Bu gün Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində jurnalist Əsgər İbrahimovun müəllifi olduğu “Həyat Hekayəsi” verilişinin növbəti buraxılışı efirə gedib.
QİA.az xəbər verir ki, “Erməni kəndləri ilə digər kəndləri məqsədli şəkildə birləşdirirdilər” adlı veriliş Qərbi Azərbaycanın Zəngəzur mahalının, Qarakilsə (Sisian) rayonunun, Sofulu kənd sakini Əlövsət Quliyevin həyat hekayəsinə həsr olunub.
O, doğulduğu, boya-başa çatdığı kəndin təbiətindən, orada keçirdiyi uşaqlıq, orta məktəb, gənclik illərindən, toy və milli oyunlardan danışıb:
“Biz Zəngəzur sıra dağlarının ətəyində idik. Uşaqlıqda oranı qarış-qarış at belində gəzmişəm. Kəndimizin toylarında qara zurnanın səsi bütün dağlara düşürdü”.
Onun sözlərinə görə, 1918-ci illərdə Andranikin dəstələri Hortagiz kəndini xarabalıqlara çevirib, dağıdıblar:
“Kəndin hər tərəfini mühasirəyə alıb bir yerdən çıxış qoyublar ki, guya oradan çıxsınlar. O tərəfdən isə onları öldürüblər. Babamgil bizə danışırdılar ki, o vaxt Sofulu kəndinə də ermənilər hücum ediblər. 1901-1908-ci illərdə bir köç olub, 1918-ci ildə təkrar hücum ediblər. Əmim qundaqda uşaq kimi Naxçıvana gedib, sonra yenidən qayıdıblar. Kəndlərdən bizim xalçaları ermənilər oğurlayıblar. Erməninin etibarı yoxdur. Biz 11-ci sinifdə oxuyanda artıq təbəqələşmə gördük. Məktəbə gedirdik, ermənilər yolda balaca uşaqları öyrədirdilər ki, bizə daş atsınlar. Biz də uşağa nəsə edəndə, divarın dalından çıxıb bizə hücum edirdilər ki, uşağı niyə vurursan. Bax, bu cür həyasız metodlar edirdilər”.
Ə.Quliyev deyib ki, 1972-1973-cü illərdən sonra kənddə şagirdlərin sayı tədricən azalırdı, 1980-ci illərdə siniflərə uşaq çatmırdı:
“İşıqlar, Qızıl-Şəfəq, Sofulu, Murxuz kəndlərini bir sovxoz elədilər. Ondan sonra erməni kəndi ilə digər kəndləri birləşdirdilər və düşünülmüş formada bizim deportasiya 1960-cı illərin sonunda başladı. Orta məktəblərdə erməni dilini qadağan etdilər, təyinat alıb gələn azərbaycanlıları qoymurdular”.
O, doğma yurda qayıtmağı çox istədiyini də söyləyib:
“İnsan harada doğulubsa, ora qayıtmalıdır. Əzizlərinin qəbirləri, ruhları oradadır. O ruhlar bizi hər an narahat edir. Torpaq, Vətən itirmiş adamların daxilində həmişə bir niskil var. Mən o yerləri eşindədə kövrəlirəm, gərginləşirəm, yaşıdlarım, itirdiklərim yadıma düşür. Əminəm ki, torpağı olmayan ermənilər gec-tez Azərbaycan torpağından gedəcəklər. Zəngəzur dəhlizi də açılacaq. Biz Bakıdan öz maşınlarımızla Qarakilsəyə, Göyçəyə gedəcəyik. Həmin bulaqlar, dağlar, çaylar bizi gözləyir. Öz yurdlarımızda bizim gənclərimiz ev də tikəcək, yurd da salacaqlar”.
Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.
Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir.
Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.