Beynəlxalq siyasi sistemdə baş verən transformasiya Qafqaz regionundakı vəziyyətə də təsirsiz ötüşməyib. Qafqaza yalnız regionun deyil, eyni zamanda, qlobal güclərin, o cümlədən Rusiyanın da marağı artıb.
QİA.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə “Ритм Евразии” analitik saytında dərc olunan materialda bildirilib.
Yazıda diqqətə çatdırılır ki, Qafqaz Rusiyanın xarici siyasətində həmişə prioritet istiqamətlərdən biri hesab olunub. Bu baxımdan Rusiya Prezidenti Vladimir Putinin Azərbaycana dövlət səfəri xüsusi əhəmiyyət kəsb edir.
Qeyd olunub ki, Rusiya Prezidenti Azərbaycana 7 dəfə səfər edib. Bundan başqa hər iki ölkənin lideri beynəlxalq platformalar çərçivəsində çoxsaylı görüşlər keçiriblər. Budəfəki səfər ərəfəsində Rusiya Prezidentinin mətbuat xidmətindən bildiriblər ki, hər iki dövlət arasında Azərbaycan-Ermənistan sülh müqaviləsinin imzalanması, sərhədin demarkasiya və delimitasiyası, nəqliyyat-logistika və qarşılıqlı faydalı iqtisadi əlaqələrin inkişafı məsələləri müzakirə ediləcək. Bunlarla yanaşı, Prezident Vladimir Putin ilə Prezident İlham Əliyev regional və qlobal məsələlər ətrafında fikir mübadiləsi aparacaqlar. Rəsmi açıqlamadan başqa Vladimir Putinin Azərbaycana səfərinin səbəbləri barədə müxtəlif qeyri-dəqiq fikirlər irəli sürüldü ki, bunlar da özünü doğrultmadı.
Avqustun 18-də Bakıya səfər edən Rusiya Prezidenti Vladimir Putin Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva tərəfindən yüksək səviyyədə qarşılandı. Səhəri gün Rusiya Prezidenti Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət etdi. Sonra Vladimir Putin, köməkçisi Yuri Uşakov, Baş nazirin müavini Aliksey Overçuk, xarici işlər naziri Serqey Lavrov Azərbaycan Prezidentinin iqamətgahına gələrək qarşılıqlı əməkdaşlıq əlaqələrinin inkişafı barədə danışıqlar apardılar.
Hər iki dövlət başçısının mətbuata verdikləri bəyanatdan aydın oldu ki, qarşılıqlı münasibətlərdə böyük irəliləyiş müşahidə olunur və 2022-ci ilin fevralında Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında imzalanan Bəyannamənin bəndlərinə tərəflər əməl edirlər. Prezident İlham Əliyev bildirdi ki, Azərbaycan ilə Rusiya nəqliyyat, energetika, humanitar sahələrdə əməkdaşlıq edir və bu səfər qarşılıqlı münasibətlərin inkişafı üçün səmərəli olacaq.
Vladimir Putin isə nəzərə çatdırdı ki, hər iki dövlət energetika, nəqliyyat, kooperasiya, yüngül sənaye sahələrində yaxın əməkdaşlıq əlaqələrinə malikdirlər. Rusiya Azərbaycan iqtisadiyyatına 4 milyard rubl həcmində investisiya yatırıb və ölkədə Rusiya kapitalına əsaslanan 1200 müəssisə fəaliyyət göstərir. Rusiya Prezidenti, həmçinin rus dilinə göstərilən yüksək münasibətə görə Azərbaycana təşəkkürünü bildirib.
Materialda diqqətə çatdırılıb ki, görüşün əsas məqamı regionda təhlükəsizlik məsələsinin müzakirəsi olub. Ukrayna istiqamətində yaranan çətinliklərə baxmayaraq Rusiya Cənubi Qafqazı diqqətdən kənarda saxlamaq fikrində deyil. Vladimir Putin bildirdi ki, son dövrlər baş verən hadisələr Rusiyanın Cənubi Qafqazdakı proseslərə qatılması zərurətini yaradıb. Azərbaycan ilə Ermənistan arasında sülh müqaviləsinin imzalanması və sərhədin demarkasiyası Rusiya üçün şad xəbər olar. Rusiya Prezidenti onu da bildirib ki, Azərbaycandakı danışıqlar barəsində Ermənistanın baş naziri Nikol Paşinyana məlumat verəcək.
Materialda, həmçinin qeyd olunub ki, səfər çərçivəsində dövlətlər arasında bir sıra əhəmiyyətli sənədlər imzalanıb. Bunlar da perspektivdə iqtisadi, siyasi, mədəni, ekoloji sahələrdə əməkdaşlıq əlaqələrinin inkişafına stimul yaradacaq. Vurğulanıb ki, Qərbin Azərbaycana təzyiqlərinə baxmayaraq rəsmi Bakı yaxın qonşusu ilə konfrontasiyaya getmək istəmir, əksinə əlaqələrini inkişaf etdirmək yolunu tutub. Bu isə praqmatik siyasi xəttin davam etdirilməsidir.
Prezident Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevi münasib olduğu vaxtda Rusiyaya səfərə dəvət edib.