Türkiyə “Qalatasaray”ında baş məşqçi Fatih Terimin taleyinin bəlli olmaması klubun transfer planlarını alt-üst edib.
“QİA.az” “Milliyet”ə istinadən xəbər verir ki, İstanbul təmsilçisində 12 futbolçunun müqaviləsi başa çatır.
“Sarı-qırmızılar”da icarə əsasında çıxış edən Halil Dervişoğlu, Gedson Fernandeş, Marselo Saraççi və Oqenekaro Etebo ilə yollar ayrılıb.
Digər tərəfdən, icarəyə götürülmüş Henri Onyekurunun “sonradan uzadıla bilməsi şərti ilə” maddəsindən istifadə edilib-edilməyəcəyi bəlli deyil.
Komandada Arda Turan, Rayan Donk, Ömər Bayram, Martin Linnes, Şener Özbayraklı, Emre Akbaba və Emre Taşdemirin sözləşmələri mayın 31-də bitir. Bu futbolçuların da hər hansı biri ilə bağlı qərar verilməyib.
Qeyd edək ki, “Qalatasaray” çempionatın sonunda “Beşiktaş” qədər – 84 xal toplasa da, top fərqinə görə çempionluğu əldən verib.