişə. Tanrı isə sevimli bəndəsini gözlətsə də, onu naümid etməyib heç zaman. Sizi ürəkdən təbrik edir, ünvanımıza söylədiyiniz isti, səmimi sözlərə görə minnətdarlığımı bildirir və deyirəm – Xocalıda görüşənədək.

Tamilla TEYMURQIZI

Oxşar Xəbərlər