Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində jurnalist Əsgər İbrahimovun müəllifliyi ilə Baku TV-də “Zəngəzur mahalının ən qədim kəndi – Ağvan” adlı süjet hazırlanıb.
Bugünkü süjetdə xüsusi plan əsasında adı dəyişdirilən Ağbaba, Ağbaş, Ağvan, Ağqala toponimləri, Ağbaba, Ağvəng, Ağqaya oronimləri haqqında söz açılır.
Bildirilib ki, azərbaycanlıların qədim tarixini əks etdirən yaşayış məskənlərinin, yer-yurd adlarının yadlaşdırılması bütün zamanlarda ermənilərin xüsusi planları əsasında reallaşdırılıb.
Ağbaba – Ağbaba mahalının Amasiya və Qızıl Qoç rayonlarını əhatə edən nahiyə olub və burada əhalinin 90 faizini azərbaycanlılar təşkil edib. 1930-cu ildə Ağbaba nahiyəsi ləğv edilib, onun əsasında Amasiya və Qızılqoç, yəni Qukasyan rayonları yaradılıb.
Ağbaba-Ağbaba mahalının Amasiya rayonunda kənd olub və xarabalığa çevrilib. Toponim “ağbaba” quş adı əsasında formalaşıb.
Ağbaba – Ağbaba və Şörəyel mahalları ərazisində, Qızılqoç, indiki Qukasyan rayonu ərazisində dağ adıdır.
Ağbaş – Loru mahalının Allahverdi, yəni Tumanyan rayonunda qışlaq olub və 1930-cu illərdə ləğv edilib. Toponim Ağbaş türk tayfasının adı əsasında formalaşıb.
Ağvan – Zəngəzur mahalının Qafan rayonunda kənd adıdır. Erməni mənbələrində alban etnonimi “ağvan” formasında işlənir.
Ağvənd – Dərələyəz mahalının Keşişkənd, yəni Yeğenadzor rayonunda qala olub. “Ağ” sözü qədim türk dilində həm də kiçik mənasında, vəng isə “abidə, möhkəm abidə” mənasında işlənir.
Ağqaya – Kiçik Qafqaz sıra dağlarında dağ adıdır. Göyçə, yəni Sevan gölünün şərqində yerləşir.
Ağqaya – Göyçə mahalının Kəvər, yəni Kamo rayonunda kənd olub. Kənddə 1831-ci ildən 1916-cı ilədək yalnız azərbaycanlılar yaşayıb. 1918-ci ildə azərbaycanlılar kənddən ermənilər tərəfindən qırğınlarla qovulduqdan sonra bura Türkiyədən köçürülən ermənilər yerləşdirilib. İndiki Ermənistanda Sovet hökuməti qurulandan sonra sağ qalan azərbaycanlılar geri qayıdıblar. Sonralar azərbaycanlıları sıxışdırıb çıxarmaq məqsədilə Ağqala kəndi ilə Əyrivəng kəndi birləşdirilib və azərbaycanlılar 1988-ci ildə deportasiya ediliblər. Kəndin adı ərazidəki albanlara məxsus ağ rəngli qaladan götürülüb. Ermənistan Prezidentinin 1991-ci il 19 aprel tarixli fərmanı ilə kəndin adı dəyişdirilib Berdkunk, yəni Qala yeri qoyulub.
Sonda vurğulanıb ki, ermənilərin toponim oyunbazlığı hiyləgər siyasət əsasında dövlət səviyyəsində həyata keçirilib: “Təbii ki, mənfur qonşularımız nə qədər oyunbazlıq etsə də, reallıqlar dəyişmir. Reallıq isə odur ki, azərbaycanlılar öz tarixi torpaqlarına – Qərbi Azərbaycana qayıdacaq və əbədi varlığını bir daha sübut edəcək”.
Ümumiyyətlə, Qərbi Azərbaycana aid toponimlərin, oykonim, oronim və hidronimlərin öyrənilməsi və təbliği günümüzün reallığı olmaqla yanaşı, gələcək nəsillərin doğma yurd-yuvamıza sahib çıxması baxımından çox böyük məna və əhəmiyyət daşıyır. Çünki bunlar yerli xalqın tarixini, etnoqrafiyasını, coğrafiyasını əks etdirir.
Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.
Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir.
Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.