“Qalatasaray” Klubunun İdarə Heyətinin üzvü Ali Yüce istefa verib.
QİA.az “Haber Global”a istinadən xəbər verir ki, bu barədə o, sosial şəbəkə hesabından açıqlama verib.
Yüce açıqlamasında 25 may 2024-cü ildə keçirilən seçkidə klub prezidenti Dursun Özbekin dəvəti ilə İdarə Heyətinə daxil olmağı qəbul etdiyini qeyd edib.
“Seçildiyimiz gündən bu yana “Qalatasaray”ın mənafeləri istiqamətində üzərimə düşən bütün məsuliyyətləri yerinə yetirməyə çalışdım. Vəzifədə olduğum müddət ərzində ictimaiyyətimizin gündəmini və gözləntilərini diqqətlə izləyib İdarə Heyəti iclaslarında dilə gətirməyə səy göstərdim. Lakin bu səyi göstərdiyim müddətdə idarəetmə anlayışı və qərar qəbuletmə proseslərindəki ciddi fikir ayrılıqları səbəbindən bir yol ayrıcına gəldiyimi gördüm”, – Ali Yüce yazıb.
Yüce, həmçinin “qara bazar”da bilet satışı iddiaları ilə əlaqədar klubun rəsmi hesablarından dünən edilən açıqlamaya diqqət çəkib.
“Klubumuza böyük bir nüfuz və maddi qazanc gətirəcək olan Çempionlar Liqası pley-off cavab oyunumuza saatlar qalmış, rəsmi hesabımızdan paylaşılan açıqlamanın üsulu və vaxtı, şəxsən mənim qərar qəbul etməyimi zəruri etdi. Bu gündən etibarən “Qalatasaray” İdman Klubunun İdarə Heyəti üzvlüyü vəzifəmdən istefa etmiş oluram”, – o bildirib.