ADA Universitetinin və Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin birgə təşkilatçılığı və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirak ilə “Qarabağ: 30 ildən sonra evə dönüş. Nailiyyətlər və çətinliklər” Forumu keçirilib.
30 ölkəni təmsil edən 60 xarici ekspertin qatıldığı forum çərçivəsində ADA Universiteti, Azərbaycan Respublikasının Gənclər Fondu və Azərbaycanlı Tələbələr və Məzunlar Platformasının (ASAP) birgə təşkilatçılığı ilə “ Qarabağın dirçəlişində gənclərin rolu” mövzusunda Gənclər konfransı da baş tutub.
Konfransda ADA Universitetinin prorektoru Fariz İsmayılzadə, Azərbaycan Respublikasının Gənclər Fondunun İcraçı direktoru vəzifəsini icra edən Qədir Xəlilov və ASAP-ın İcraçı direktoru Sevda Mansurova açılış nitqi ilə çıxış ediblər.
Bildirilib ki, 30 ilə yaxın düşmən işğalında olan tarixi torpaqlarımızda xalqımız üçün müqəddəs olan bir çox tarixi və mədəniyyət abidələri dağıdılıb və ya ciddi şəkildə zədələnib. Bu səbəblə abidələrin tezliklə bərpası məsələsi Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən dərhal gündəmə gətirildi. Qarabağda işğalçılar tərəfindən dağıdılmış tarixi abidələrin bərpası işğaldan azad edilmiş regionların yenidən qurulmasında prioritet istiqamətlərdəndir.
Daha sonra Forumda iştirak edən Türkiyə, İtaliya, Böyük Britaniya, Belçika, Gürcüstan, Xorvatiya, İsveçrə və başqa ölkələrdən olan ekspertlər tərəfindən gənclərin sualları cavablandırılıb.
Ekspertlər tərəfindən gənclərlə Qarabağda aparılan yenidənqurma işləri ilə yanaşı, mədəni irsin və tarixi abidələrin bərpası yönündə görülən işlər, Qarabağ İqtisadi rayonu üzrə növbəti illər üzrə hədəflər, Böyük Qayıdış nəticəsində Qarabağa qayıdan yerli əhali üçün məşğulluq sahəsində görülən tədbirlər barədə müzakirələr aparılıb.