“Qarabağ” akademiyasının meneceri Nail Kərimov və koordinatoru Aftandil Hacıyev “Dinamo” – “Qarabağ” oyunu çərçivəsində Zaqrebə səfər zamanı meydan sahibi klubdan olan həmkarları ilə görüşlər keçiriblər.
QİA.az Ağdam təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, “Dinamo” akademiyasının direktoru İvo Miliç, U-15-U-19 komandalarının koordinatoru Mariyan Çayiç, fiziki hazırlıq üzrə departamentin rəhbəri Frano Leko və məlumat bazasının idarəçisi Antonio Şişiçin iştirakı ilə keçirilən görüşdə akademiyaların strukturu, fəlsəfəsi, oyun tərzi, prinsipləri haqqında müzakirələr aparılıb.
Zaqreb “Dinamo”sunun son illərdə yetişdirdiyi futbolçuların keçdiyi yol, klubun həmin futbolçulara verdiyi dəstək, çatışmayan cəhətlərinin inkişafı və sair barədə məlumat verən İvo Miliç daha sonra klubun nümayəndələrinə akademiyanın meydançaları, inzibati binaları, istifadə edilən məlumat bazası, videoanaliz və digər proqramlarla bağlı ətraflı məlumat verib. Frano Leko ötən mövsümdən etibarən fiziki hazırlığa ciddi önəm verdiklərini və nəticəsini qısa müddətdə gördüklərini bildirib.
“Qarabağ”ın U-19 komandasının “Dinamo”nun təşkil etdiyi beynəlxalq turnirdə mümkün iştirakı müzakirə olunub.