Qərbi Azərbaycan Xronikası: “Qonşu bizə dedi ki, babanızın evinə ermənilər hücum ediblər”

Bu gün Baku TV-də Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində jurnalist Əsgər İbrahimovun müəllifi olduğu “Həyat Hekayəsi” verilişinin növbəti buraxılışı efirə gedib.

“Biz qışda hokkey oynamaq üçün İrəvanda küçələri sulayardıq” buraxılış qədim İrəvan şəhər sakini Tamerlan Əliyevin həyat hekayəsinə həsr olunub.

O, uşaqlıq, məktəb illərinin İrəvan şəhərində keçdiyini, uşaq baxçasını, orta məktəbi orada bitirdiyini deyib:

“Bir sinifdə 40 şagird oxuyurdu. 10-cu sinfi qurtaranda isə 20 nəfər bitirmişik. Bu azalmanın əsas səbəbləri azərbaycanlıların köçürülməsi ilə bağlı  qərarın qəbul edilməsi və insanların mənən sıxışdırılması idi”.

O, uşaqlıq illərinin heç vaxt yaddan çıxmadığını, məhəllədə yay və qış vaxtlarında oynadıqları oyunları xarırladıb, xəyalından  müəllimələrini heç vaxt çıxmadığını söyləyib:

“M.F.Axundov adına 9 nömrəli məktəbin müəllimləri çox güclü olublar. O məktəb və müəllimlər İrəvan ziyalılarının yaranmasında, formalaşmasında çox böyük rol oynayıb. Bizim orada yaşadığımız evin indi 100 yaşı var.

T.Əliyev və bütün Qərbi Azərbaycan torpaqlarında yaşayan azərbaycanlılar sovet hakimiyyəti dövründə İrəvandan iki-üç dəfə deportasiyaya uğrayıblar:

“1948-1953-cü illər deportasiyası zamanı institutları bağlamışdılar. Qərbi Azərbaycanın başqa yerlərində camaatı yük vaqonlarına doldurub Kür çayı ətrafına köçürmüşdülər. Sonra azərbaycanlıların bəziləri geri qayıtmışdı.

Mən1987-ci ildə İrəvanda öz evimizə qeydiyyata düşmək istədim. Lakin müəyyən səbəblər, arqumentlər gətirərək məni qeydiyyata salmadılar. Mənim valideynlərim isə 1988-ci ilə qədər həmin o evdə, o yurdda yaşayıblar”.

O, İrəvanda son deportasiya zamanı evlərini dəyişmək üçün doğma şəhərə qayıtdığını deyib:

“Bu hadisələr başlayanda evləri dəyişdirmək istəyirdik. Onda evlə məşğul olurdum və mən bu evlə əlaqədar İrəvana qayıtmışdım. İrəvanda qaldığım zaman babamgil də, qonşular da oradan köçməmişdilər. Gecə yatmışdıq qonşu gəlib bizi oyatdı ki, təcili durun, sizin babanızın evinə ermənilər hücum ediblər. O zaman evdə mən, atam və anam idi, qalanlar isə Bakıda qalırdılar. Atam məni qaçırdı, dedi ki, sən cavansan, ola bilər səni vurub edərlər. Həmin gün mənim yadımdan çıxmayacaq. Ondan sonra İrəvanda heç bir azərbaycanlı qalmadı”.

Hər il üç-dörd dəfə İrəvana getdiyini, ermənilərin Toxmaqgöl qəbiristanlığını 1988-ci ilə qədər yerlə-yeksan etdiyini, doğma Vətən həsrətilə yaşamağın çətin olduğunu söyləyən T.Əliyev öz yurduna qayıtmaq istədiyini bildirib:

“İstəyərəm öz yurduma qayıdam. Mən orada anadan olmuşam. Mənim uşaqlığım orada keçib, o abu-hava ilə böyümüşəm. Bunu yaddan çıxarmaq olarmı?! Babalarım, nənələrim Toxmaqgöl qəbiristanlığında dəfn olunublar. Otuz beş ildir ana yurdumu hər ay yuxumda görürəm. O həsrət heç vaxt – ölənə qədər yaddan çıxa bilməz”.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Oxşar Xəbərlər